SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bağlarımızın bərəkətli meyvəsi – Cəviz

Bağlarımızın bərəkətli meyvəsi – Cəviz
28-09-2019, 13:00

Əkib becərdiklərimiz, həyətlərdən topladıqlarımız süfrələrimizin əvəzolunmaz neməti sayılır.

Artıq payız məhsullarının yığım vaxtıdır. Həyətlərdən alma, armud, heyva yığılır. Badam, fındıq, cəviz, yığılıb qurudulur. Qış süfrələrinin bəzəyi olan çəyirdəkli quru meyvələr orqanizmə qüvvə verir, sağlam və gümrah yaşamağımıza şərait yaradır. Dağ kəndlərinin payız bağları barlı-bəhərli olur. Hamının başı həyətlərində olan meyvə ağaclarının məhsullarına qarışır. Toplanan məhsulları yığıb qurtarmaq kömək tələb edir. İndi cəviz yığılan vaxtdır. Həyətlərdə hamı cəviz toplamaqla məşğuldur. Cəviz cox illik ağacdır. Möhkəm gövdəyə malik olan cəviz ağaclarının budaqları hündür, diametri 1-1,5 metr olur. Elə cəviz ağacları var ki, hündürlüyü 12-15 metrə çatır. Böyük cəviz ağacından 100-120 kq məhsul götürmək olur. Cəviz ağacı əkiləndən 7-8 il sonra bar verir. Onun məhsulu əvvəl az, sonralar isə ildən-ilə artır. Cəviz ağaclarının yaşı çoxaldıqca onun gövdəsinin üst qabıqları qalxır ki, bu da bəzi budaqların qurumasına səbəb olur. Havalar çox isti olanda cəvizin budaqları quruyur, meyvələri qara olur. Sərin havada yetişən cəvizlər saf və ağ olur. Bu meyvə qacağın içərisində olur. Qacağın içərisində olan cəviz yaş olur. Yaş cəviz sentyabr ayında yetişir. Ləpəsi yaş olan cəvizlərin qabığı soyulur sonra yeyilir. Qabığı ləpənin üzərində olan yaş cəvizlər acı olur. Yaş vaxtı cəviz ağacını çırpmaq olmur. Qacağı parçalanan cəvizləri sirkələyib çırpırlar. Qüvvəli kalorili olan cəviz aclığın qarşısını alır. Hər gün bir-iki cəviz ləpəsi yemək orqanizmi gümrah saxlayır.
Milli mətbəximizdə cəvizdən geniş istifadə olunur. Plov üzlərinə qatılan cəviz ləpəsi yeməyə xüsusi dad verir. Cəviz ləpəsi qaynar suda pörtlədilir, qalxan qabıq soyulur, yağda azca qovrulur. Plov üçün hazırlanan içliyə qatılır.

