SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mədəni vərdişlərin formalaşmasında valideynlərin rolu

Mədəni vərdişlərin formalaşmasında valideynlərin rolu
10-10-2019, 15:21

Uşaq şəxsiyyətin formalaşmasında çoxsaylı amillər rol oynayır. İrsən əldə edilmiş xüsusiyyətlərlə yanaşı makro və mikro mühitin, təlim və tərbiyə prosesinin uşaq şəxsiyyətinə təsir imkanları genişdir. Məlumdur ki, bu gün tərbiyə edilən kiçikyaşlı məktəbli və ya yeniyetmə gələçəkdə müəllim, həkim, mühəndis, təyyarəçi, alim, hüquqşünas kimi yetişəçək, öz xalqına, ölkəsinə xidmət edəçəkdir. Böyüməkdə olan nəsillərin peşə qabiliyyətlərinin formalaşması ilə yanaşı onlarda fəal həyat mövqeyi ruhunu formalaşdırmaq işində mədəni vərdişlər xüsusi əhəmiyyətə malikdir.
Tanınmış sosioloq Parsonzun fikrincə, içtimai olmaq yaşadığı mühitə hakim olan mədəniyyətə yiyələnməkdir. Başqa bir tərifə əsasən isə, içtimai ol-maq, içtimaiyyətdə mövqe tutmaq üçün bir sıra mədəni vərdişlərə yiyələnmək gərəkdir. Bu vərdişlərin formalaşmasında valideynlərin üzərinə mühüm vəzifələr düşür.
Ailədə mədəni vərdişlərin tərbiyəsi heç də çətin iş deyildir, lakin bu işin asan olması valideynlərin diqqətindən asılıdır. Həmçinin bu iş onların pedaqoji vəzifəsidir.
Valideynlərin özləri qəzet, kitab oxumurlarsa, teatra, yaxud kinoya getmirlərsə, sərgilərlə, muzeylərlə maraqlanmırlarsa, öz-özünə aydındır ki, belə ailədə uşağa mədəni tərbiyə vermək olduqca çətin məsələdir.
Mədəni vərdişlər tərbiyəsi yalnız şüurlu surətdə təşkil olunduqda, müəyyən planla, düzgün üsul və nəzarətlə müşayət edildikdə faydalı olar.
Əksinə, o ailədə ki, valideynlər özləri fəal mədəni həyat sürürlər, qəzet və kitab məişətin zəruri ünsürüdür, teatr və kino məsələləri, gəzintilər hamını maraqlandırır, belə ailədə hətta valideynlər ilk baxışda mədəni vərdişlər tərbiyəsi haqqında düşünməsələr də mədəni vərdişlər tərbiyəsi özünü mütləq göstərəcəkdir.
Mədəni vərdişlərin formalaşmasında şifahi xalq ədəbiyyatı nümunələri ilə tanışlıq, bədii ədəbiyyatın oxunması, musiqi və nəğmə, təsviri incəsənət, qəzet və kitablar, muzeylər və sərgilər, kino və teatr tamaşaları, informasiya kommunikasiya texnologiyalarından istifadə xüsusi rola malikdir. Bu nümunələrin bir neçəsinə diqqət yetirək.
Yaxşı söylənilən nağıl özü artıq mədəni vərdişlər tərbiyəsinin başlanğıcıdır. Çox yaxşı olar ki, hər ailənin kitab rəfində nağıllar toplusu olsun. Kiçik yaşlı uşaqlara danışmaq üçün bir çox nağılları ixtisar etmək, sadələşdirmək, həmin nağılları tam başa düşüləsi hala salmaq lazımdır. Valideynlər özləri də hələ uşaq vaxtı eşitdikləri nağıllardan danışa bilərlər. Çalışmaq lazımdır ki, seçilən nağıl istər uşaq, istərsə də böyüklər tərəfindən ifadəli oxunsun və ya söylənsin. Mətnin xarakterinə uyğun şəkildə oxunulan və ya danışılan əhvalatın təsiri uzun müddət adamın xatirində qalır. Məhz bu şəkildə danışılan nağıldan bəhs edərək M.Qorki 1934-cü ildə yazırdı ki: “Nənəmin sözlərinin qanadlandırıcı şənliyi hələ bu günə qədər yadımdan çıxmamışdır”.
Uşağın görüş dairəsini inkişaf etdirmək və həyat haqqında onun təsəvvürlərini genişləndirmək üçün təsviri incəsənətin özünə məxsus yeri vardır. Uşaqlar təsviri yaradıcılıq fəaliyyətinə, xüsusən rəsmə, dekorativ işlərə və yapışdırma işlərinə lap erkən yaşdan maraq göstərirlər. Əllərinə plastilin, gil, mum və sair düşən kimi onlar bundan müxtəlif fiqurlar (göbələk, armud, heyvan fiqurları və s.) qayırmağa səy edirlər, yaxud kağız və karandaş tapan kimi şəkil çəkməyə və ya ona müxtəlif bəzək vurmağa başlayırlar. Ata-analar arasında elələri var ki, özləri hiss etmədən uşaqlarında təsviri yaradıcılıq işlərinə olan bu həvəsi söndürürlər.
Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, uşaqların təfəkkürü obrazlı və konkret səciyyə daşıdığından onlarda rəsmə, şəklə, dekorativ işlərə, qurmaq və yapışdırmaq işlərinə, tikişə və s. maraqlı olur. Məhz elə məktəbəqədər mərhələdən valideyn bu marağı hər vəchlə artırmalıdır. Bunun üçün o, uşağa rəngli karandaş, şəkil dəftəri, albom, akvarel boya, fırça, plastilin və s. almalı, təsviri yaradıcılıqla məşğul olması üçün ona müvafiq yer ayırmalı və uşağın işlərinə nəzarət etməlidir. Çəkmək üçün uşaqlara tanış və maraqlı mövzular təklif olunmalıdır ki, bu mövzular onlarda sevinc doğursun. Həmin məqsədlə uşağa dövlət atrubutlarını əks etdirən nümunələr, yaşadığı mühitdəki müxtəlif mənzərələrin, şəhər və kəndlərdəki quruculuq işlərinin, məktəb həyətinin, oyun meydançasının, cay kənarlarının və s. yerlərin şəklini çəkməsi məsləhət görülə bilər.
Kitablardakı illüstrasiyalar, şəkil sərgiləri və başqa mənbələr də uşağı rəsmə həvəsləndirmək və təsviri sənətin bu növündəki gözəlliyi dərk etdirmək nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Odur ki, uşağa belə illüstrasiyalar göstərmək, mümkün olan yerdə onu şəkil sərgilərinə aparmaq, ayrı-ayrı rəssamların çəkdiyi şəkilləri ona göstərmək və bu şəkillər ətrafında müvafiq söhbətlər aparmaq vacibdir.

Kitablar mədəni vərdişi formalaşdıran amillərdəndir. Hər bir ailə uşaqda kitaba, bədii ədəbiyyata maraq yaratmalı və təşkil etməlidir. Təcrübə göstərir ki, təxminən 3 yaşdan etibarən uşaq kitabı sevməyə başlayır. Onu əvvəlcə kitabdakı şəkillər maraqlandırır. Sonralar uşaq böyükləri həvəslə dinləyir. 5-6 yaşlardan başlayaraq uşaqların kitaba və ifadəli qiraətə marağı daha da artır. Bu yaşda onlar kitab oxumağı ailənin yaşlı üzvlərindən tez-tez xahiş edirlər. Uşaq savad kəsb etdikdə özü kitabları həvəslə oxumağa başlayır. Valideynin borcu uşağın mütaliəsini düzgün istiqamətləndirmək və ona nəzarət etməkdir.
Bəzən uşağın əlinə onun yaşına və anlaq səviyyəsinə uyğun olmayan, yaxud naturalist səpgidə yazılan kitablar düşür. Uşağın tərbiyəsinə pis təsir göstərə bilən belə kitabları onlara vermək yaramaz. Uşağa elə kitablar oxutdurmaq lazımdır ki, bu kitab onun yaşına və inkişaf səviyyəsinə uyğun olsun, eyni zamanda həm bədii, həm də ideya-siyasi cəhətdən yüksək olsun, uşağa bilik verməklə yanaşı, onda nəcib hisslər oyatmağa da qadir olsun.
Məktəbəqədər yaşlı uşaqlar qısa şeirlərə və nağıllara daha böyük maraq göstərdiklərindən onlara “Uşaq və buz” (M.Ə.Sabir), “Şəngül, şüngül, məngül” (M.Müşfiq), “Heyvanların yuxusu” (R.Rza), “Dovşanın ad günü” (X. Əlibəyli), “Bib-bib” (T.Əliyev) və s. əsərləri, şifahi xalq yaradıcılığının müvafiq nümunələrini oxumaq olar. Məktəbyaşlı uşaqlar üçün oxunulması məsləhət görülən kitablara gəldikdə isə bu barədə müəllimlər və kitabxanaçıladan lazımi məsləhət almaq olar. Uşaqda bədii ədəbiyyata məhəbbət tərbiyə etmək üçün ata-ana uşaqlra kitabdan parçalar oxumalı, uşağa başa salmalıdırlar ki, gözəl kitab adamı mədəni və ləyaqətli olmağa öyrədir, insanın hiss və zövqünü inkişaf etdirir. Uşaq bilməlidir ki, böyük yazıçı, alim, mütəfəkkir və digər ziyalıların çoxu bədii əsərləri yüksək qiymətləndirmiş və kiçik yaşlarından kitablara xüsusi həvəs göstərmişlər. Məsələn, M.Qorki kitabı yer üzünün ən böyük və sirli xariqələrindən biri adlandıraraq yazır ki, “məndəki bütün yaxşı cəhətlərə görə kitablara minnətdaram... kitablar mənim ağlımı və qəlbimi qanadlandırdı... kitablar olmasaydı, mən səfehlik və alçaqlıq içində qərq olardım, kitablar mənim universitetlərimdir”.
