SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək– Köklü qayalar kimi

Sədərək– Köklü qayalar kimi
21-09-2019, 13:15

Azərbaycanın qürur qalası Sədərək.... Hər qarış torpağı altında minilliklərin o tayından adını-sanını, maddi-mənəvi abidələrinin izini, əfsanəsini, səlnaməsini bu günlərə gətirib çıxarmış, gələcəyə irəliləyən Sədərək. Naxçıvanın yenilməz qapısı, qürur mənbəyi Sədərək... Səngər Sədərək... Sədd Sədərək...
Köklü qayalar kimi torpağa dayaqlanmış Sədərəyi nə yerindən tərpətmək mümkündür, nə övladlarını yurdundan-yuvasından perik salmaq. Onun sultan adını nə səlnamələrdən, səyahətnamələrdən silmək olar, nə əfsanələrdən, dastanlardan.
Bir qədim hekayətdə deyilənə görə leyləklər halallıq olmayan yerdə dayanmazlarmış... Yuva qurmaz, yem axtarmazlarmış. Haram qarışan oba yerinin göyündən keçməz, torpağına enməzlərmiş...
Bir yay günü yolumuz Sədərəyin bol bəhərli sap-sarı zəmisinə düşəndə gördüyümüz mənzərə qarşısında donub qalmışdıq... Biçilməkdə olan zəmidə yüzlərlə leylək vardı... Qanadlanıb qalxan, sonra enib dən zəminin bərəkətindən payını tutan anqappaq qanadlı leyləklər...
Bu mənzərə sehirli bir rəqsi xatırladırdı. Yalnız torpağı duyan, çölü duyan, bərəkəti duyan gözlərlə baxıb bu rəqsin müqəddəsliyi içindəki halallığı görmək olardı...
Zəmisinin bərəkətini seyr edən kənd adamının söhbətlərinə qulaq verə-verə xış-xış xışıldayan təzə buğdanı ovuclayıb zamanı geri qaytaracaqmış kimi barmaqlarımın arasından keçirəndə bir də başımızı qaldırıb üç yanımıza baxmışdıq. Sədərəyin leylək qonan qədim yurd yerləri üç tərəfdən sədlənib, sərhədlənib. Bu yerlərin insanı bir yanında “Ümid körpüsü” kimi dayağı, bir tərəfdə düşmən baxışları kimi nigaranlığı, işində-gücündə, əkib-becərməyində, qurub-yaratmağındadır...
Hardan gəlir bu əminlik?
Kökdən!
Yeni Sədərək Azərbaycan, həmçinin Naxçıvan Muxtar Respublikasının ən çətin, qanlı-qadalı günlərində yenidən ayrıca rayon kimi tanınmağa başlayıb. Mərkəzi ümummilli lider Heydər Əliyevin şərəfinə Heydərabad adlandırılır. Həmin zaman Sədərəyin ayrıca rayon statusu alması xüsusi məqsəd daşıyırdı. Bunun həm də zəngin tarixiliyin qorunub saxlanması, ədalətin bərpası, həqiqətin bur daha gün üzünə çıxarılması olduğunu unutmayan ulu öndər Heydər Əliyev gələcəyə yol alan Sədərəyi məhz tarixi əzəmətində, tarixi təməli üzərində dayanan görmək istəyirdi.
Səssiz dincliyinə dalmış bu torpaqların sinəsi dövlət xəzinəsi, əsgər köksüdür. Sədərək həm qala, həm keşikçidir. O, yenilməz inamı və təpərli insanlarıyla, torpağıyla, dağlarıyla, yam-yaşıl bağ-bağçaları, sap-sarı zəmiləriylə qəlbindəki yaralara, itkilərə duruş gətirib başının üstündə, gözünün qabağında, iki addımlığında dayanmış düşmənə meydan oxuyur. Sədərəklilər əfasanəvi Koroğlu dəlilərinin yurd saldığı Çənlibelin yerləşdiyi Ağrı dağının baxışları altında torpağının hər qarışını gülüstan edir... Çünki...