Qış mətbəximizdə cəviz küftəsinin məxsusi yeri var. Çəkilmiş cəvizə yumurta əlavə olunaraq çalınır, azca un qatılır. İçərisinə çəkilmiş düyü əlavə olunur, duz, istiot, nanə şüyüd qarışıdırırlar. Alça diri şəkildə küftənin içərisinə qoyulur. Cəviz küftəsi ilə ən çox çaşır turşusu yeyilir.
Cəvizdən şirniyyat hazırlanmasında da istifadə olunur. Paxlavanın üstünü bəzəməkdə, müxtəlif şirniyyat içlikləri hazırlamaqda cəvizdən istifadə olunur. Süfrələrimizin əvəzsiz neməti olan cəvizin çərəzlər arasında xüsusi yeri var. Qovrulmuş buğda ilə cəvizin yerini heçnə verə bilməz. Cəvizi qovurub qabığını təmizləyəndən sonra ondan bayram çöçəsi üçün içlik hazırlanır. Cəvizdən mürəbbələr hazırlanan vaxt istifadə olunur. Armud, gilas, badımcan bişiriləndə çox vaxt onların içərisinə cəviz əlavə olunur. Çəkilmiş cəviz qızılgül, itburnu mürəbbələrinə də qatılır. Cəvizdən hazırlanan mürəbbə çox zəhmət tələb edir. Normal cəvizlər seçilir, mürəbbəlik cəvizin içi çox bərkiməməlidir. Qabığı soyulan cəviz suya salınıb gündə bir neçə dəfə olmaqla suyu dəyişdirilir. Üç gün adi suda saxlanılan cəviz, üç gündə əhəng və ya sodalı suda saxlanılır. Təmiz yuyulan cəviz yenidən çəngəllə deşilir adi suya salınır. Bir gün adi suda qalan cəvizə kiloqram hesabı ilə şəkər tozu götürülür. Cəviz adi suda qaynadılıb süzülür, sonra zəy əlavə edilən suda qaynadılır. Suyu təmiz süzülən cəvizin üzərinə qaynadılmış şirə əlavə olunur. Mürəbbə bir neçə dəfəyə bişirilir, axırda darçın və mixək əlavə olunur. Mürəbbə yeyilməyə tam hazır olan vaxt şirəsi tünd rəng alır.
Quru cəviz ləpəsi çəkilib balla qarışdırılır, üzərinə limon sıxılır. İçərisinə küncüd, çörəkotu əlavə olunur. Bəzən qarışığa darçın da qatılır. Qaranlıq yerə qoyulur, bir müddət sonra yeyilən qarışıq orqanizmi qüvvətləndirir. Təzə qabıqlanan balaca cəvizlərin müalicəvi əhəmiyyəti var. Balaca cəvizlər yığılır, südə salınır. Zob xəstəliyi olanlar hər gün acqarnına bir dənəsini udsalar bu zobun əriməsinə səbəb olur.
Cəvizin yarpaqlarını dəmləyib içmək soyuqlamanı aradan qaldırır. Cəvizin içərisində olan ortabitişdirici pərdədən qarın ağrısı vaxtı dəmləmə şəkilində istifadə olunur. Yazda cəvizin yaş qabığından qadınlar saçlarını rəngləyən vaxt istifadə edirlər. Cəvizin qacağı xına isladılan vaxt qaynadılır. Belə xınanın rəngi uzun müddət saçda qalır.
Ta qədimdən cəviz məişətimizdə geniş istifadə olunan məhsuldur. Cəviz ağacından düzəldilmiş mebellər həmişə öz keyfiyyəti və davamlılığı ilə seçilir. Ucqar dağ kəndlərimizdə ən geniş yayılmış ağac cəvizdir. Ləkətağ, Boyəhməd, Teyvaz, Gal, Şurud, Milax kənd­lərində, Gədik meşələrində cəviz bağları çoxdur. Ərəfsə kəndində yaşamış Kərbəlayi Vəlinin əkdiyi cəviz ağacına “ehsan cəvizi” deyərdilər. Yüz ildən çox yaşı olan bu ağacı Vəli kişi kənddə təzə ev quran ailələrin ehtiyacını ödəmək üçün əkmişdi. Həmişə tək özünü yox, qonşusunu, qohumunu düşünən el ağsaqqallarımız hamının yaxşı dolanmasını istəmişlər. Cəviz ağaclarını ən çox yol kənarlarına əkmişlər. Ərəfsə kəndində ilk cəviz bağları Gığılı tayfalarına məxsus olub. Kənd sakinlərindən Nağı, Məzahir, İmamqulunun saldıqları bağlar indi onların övladlarına qalıb.
Ərəfsə kənd sakini Tərlan Nəcəfova bildirdi ki, ata-babamızdan bizə miras qalan bu ağaclara xüsusi qulluq edirik. Hər ağacdan 80-100 kiloqram məhsul götürürük. Məhsullarımızın alıcısı qapımıza qədər gəlir. Kənd sakinlərinin çoxu ağaclardan yığdığı məhsulu elə qapıda satırlar. Bəziləri isə bazarlara çıxarır. Mən özüm məhsulumu rayon mərkəzində və Naxçıvanda təşkil olunan kənd təsərrüfatı məhsularının satışı yarmarkasına çıxarıb satıram. Ailəmə ehtiyac olanları isə oradan alıram. Cəviz ağacları ailə büdcəmizə xeyli gəlir gətirir.
Cəvizlər qabıqlarının nazik və qalınlığına görə iki yerə ayrılır: kətanköynək və civ cəvizlər. Civ cəvizlər suya salınıb sonra qırılır. Kətanköynək cəvizlər isə əllə sıxanda qırılır. Cəviz evin illik ruzi-bərəkətidir. Kəndlərimizdə cəvizlə bağlı xalq arasında xeyli deyimlər var. Kənd yerlərində heç vaxt gecələr cəviz ağacının altında yatmazlar. Cəviz oksigeni qəbul edib, karbon qazı xaric edir. Ona görədə cəviz ağaclarını həmişə evdən kənar əkiblər.
Dədə-babalardan cəviz ailənin ehtiyatı sayılır. Başqa meyvələri uzun müddət saxlamaq olmur, ancaq qurudulmuş cəviz bu ildən o ilə qalır. Cəvizdən çox vaxt qəlyanaltı kimidə istifadə edirlər. Cəviz ləpəsi ilə pendir dürməyi ən yaxşı yeməkdir. Bala batırılıb yeyilən cəviz orqanizmə gümrahlıq bəxş edir.


S. SALAHOVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930