SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanı qarış-qarış gəzək-Qızdırma bulaq

Naxçıvanı qarış-qarış gəzək-Qızdırma bulaq
2-10-2019, 15:10

Səyahət insana pozitivlik, yeni emosiyalar bəxş edir, onun daxilini zənginləşdirir, onu inkişaf etdirir. Emile Zola qeyd edirdi ki, “Heç bir şey zəkanı səyahət qədər inkişaf etdirə bilməz.” Səyahət etməklə biz daxili dünyamızı kəşf edirik sanki. Yeni şeylər görür, yeni informasiyalar əldə edirik. Əgər sorğu aparsaq, böyük əksəriyyət respondentlərin səyahət və istirahət üçün ölkə xaricini üstün tutduğunu görəcəyik. Və yaxud da ki, maddi imkanın yoxluğunu əsas gətirərək evdə istirahət etmək məcburiyyətində qaldıqlarını.
Naxçıvanı qarış-qarış gəzək-Qızdırma bulaq
Lakin evdə oturmaq, sanki özünü kəşflərdən və sevincdən məhrum etmək, gözü bağlı yaşamaq deməkdir. Bu, bizi gündəlik həyatın adilikləri əhatəsində məkanı və zamanı qovuşduran yeni emosiyalar və azadlıq hissindən məhrum edir. Naxçıvanın görməli yerlərindən xəbərdar olanadək təbii ki, mən də bu iki variant arasında idim. Muxtar Respublikamızın ərazisində yerləşən bir neçə məşhur yerləri gəzməklə Naxçıvanın yalnız bundan ibarət olduğu düşüncəsində nə qədər çox yanıldığımın şahidi oldum. Çünki hər bir rayonda, hər bir kənddə Tanrının təbiətə bəxş etdiyi o qədər gözəlliklər mövcuddur ki, belə qənaətə gəldim ki, dünyanı gəzməyə elə Naxçıvandan başlamaq lazımdır. Doğrudur, planetimizi dərk etmək, dünyagörüşümüzü artırmaq üçün başqa ölkələrə üz tutmağımız mühümdür, lakin ecazkar təbiət mənzərələri elə öz yurdumuzda, lap bir neçə addımlığımızdadır. Böyük əminliklə deyə bilərəm ki, Naxçıvanda hər addımda yeni yerlər, yeni gözəlliklər, yeni macəralar kəşf edə biləcəyiniz məkanlar mövcuddur. Odur ki, NAXÇIVANI QARIŞ-QARIŞ GƏZƏK!
*** *** ***
Hər insanın mütləq bir inam yeri olmalıdır. Bu, fərddən fərdə dəyişən, hər hansı bir din, əşya, fikir və s. ola bilər. Bir çox insanların isə inam yeri dinə sığınmaqdır. Ümumiyyətlə, dinə inamı olan insanlar qarşısına çıxan bütün çətinliklərə dözə bilirlər. Bu baxımdan müxtəlif ziyarətgahlara və ocaqlara ziyarət edən insanlar ziyarətgahlardan müsbət enerji alırlar, hətta bəzən özləri həmin məkanları bu enerji ilə doldururlar və dualarının Tanrıya bir pillə daha tez çatacağına inanırlar.
Naxçıvanı qarış-qarış gəzək-Qızdırma bulaq
Bu inancın formalaşmasında qədim dövrlərə məxsus miflərin böyük rolu vardır. Uşaqlıqda tez-tez pirlərə, ocaqlara aparılan insanların şüuraltında bu məkanlar haqqında sanki bir proqram formalaşır və onlarda ziyarətgahlara inam yüksək olur. Lakin zaman keçdikcə təhsil və dünyagörüş belə insanların fikirlərini dəyişə bilir. Odur ki, inanc məsələsində insanın təhsil səviyyəsi, dünyagörüşü və böyüdüyü mühit yüksək təsirə malikdir.
