SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan memarlığının incilərindən -Qarabağlar Türbə Kompleksi

Azərbaycan memarlığının incilərindən -Qarabağlar Türbə Kompleksi
13-01-2019, 14:30

Azərbaycan çox qədim tarixi keçmişə malik maddi-mədəniyyət nümunələrini özündə əks etdirən bir ölkədir. Ölkəmizin hər bir bölgəsində atalarımızın bizə miras qoyduğu, tarixin çətin sınaqlarından çıxaraq bu günümüzə gəlib çatan abidələr görmək mümkündür. Qədim Naxçıvan diyarı da antik və orta əsrlər dövrünə aid qədim yaşayış yerləri, maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Bu abidələr xalqımızın qədim yaşayış tərzini, məşğuliyyətini, adət- ənənələrini öyrənməkdə mühüm rol oynayır.
Tarixi abidələrimiz içərisində orta əsr Azərbaycan memarlığının möhtəşəm nümunələrindən biri də Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən Qarabağlar Türbə Kompleksidir. XII-XIV əsrlərə aid edilən Qarabağlar Türbə Kompleksi Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndəsi Əcəmi Naxçıvani məktəbinin davamçısı Əhməd Naxçıvani tərəfindən inşa olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib və ötən il iyulun 5-də istifadəyə verilib. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.
Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksin əsasını Naxçıvan memarlıq məktəbinin incilərindən olan Qarabağlar türbəsi təşkil edir. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiq edir. Qülləvari xatirə tikintilərinə aid olan türbə on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırki vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılmışdır.
Sevindirici haldır ki, Qarabağlar Türbə Kompleksi istifadəyə verildikdən sonra kompleks muzeylər şəbəkəsinə daxil edilib və muxtar respublikamızda ənənəvi olaraq təşkil edilən “Muzey günləri”nə bu abidənin də adı əlavə olunub. İndi müxtəlif dövlət orqanlarının kollektivləri ilə yanaşı, kompleksi məktəblilər, tələbələr, həmçinin buraya yolu düşən qonaqlar da ziyarət edirlər. Abidəni ziyarət edən qonaqlar içərisində əcnəbi vətəndaşlar da çoxluq təşkil edir. Dünyanın bir çox ölkələrindən muxtar respublikamıza gələn xarici qonaqlar və turistlər maddi-mədəni irsimizlə yanaşı, həm də dövlətçilik tariximizi özündə yaşadan dünya əhəmiyyətli bu möhtəşəm abidəni görmək üçün buraya gəlirlər.
Qeyd edək ki, bu gün türbə kompleksinə gələn ziyarətçilərin ən çox diqqətini çəkən məqamlardan biri də onun xanəgah hissəsində sərgilənən eksponatlardır. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri nümayiş etdirilir. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, su daşı, eyni zamanda toxuculuq nümunələri xalqımızın məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır. Ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar da nümayiş olunur.
Qarabağlar Türbə Kompleksinə göstərilən diqqət və qayğının daha bir nümunəsi kompleksin saytının yaradılmasıdır. Sayt 7 bölmə və 4 alt bölmədən ibarətdir. Saytın əsas səhifəsində Qarabağlar Türbə Kompleksi, elektron kitabxana, virtual səyahət, qalereya, videolar və bizimlə əlaqə bölmələri yer alır. Sayta yerləşdirilmiş virtual səyahət bölməsi vasitəsilə dünyanın istənilən nöqtəsindən izləyicilər muzeyə virtual səyahət edə bilərlər. Saytın ingilis dilli versiyası da hazırlanıb.
Onu da qeyd etmək istərdik ki, Qarabağlar Türbə Kompleksi istifadəyə verildikdən bugünə kimi, kompleksi 3 mindən çox qonaq ziyarət edib ki, bunların da 121 nəfəri əcnəbi vətəndaşlardır. Kompleksi ziyarət edən əcənəbi qonaqların türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi ilə tanışlığı onlarda xoş təəssüratlar yaradıb.

Abbas İSMAYILOV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930