SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu payız o payız deyil...

Bu payız o payız deyil...
21-09-2019, 18:13

Mənim doğulduğum kəndə həmişə dünyanın ən gözəl payızı gələrdi. Nənəmin nağıllarına qoşulurdu küləyin vıyıltısı, yağışın səsi, üstümə səpələnən cəviz ağacının ayağım altında yumağa çevrilən “sarı çiçəkləri”. Təbiətin son baharı səsi, nəfəsi, bərəkət ilə addım-addım, pillə-pilə hopurdu kəndin canına. Boz biçənəklərin yola saldığı sonuncu qonaq qəlbində olduğu qədər, çantasında da bir az “Nursu”, bir az “payız” aparırdı. Mənim uşaq ağlım sarı yarpaqlardan qanad alıb köçəri quşlara qoşulmağın xəyalını quranda böyüklər payız duyğularından daha çox payız qayğılarına köklənirdi. O zaman istisi, işığı əlindən alınmış kənd evlərini isitmək, aydınlatmaq çarəsiz xəstəliyə çevrilmişdi sanki. Sonralar, 6 yaş məndən böyük olan bacımın əlimdən tutub gətirdiyi məktəb binasının qarşısında isə payızın heç bilmədiyim, tanımaq istəmədiyim bir üzünü daha görəcəkdim. O payız və ondan sonrakı bütün payızlar və sentyabrlar, beləcə, yaddaşıma heç də xoş olmayan xatirələr caladı. Böyüdükcə anlayacaqdım ki, ucqar, uzaq bir dağ kəndində qapını kəsən soyuq payız gətirdiyi qayğılar sarıdan da “bərəkətli” olurmuş. Təqvimin payız dərdləri yurdumun insanının çiyninə yarpaq-yarpaq yağdığı o vaxtdan indi bizi illər ayırır. Mənim illər sonra yazmaq istədiyim, gün kimi aydın, amma qayğılı xatirələr bu günün işıqlı, nurlu səmasında tüstülənən ocaq kimidir.
Adətim üzrə hər sabah nuhcıxan.az saytının xəbərlərinə göz yetirirəm. Sanki təbiət də, insanlar da qılınc misalı o qayğılardan birdəfəlik sıyrılıb.
“Yeni tikilmiş məktəb binası istifadəyə verildi”, “filan kənddə yeni salınmış yolun açılışı oldu”,” “...rayonlarda məktəbli yarmarkası keçirilir”, “...sərhəd kənlərimiz qışa tam hazırdır”, “qazlaşdırılmış və elektriklə tam təmin olunan kəndlərin sakinləri razılıqlarını bildirirlər”... Və gözucu nəzər yetirdiyim bu xəbər başlıqlarını tək-tək incələyirəm. Xəyalımda isə illər keçməsinə baxmayaraq, hələ indi də yuxuma gələn o qaranlıq və soyuq məktəb, döşəməsi çökən sinif otağı və məni hər səhər o otağa aparan palçıqlı yollar var. Oxuduğum dərslərdən daha çox yaddaşımda yer eləyən bir məktəblinin payız xatirələri, nə yaxşı ki, indi sadəcə, təqvimin bir küncündə qısılıb qalmısınız. Nə yaxşı ki, indi çiçək balalar uşaqlığımıza kölgə salan o günlərdən günəş qədər uzaqdı. Görünür, illər daha mərhəmətli imiş. Qılınc-qılınc qayaların dibindən isə təzə yollar da, təmirli məktəb də 2014-cü ildə Nursuya gətirildi. Doğma diyarın hər bir bucağını sarıb-sarmalayan, qurub, tikən əllər Nursuya da toxundu. Artıq payız da, yaz da, qışın dizə qədər yağan qarı da heç bir məktəblinin qorxulu yuxusu, acı həqiqəti olmur.
Mən isə hər fəsil olduğu kimi, bu payız da “payımı” bərəkətli bağçalardan istəməyə gəlmişəm. Nə zaman əkilməsi heç atamın da yadına gəlməyən əliaçıq cəviz ağacları, alyanaqlı alma bağları kəndimizin payız mənzərələrini tamamlayır. Təbiət indi ən şirin payız nağılını danışmağa başlayıb. Anam çoxdan hazırlayıb payız sovqatımı. Son baharın yağışdan sonra torpaq və göy ot ətri verən havasını doya-doya içimə çəkərkən düşünürəm. Düşünürəm ki, insan doğulduğu torpağın bir parçasıdır. İstər yaxında ol, istər uzaqda. Orda, öz elində o çopur qaya, o donqar ağac, o səngər təpəsi nədirsə, sən də osan. İstər yaxşı ol, istər yaman. Yaşın lap elə 100-ü haqlasın, bir parçan qalır doğulduğun torpaqda, adına ya “xatirə” de, ya “uşaqlıq”. O yer sanki sənlə dünyanı gəzir, evinin ən əziz bucağında o kəndə aid nələrsə var. O gün olmaz ki, xəyalın o yerləri ziyarət etməsin. Şad gününə sevinirsən, kədərini qəlbinin dərinliklərində hiss edirsən. Qulağın tanış bir səsə, gözün doğma bir simaya tamarzı qalır. Zamansa irəliyə doğru qanad çalır, çoxdan ünvanını qətiləşdirmiş köçəri quşlar kimi. Uçub gedən zamanın ilmələrində yaddaşın yenə səni o yerlərə haylayır. Bu dünyada öz elini, torpağını xoşbəxt görmək qədər heç nə insana rahatlıq verməz. İndi mənim doğulduğum kənd, Nursu da sanki çətin günlərini torpağın dərinliklərinə qoyub, üzərinə barlı-bərəkətli bağlar, güllü-gülüstanlı həyətlər salıb.
Yenə payız gəlir. Ancaq bu payız o payız deyil...


Fizzə Bağırova

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031