SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yuxarı sinif şagirdlərinin peşə seçimində müəllimlik peşəsini sevdirmək və onları bu peşəyə istiqamətləndirmək

Yuxarı sinif şagirdlərinin peşə seçimində müəllimlik peşəsini sevdirmək və onları bu peşəyə istiqamətləndirmək
3-10-2019, 21:30

Peşə nədir, ixtisas nədir? Maraqlıdır ki, bunlar bəzən mübahisəyə səbəb olur, bəzən eyniləşdirilir, bəzən də tamam fərqli cəhətlərə malik anlamlar kimi izah olunur. Azərbaycan dilinin izahlı lüğətində peşə – sənət, iş, məşğuliyyət kimi, ixtisas — elmin, texnikanın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi, xüsusi hazırlıq nəticəsində əldə edilmiş bilik, sənət, peşə kimi xarakterizə edilir. Peşə daha geniş anlayışdır. Ixtisas isə peşənin nisbətən dar, daha konkret bir sahəsi üzrə olan məşğuliyyət növünə deyilir. Məsələn müəllim, həkim, mühəndis peşələrdir, tarix müəllimi, kardioloq, avtomobil mühəndisi isə ixtisaslardır. Peşə insana fərəh gətirməli, seçdiyi peşə sahəsində çalışmaq hər kəsə mənəvi zövq və başqalarına da fayda verməlidir. Peşə təkcə vasitə yox, zəruri ehtiyacdır. Bu ehtiyacın təmin olunması insanı bir çox cəhətdən — həm mənəvi, həm də maddi tərəfdən təmin etmiş olur. Elə bu əhəmiyyətinə görə bütün görkəmli şəxsiyyətlər, aqil adamlar, müdriklər peşə, sənət seçməyə, insanın müəyyən bir sənətə yiyələnməsinə böyük əhəmiyyət vermiş və onu həyatda ən böyük var—dövlət hesab etmişlər. Qeyd edək ki, peşə seçimi düzgün olduqda, insanın zövqünə, biliyinə, bacarıq və qabiliyyətinə, imkanlarına müvafiq gəldikdə o həmişə öz işindən, çəkdiyi zəhmətdən zövq alır. İşini sevir, onu həvəslə, zövqlə icra edir. Bu seçim düzgün aparılmadıqda isə insan həmişə özündən, öz peşə və ixtisasından narazı qalır. Ya bütün həyatı boyu bu narazılıqlar içərisində yaşayır, ya da peşə və ixtisas sahəsini dəyişmək, başqa sahələrə üz tutmaq məcburiyyətində qalır. Bu isə əlavə vaxt və vəsait itgisi, əlavə çətinliklərlə qarşılaşmaq deməkdir. Peşə seçiminə ciddi yanaşılmalıdır. Buna görə də o elmi şəkildə həll edilməlidir.
Yuxarı sinif şagirdlərinin peşə seçimində müəllimlik peşəsinə istiqamətləndirilməsi və bu peşə ilə bağlı maarifləndirici söhbətlərin aparılması diqqət ediləsi məqamlardan olmalıdır.
Müəllimlik peşəsinə istiqamətlədirmək üçün müxtəlif üsul və vasitələrindən istifadə edilir. Bunlar aşağıdakı kimi təsnif olunur:
1. Müəllimlik peşəsi haqqında söhbətlər aparılmalı
2. Şəxsi sənəd və materilların öyrənilməsi, müəllimin, ailə üzvlərinin və tanışların rəyi və xarakteristikası göstərilməli
3. Fərdin imkanlarının, meyl və maraqlarının aşkarlanması və müəllim olmaq istəyi ilə bağlı müsahibə və intervülərin aparılmalı
4. Bu peşə ilə bağlı mütəxəssis hazırlayan müəssisələr barədə məlumat verilməli
5. Müəllimlik peşəsinin müsbət keyfiyyətləri qeyd olunmalı