İnanılan hər bir şey gələcəyə ümid verməlidir. Bəzi insanlara psixoloji seanslar rahatlıq bəxş edirsə, bəziləri bu rahatlığı ziyarətgahlara getməklə tapırlar. Əsas olan isə odur ki, insan dua etdikcə, inamı, ümidi daha da artır.
Belə ocaqlardan biri vaxtilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən Qarababa kəndində rastımıza çıxdı. Kiçk bir tarixi araşdırmasan məlum oldu ki, Şahbuz rayonunun ən qədim kəndlərindən biri olan Qarababa Naxçıvan çayının (Arazın qolu) sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kənd XIX əsrin əvvələrində Hümbət bəy adlı şəxsə məxsus olmuşdur. Onun atası Qarababa bəy əvvəlcə rəiyyəti ilə birgə Qarabağda yaşamışdır. Qarabağ xanı ilə münasibətləri pisləşdikdən sonra Naxçıvan zonasında məskunlaşaraq yaşayış məntəqəsi salmışdır. Kənd həmin bəyin adı ilə adlanmışdır. Hətta mənbələr göstərir ki, 1809-cu il mayın ortalarında Abbas Mirzə Qovanlı-Qacarın başçılıq etdiyi İran qoşunu ilə Rusiya imperiyası arasında baş verən döyüş məhz Qarababa kəndi ətrafında baş vermişdir. 2013-cü il Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Qarababa kəndi ləğv edilərək Şahbuz şəhərinin inzibati ərazisinə daxil edilmişdir.
Naxçıvanı qarış-qarış gəzək-Qızdırma bulaq
Həftə sonu səyahətlərimizdən birində bu bölgədə yerləşən möcüzəli və gözəl ocaq-bulaq diqqətimi cəb etdi, hətta mövzu olub yazılmaq üçün düşüncələrimi təhrik etdi. Qızdırma bulaq adlanan bu yer bəlkə də adicə bir bulaq kimi görünə bilər ilk baxışdan, lakin öz möcüzə dolu görüntüsü ilə insana ecazkar təsir bağışlayır. Yerli sakinlərin sözlərinə görə Qızdırma bulaq adının el arasında mifik bir tarixçəsi vardır. Belə ki, bir gün bir qadının övladı xəstələnir, qızdırması yüksəlir, həmin qadın nə qədər çarə edirsə, heç bir xeyri olmur. Qadın bu bulaqdan su doldurub övladına içirdikdən sonra uşaq şəfa taparaq sağalır. Elə o zamandan da bulaq Qızdırma bulaq adı ilə şəfaverici bulaq kimi insanların inanc mənbəyi olan yerlərdən birinə çevrilir.
İndi də insanlar Qızdırma suyundan çarə etməklə şəfa tapacaqlarına inanırlar. Xüsusilə bayram ərəfəsində bulağı ziyarət edir, ətrafda ucalan ağaclara və ortama mistik görüntü bəxş edən böyürtkən kollarına yaylıqlar bağlayır, bulağın kənarında şamlar yandırır və arzularının gerçəkləşməsi diləklərilə niyyətlər edirlər. Lakin adi günlərdə də bu məkana çox sayda insan gələrək şəfaverici qüvvəsinə inandıqları sudan doldurub aparır, niyyət edirlər, sağlamlıqlarına qovuşacaqları və arzularının gerçekləşəcəyi ümidlərilə.
Həmsöhbətimiz Əziz Quliyev bir məqamı da vurğuladı ki, bu ocağa turistik məqsədlə gələnlər də az deyil. Hər bir fəsli ayrı gözəlliyə malik olan Qarababaya qonaq gələnlər bu bulağı ziyarət etmədən getməzlər. Odur ki...
NAXÇIVANI QARIŞ-QARIŞ GƏZƏK!

Naxçıvanı qarış-qarış gəzək-Qızdırma bulaq

Leyla SƏFƏROVA

AMEA Naxçıvan Bölməsi Təhsil və kadrlar
şöbəsinin baş mütəxəssisi


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930