Atalar sözləri və zərb məsəllərdə deyilir ki, kitab xəstəyə şəfa, yolçuya yoldaş, intizarlıya təsəllidir; kitabsız ağıl qanadsız quşdur; kitab evin birinci bəzəyi, ev yiyəsinin mədəniyyətinin əlamətidir; kitab biliklər dünyasına və xəyal aləminə körpüdür və s. Bu müdrik fikirləri uşaqlara çatdırmaqla uşağı inandırmaq lazımdır ki, “mədəni insan tərbiyə etmək işinə iki qüvvə hər şeydən yaxşı təsir göstərir: incəsənət və elm. Bu qüvvələrin hər ikisi kitabda birləşmişdir”. Odur ki, kitabı sevmək, ondan öyrənmək və öyrənilən şeyləri həyata tətbiq etmək lazımdır.
Bəzən ailənin və məktəbin buraxdığı pedaqoji səhv nəticəsində kitab oxumağı sevməyən uşaqlar olur. Belə uşaqlarda mütaliəyə həvəs doğurmaqdan ötrü uzunmüddətli iş aparmaq lazım gəlir. Valideyn belə uşaqlarla maraqlı hekayə və kitabları birgə oxumalı, birgə oxunmuş kitabın ardını oxumağı isə uşağa tapşırmalıdır. Sonra həmin kitabın məzmunu haqqında onunla söhbət etməlidir.
Uşağın yaşına və səviyyəsinə ən çox müvafiq olan iri hərflərlə çap olunmuş və çox şəkilli kitablar almaq lazımdır. Uşaq bu kitabları oxuya bilməsə də, hər halda bu kitablar onda mütaliəyə maraq oyadar və savad öyrənməyin cətinliklərini aradan qaldırmaq həvəsi yaradar. Elmi bilikləri əldə etməyə başlayan kiçik yaşlı məktəblinin həyatında qəzet, kitab, teatr, kino və başqa mədəni ictimai hadisələr məhz bu dövrdə böyük əhəmiyyət kəsb edir.
Kitabla tanış olmaq da ucadan oxumaqla başlanmalıdır. Uşaqda müstəqil kitab oxumağa həvəs bu kimi vərdişlər formalaşdıra bilər. Uşağın müstəqil qiraə-tini, xüsusilə böyük yaşda, əsas etibarilə məktəb yönəldir. Lakin bu qiraətə valideynlərin nəzarət etməsi daha çox fayda verə bilər. Bu məqsədlə aşağıdakı məsələlərə diqqət yetirilməlidir:
a) valideyn uşağın kitab seçməsinə nəzarət etməlidir.
b) valideyn uşağın kitabı necə oxuduğunu bilməlidir. Bəzi uşaqlar kitabın mənasını dərk etmədən sürətlə oxuyub qurtarırlar. Heç bir idraki gərginlik sərf etmədən onun yalnız zahiri cəhətdən maraqlı olan yerlərini fabulasını izləyirlər. Bundan uşağı çəkindirmək lazımdır.
c) uşağı kitabla ehtiyatlı, səliqəli rəftar etməyə alışdırmaq lazımdır.
Kino və teatrdan istifadə də gözəl və yüksək tərbiyə vasitəsidir. İstər kino, istərsə də teatr özünün konkretliyi ilə, bədii tərtibatı və musiqisi ilə, bədii sözlərlə təsir göstərərək uşağa gözəllikləri dərk etməyi öyrədir, onun estetik mühakiməsini və zövqünü inkişaf etdirir. Kino və teatrda (xüsusən uşaqlar üçün nəzərdə tutulmuş kino və teatrda) aktyorun oyunu uşağın anlaya biləcəyi konkret və canlı obraz yaradır. Əsərin musiqisi, hissələri arasındakı əlaqə və başqa tərkib ünsürləri bu obrazı daha da tamamlayır. Nəticədə həmin obraz özünün bədii təsir qüvvəsi ilə uşağın düşüncəsinə hakim kəsilir, gələcək həyat yolunu müəyyənləşdirməkdə ona kömək edir. Əbəs deyil ki, uşaqlar baxdıqları filmin və ya teatrın qəhrəmanlarını çox zaman təqlid edir, özlərini həyatda onlar kimi aparmağa çalışırlar. Baxdıqları səhnə əsərləri və kinolar uşağı fikirləşməyə, gözəl olan şeyi çirkindən ayırmağa təhrik edir, onu özünü müxtəlif formada göstərən hər cür yaramazlıq və eybəcərliyə qarşı nifrət ruhunda yetişdirir. Buna görə də valideynlər övladlarının tərbiyəsi işində kino və teatrlardan istifadə etməlidirlər.