Pedaqoji peşənin-müəllimlik peşəsinin özünəməxsus etikası, müəyyən əxlaqi-etik tələbləri və xüsusiyyətləri şagirdlərə çatdırılmalıdır. Burada müəllimin şəxsi nümunəsi də vacibdir. Belə ki, böyüyən nəslin milli zəmin, türkçülük, islam əxlaqı və ümumbəşəri dəyərlər əsasında tərbiyə edilməsi, onlarda milli mənlik şüurunun formalaşdırılması baxımından da gələcək müəllimlər pedaqoji etikanın bütün incəliklərinə yiyələnməli, müəyyən əxlaqi-etik tələbləri və xüsusiyyətləri bilməlidirlər. “Peşə etikası” geniş anlayışdır. Buna pedaqoji etika, tibbi etika, məhkəmə etikası, mühəndis etikası, alim etikası, aktyor etikası və s. daxildir. Peşə etikası dedikdə, əsasən, əxlaqın prinsip və normalarının müxtəlif peşə sahələrinin xüsusiyyətlərinə uyğun olaraq düzgün, konkret tətbiqi nəzərdə tutulur. Müəllimlik peşəsinin özünə məxsus etikası, müəyyən əxlaqi-etik tələbləri və xüsusiyyətləri vardır. Pedaqoji lüğətdə göstərilir ki, bütöv pedaqoji proses şəraitində əxlaqın (mənəviyyatın) fəaliyyət spesifikasını əks etdirən etikanın tərkib hisəsi; müəllimin əxlaqi fəaliyyətinin aspektləri barədə elmdir. Pedaqoji etikanın predmeti müəllimin düşüncə, davranış, münasibət və fəaliyyətində əxlaqının əks olunmasıdır. Pedaqoji etika müəllimlik peşəsinin ictimai təbiətindən irəli gələn humanizm, yüksək mədəniyyət, nəzakət, qayğıkeşlik, nikbinlik və xeyirxahlıq tələblərini həmişə gözləməli və təmin etməlidir. Pedaqoji etika müəllimin dərsdə, tərbiyə prosesində və ümumiyyətlə, hər yerdə, həmişə adamlarla münasibətdə hadisələrə yüksək nikbinliklə baxmasını, ədalətli və nəzakətli hərəkət etməyi, insanlara qayğı və hörmətlə yanaşmasını nəzərdə tutur. Müəllim bütün mənəvi münasibətlərdə öz nümunəvi rəftarı ilə yüksək mövqedə duran tərbiyəçidir. Bu incəliklər göstərilməli, şagirdlərə aşılanmalı və müəllimlik peşəsi sevdirilməlidir.
Ulu öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək bildirir: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq"
Müəllimlik peşəsini seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə almaq lazımdır. Pedaqoji sahəyə həvəsli olan hər bir şagird müəllimin qabiliyyətləri ilə tanış olmalıdır ki, bunların da sırasında didaktik qabiliyyət, ünsiyyət, təşkilatçılıq, yaradıcılıq və emosianal qabiliyyətlər mühüm yer tutur. Müəllimin ilk öncə akademik savada malik olmağı, hərtərəfli və geniş biliyi, dövrünün nailiyyətləri barədə informasiyası, təlimə tətbiq olunan texnikalarla işləmək qabiliyyətləri, kompüter bilikləri və bu bilikləri öyrətmək ustalığı olmalıdır. Onun şəxsi həyatı, insanlarla rəftarı və ünsiyyəti şagirdləri üçün nümunə olmalıdır. Burada Şəms Təbrizinin bu dəyərli fikrini eyd etmək lazımdır “Müəllimlik... sözü ona görə xoşa gələn, könülə yatan və ürək oxşayandır ki, o, azdırıcı yox, yol göstərici, çaşdırıcı yox, öyrədicidir”.
Yuxarı sinif şagirdlərinin müəllim olmağa, bu peşəni sevməyə istiqamətləndirmək üçün respublikamızda fəaliyyət götərən universitetlər barədə də məlumat verilməlidir. Bunu da qeyd edək ki, ölkəmizdə müəllim hazırlığı ilə bir çox universitetlər məşğuldur. Bu universitetlər içərisində bir çox uğurlara imza atmış Naxçıvan Müəllimlər İnstitutu abituriyentlərin ideal seçimi ola bilər.

Süleymanova Şəhla
Naxçıvan Müəllimlər İnstitutu
Pedaqogika və psixologiya kafedrasının müəllimi

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031