Çünki bu yerlərin insanı hər qarışını qanıyla qoruyub saxladığı Sədərəyin canında gizlənən bərəkətin, bəhərin fərəhini yaşamaq istəyir. Çünki onun üçün Vətən gün altında qalıb quruyan, kolluğa çevrilən, tikan bitirən torpaqdan ibarət deyil, o, bu torpağı qorumaqla öz işinin bitmədiyini anlayır, onu dolu süfrəyə, çörəkli təndirə, açıq qapıya, ruziyə, rifaha çevirməyə çalışır...
Sədərəyin gücündə, Sədərəyin qalibiyyətində, Sədərəyin ayaqlarını yerə möhkəm dayanmasında bir kişi qüruru, kişi gücü, kişi əzmkarlığı hiss olunur. Sanki bar yetirən hər ağacı, tikilən hər evi, uşaqlı - böyüklü illərdir düşmənlə üz-üzə dayanan hər sakini özündə bir kişi qətiyyəti, soyuqqanlılığı gizlədir. Sədərəkdə olanda sərhəd bölgəsində, döyüş xəttində, təmas nöqtəsində dayandığına inanmırsan. Buralarda nə dağınıq-töküklük var, nə tərkedilmişlik, nə insansızlıq. Sanki dünyanın ən təhlükəsiz, hədədən-qorxudan uzaq, heç zaman güllə səsi, müharibə alovu görməmiş bir nöqtəsindəsən. Bir dəfə Heydərəbadda yeni tikilən binanın yuxarı mərtəbələrindən qarşı təpəliklərdə demək olar gözümüzün içinə boylanan düşmən postlarını görəndə ürəyimdən qəribə bir hiss keçmişdi. Sonra o yerdən adi həyatını yaşayan adamlara, rayon yaradılarkən tikilib sakinlərə verilmiş ikimərtəbəli evlərə baxa-baxa elə həmin binanın özünün bir meydan oxumaq mesajı olduğuna inanmışdım...
Amma bu, bu günün mənzərəsidir...
Sədərəyin yaxın keçmişi böyük bir düyünün içindən qurtulub, aclığın, ehtiyacın, günlərlə güllə altında yaşaya-yaşaya əzmini itirməməyin sayəsində bu günlərə gəlib çatıb. Bu adi düyün deyil, xalqımız onillərdir onun əziyyətini çəkir, gecəli-gündüzlü səngərdə sayıq dayanır, qüvvə sərf edir, ən gözəl oğullarını şəhid verir. Sədərəyin başı üstündə yüz doqquz şəhidin ruhu dolanır. Bir yandan kədərlənir, bir yandansa Sədərəyin başı üstündə dolanan həmin yüz doqquz şəhid ruhunun rahatlığına inanıb hörmətlə köks ötürürsən–Sədərəyin o ruhlar qarşısında alnı açıq, üzü ağdır...
Qadının tərk etmədiyi torpaq heç zaman məğlub edilmiş hesab oluna bilməz. Qadının çəkilib getmədiyi qala ikiqat, onqat qorunacaq. Qadının tərketməməzliyi ən böyük sevgi, ən böyük etibardır. Adətən müharibələrdə təhlükə altında olan kəndlərdən, şəhərlərdən ilk növbədə qadınlar çıxarılır. Hər ehtimala qarşı...
Sədərəyin əsgər, qoruyucu xarakterinin yanında bir də güclü bir qadın dönməzliyi, qadın vəfası da yer tutur. Sədərəyin qadın əlləri bu gün gülə-çiçəyə çevrilib bizi hər addımda, hər qarışda salamlayır. Zərif, incə, kiçik bir toxunuşdan incinə biləcək əllər...
Lakin siz onları elə də zəif bilməyin. Sədərəyin qadın əlləri lazım gələndə yumruğa da dönüb, silaha da uzanıb, Sədərək qadını müharibənin ən ağır ilərində belə öz elinin-obasının əlindən möhkəm yapışıb “Səninləyəm!” deyib. Sədərəyin qadın qəlbi o ağır illərdə qorxu hissindən çox bir inam bəsləyib içində. O, öz ərinə, ərəninə, atasına, qardaşına, oğluna, onların geri dönməzliyinə, dəyanətinə etibar edib, odun-alovun içində belə evini-eşiyini səssiz, təndirini odsuz-çörəksiz, ocağını bərəkətsiz qalmağa qoymayıb. Arxaya çəkilməyib, yerini-yurdunu tərk etməyib, hətta bir zamanlar ehtiyat tədbiri kimi qurulmuş düşərgədən hər gün evinə-eşiyinə gəlib ocağını yandırıb. Yandırıb ki, gözünü bu yerlərə dikən xain gözlər bu evlərdən, ocaqlardan qalxan tüstüdə kor olsun...