Kino və teatr tamaşalarının uşaqlar tərəfindən yaxşı qavranılmasını təmin etməkdən ötrü valideynlər müəyyən işlər görməlidirlər. Hər şeydən əvvəl, onlar teatr və kino zalında neə davranmağın lazım olduğunu uşağa öyrətməlidirlər: teatr və kinoya vaxtında, həm də səliqəli və təmiz geyimdə getmək, salonda səs-küy salmamaq, bir yerdən başqa yerə qaçmamaq, tamaşanı və ya filmi diqqətlə dinləmək və s. bu kimi məsələləri uşağa başa salmaq lazımdır.
Kinoya və ya teatr tamaşasına (eləcə də evdə televizorla verilən kinolara) baxdıqdan sonra uşaqların iştirakı ilə həmin tamaşa və ya film “müzakirə” edilməlidir. Bu məqsədlə uşaqlara aşağıdakı suallar verilə bilər: “Gördüyün tamaşada sənə daha çox xoş gələn nə oldu?”, “Hansı aktyor daha yaxşı oynayırdı?”, “Əsərin musiqisi və səhnə tərtibatı necə idi?”, “Tamaşa səndə nə kimi fikir və hisslər doğurdu?” və s. Bu suallara cavab verərkən uşaq istər-istəməz əsər haqqında rollar və onları ifa edənlər haqqında, səhnə bəzəyi və musiqi haqqında, tamaşanı yaradan kollektivin işi haqqında öz fikir və mülahizələrini bildirəcəkdir. Bu fikir və mülahizələrdə səhvlər olduqda valideyn onları düzəltməlidir.
Valideynlər uşağın hansı kino və teatra göndərilməsinə, eləcə də evdə televizor və kompüter vasitəsilə hansı filmlərə baxmasına da nəzarət etməli, uşaq üçün münasib olub-olmamasına mütləq diqqət yetirməlidirlər.
Muzeylər və sərgilər də tərbiyə prosesinə müstəsna dərəcədə kömək göstərir. O uşaqların yaradıcı şəxsiyyət kimi işləyib yaşamasına, mədəniyyət, elm, siyasi-mənəvi ideallara bağlı olmasına şərait yaradır, təkcə öz həyatı ilə yox, digər böyük mütəfəkkirlərin həyat amalları ilə yaşamasına kömək edir. Bu sferada qurmaq, yaratmaq arzusu, marağı başlıca amal, ideya kimi təzahür edir. Yaşadığımız zaman mədəniyyət, təhsil, tərbiyə problemlərinə yeni yanaşma tərzi diqtə edir ki, bunun da əsasında insanın əxlaqi-mənəvi yaradıcılığı durur.
Muzey və sərgilər uşaqların bir sıra təlim-tərbiyə vəzifələrinin həyata keçirilməsinə geniş imkanlar açır. Həmin vəzifələri aşağıdakı kimi müəyyənləşdirmək olar:
• şəxsiyyətin yaradıcılıq inkişafı ahəngdarlığını təmin etmək;
• milli ideologiyanı formalaşdırmaq;
• ənənələri qorumaq, milli-mənəvi dəyərləri mühafizə etmək, əsl vətəndaş kimi vətənpərvərlik ruhunda tərbiyə olunmaq;
• müxtəlif tarixi dövrləri dərk etməyi, öz zəmanəsi ilə əlaqələndirmək bacarıqları formalaşdırmaq;
• böyük şəxsiyyətlərin əməl və fikirlərini anlamaq, tarixi hadisələrin mahiyyətinə varmaq, tarixən formalaşmış milli-mənəvi dəyərləri dərindən duymaq və s.
Mədəni vərdişlərin formalaşmasına xidmət edən bu nümunələr yetişməkdə olan uşaq şəxsiyyətinin formalaşmasına bilavasitə təsir edir. Mədəni vərdişlərin təşkili və həyata keçirilməsi işinə valideynlər diqqət yetirməli, övladlarını düzgün istiqamətləndirməyi bacarmalıdırlar.


Lalə Allahverdiyeva
Naxçıvan Müəllimlər İnstitutunun
Pedaqogika və psixologiya kafedrasının dosenti,
Pedaqogika üzrə fəlsəfə doktoru

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031