SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz təbiətinin nadir bitkisi-Qafqaz əzgili

Şahbuz təbiətinin nadir bitkisi-Qafqaz əzgili
21-09-2019, 19:00

Şahbuz təbiətinin zənginliyi baxımından hər zaman xüsusilə seçilən rayon olub. Elə buna görə də ümummilli liderimiz Heydər Əliyev hələ 2000-ci illərdə bu zənginliyi qeyd etmiş və onun qorunması, gələcək nəsillərə çatdırılması haqqında tapşırıqlar, tövsiyələr vermişdir. Bu tövsiyələr əsas götürülərək 2003-cü ildə Şahbuz rayonundakı “Batabat yaylağı” ərazisinin də daxil olduğu 3139 hektar sahədə Şahbuz Dövlət Təbiət Qoruğu yaradıldı. Qoruq xüsusi mühafizə statuslu təbiət obyektlərinə aiddir. Bu status yaradılan təbiət ərazilərində bütün təbii proseslərin insan təsiri olmadan izlənməsinə şərait yaradır. Qoruq ərazisi dəniz səviyyəsindən 2200-2400 metr yüksəkliyə malik olan dağlıq sahələrdə Biçənək aşırımı, Batabat göllərinin olduğu əraziləri əhatə edir. Qeyd etdiyimiz kimi, bu ərazilər zəngin, relikt və endemik növlərin məskunlaşdığı kompleks təbiət abidəsini xatırladır. Qoruq su ehtiyatları baxımından çox zəngindir. Burada adı dillər əzbəri olan “Zorbulaq” və 3 Batabat gölü vardır. Naxçıvanın öz ərazisində formalaşan ən bolsulu çaylarından olan Naxçıvançay da mənbəyini elə qoruq ərazisində olan dağ yamaclarından götürüb. Muxtar respublika ərazisində yağıntının çox olduğu ərazilər də buradadır.
Qoruq ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazisinin 85 faizini palıd, 5 faizini ardıc, Araz palıdı, 7 faizini yemişan, qalan 3 faizini isə alma, alça, daş armud və müxtəlif kollar təşkil edir. Bu ərazilərdə çoxlu bəzək bitkiləri, o cümlədən ətirli endemik süsən növləri, səhlab, dağ lalələrinə rast gəlmək olar. Flora ilə yanaşı, fauna ehtiyatları da zəngindir. Xüsusilə qeyd edək ki, qoruq ərazisi dünya təbiətinin nadir inciləri hesab edilən Zaqafqaziya qonur ayısı, bəbir, muflonlar kimi növlərin məskən tapdığı təbiət əraziləridir.
Ərazidə Batabat florası üçün nadir hesab edilən və böyük elmi maraq doğuran bir sıra ağac və kol bitkiləri bitir. Onlardan bir neçəsi haqqında oxucuları “Oğuz səsi” qəzetimizin ötən saylarında məlumatlandırmışıq. Bu dəfəki yazımda isə Şahbuz Dövlət Təbiət Qoruğunda rast gəlinən nadir bitkilərdən biri sayılan əzgil haqqında məlumat vermək istəyirəm.
Kiçik ağac bitkisinin boyu 3-4 metr ucalığındadır. Yaşlı zoğları boz, cavan zoğları qırmızımtıl-qonur rəngdədir. Zoğları az tikanlı olub, tikanları düzünə yönəlmişdir. Yarpaqları uzun­sov, qısa, yumşaq tüklüdür. Bitki may ayında çiçəkləyir. Budaqlarının ucundakı tək-tək olan iri və ağ çilli, ətirli, gözəl çiçəkləri tez nəzərə çarpır. Meyvəsi qəhvəyi, ön tərəfdən basıq və armuda oxşardır. Yetişməmiş meyvələri yumşaq tüklü olub, 3-5 santimetr ölçüdədir.
Bu bitki Şahbuz Dövlət Təbiət Qoruğunda dəniz səviyyəsindən 1900 metr yüksəklikdə bitən palıd, yemişan, murdarça ağacları ilə birlikdə meşəaltı kolların tərkibinə daxildir. Bitkinin meyvə ehtiyatı çoxdur. Meyvələri bir qədər saxlandıqdan və ya şaxta vurduqdan sonra yeyilir. Yetişmiş yumşaq meyvələrin tərkibində 10-11% şəkər, 1% alma turşusu vardır. Meyvələri C vitamini ilə zəngindir. Bitkinin qabığında və yarpağında aşı maddələri çoxdur. Meyvələrindən cem, mürəbbə və spirtli içkilər hazırlamaq üçün istifadə edilir. Meyvələr ilk şaxtalardan sonra ağacdan tökülür.
Qeyd edim ki, əzgilin oduncağı bərkdir, çox sıx və ağırdır. Oduncağı yaxşı cilalandığından müxtəlif məmulatların hazırlanmasında istifadə edilir.
Gözəl, çilli, iri, ağ və ətirli çiçəkləri olan bu nadir bitkinin bağ və parklarda bir dekorativ bitki kimi əkilib-becərilməsi məqsədəuyğundur. Bitki toxumları, kök pöhrələri və calaq etməklə çoxaldılır.
Ərazinin elmi cəhətdən tədqiqi, nadir, nəsli kəsilməkdə olan və azyaşlı bitkilərin öyrənilməsi, onların çoxaldılması, yayılması üçün görülən tədbirlər gələcəkdə bu bitkinin təbiətdə məhv olmasının qarşısını alacaqdır. Əzgil kimi digər qiymətli ağacları qorumaq, onları çoxaltmaq təbiətə olan bir qayğıdır və təbiət insanın bu qayğısını zaman-zaman həmişə qiymətləndirəcəkdir.


İntizam ƏHMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031