Sədərəyin qadın qüruru Sədərək kişisinin bu torpaqları heç zaman ürəyindən “hər ehtimala qarşı” keçirməyəcək qədər sevdiyinin sübutudur...
Yeni tarixi doxsanıncı ildən bu yana yazılmağa başlayan Sədərək o illərin müdafiəçi, əli silahlı keşikçi xarakterini gəncliyə ötürüb. Sədərək bu gün özü-özlüyündə gənc təsir bağışlayır. Bu gün rayonun bir çox idarəetmə strukturlarında elə rayonun özüylə eyni tarixlərdə doğulmuş gənclərlə rastlaşırsan. Sanki birlikdə doğulub, birlikdə addımlayırlar. Birgə qoruyur, birgə qurub yaradırlar. On altı minə yaxın sakini olan Sədərəyin gəncliyi minilliklərin o tayından bu tayına salınmış yolunu həm də bir mənəvi Ümid körpüsü ilə birləşdirərək təhsil alır, peşələrə yiyələnir, muxtar respublikanın ictimai-sosial həyatında yaxından iştirak edir, təhsildə, idmanda, incəsənətdə irəliyə doğru planlar qurur. Bir zamanlar güllə səsləri altında doğulmuş gənclik bu gün Sədərəyin döyünən ürəyi, quran əli, vətəninin sorağını daşıyacaq səsidir. Bu gənclik ata-babalarından əmanət aldığı hər qarış üçün öz kökünə, əslinə-nəcabətinə, əzminə, duruşuna borcludur. Dünənin əli silahlı atası bu günün ağsaqqalıdır. Onun dünənki əzmi bu günün gəncliyinin ayağını bu torpaqlara möhkəm basma səbəbidir. Gənc Sədərək öz xəzinəsini minillikləri geridə qoymuş qocaman ruhundan təhvil alıb aparır. O qocaman ruhsa bir az kövrək, amma daha çox qətiyyət ifadə edən səsiylə zamana da, bu yerlərə göz dikib arzusuna yetişə bilməyən düşmənə də öz sözünü deyir...
Sədərək yolçuluğunun bir nöqtəsində yol qırılır. Bu yerlərdə hamının gözü dağların o tayında elindən perik düşmüş bir yurd yerinə - Kərki tərəfə dikilir... Lakin insanlar o yurd yerinin taleyinin də yaxın zamanda işğaldan azad edilmiş Günnüt kəndinin taleyi ilə eyni olacağına inanırlar...
Sədərəyin harasında olursunuzsa olun, baxışlarınızı hayanında dolandırırsınızsa dolandırın, dağların üstünə, döyüş bölgəsində düzülmüş səngərləri görəcəksiniz. Onlar, Sədərəyin, eləcə də bütövlükdə muxtar respublikanın keşiyini çəkən ayıq-sayıq əsgərlərin dayaq nöqtələridir. Bu səngərlər göz qırpmadan el-obasının, insanının, tarixinin, mədəniyyətinin, dünəninin, bu gününün və gələcəyinin keşiyini çəkir, bu yerin insanı isə əzmin, o qətiyyətin, qorxmazlığı, təslim edilməzliyin haqqını işiylə-gücüylə, inamıyla, bu torpağa bağlılığı, sevgisiylə verir...
Bir gün mütləq Sədərəyə gedin, gedin o qorxmazlığın, leylək enən halallığın, güllə səsləri altında bir damcı titrəməyib bu gün od-ocağını, yurdunu-yuvasını gül-çiçəyə çevirən qadın nəfəsinin, sizə heyrətamiz etibar hiss aşılayan əsgər gücünün ruhunun, səsinin sizə ötürdüyü hekayəsini dinləyin... Ayağınızı torpağa necə inamla və möhkəm, qorxusuz-ürküsüz basdığınızın şahidi olacaq, o yerdən ürəyiniz dolu-dolu, fəxrlə qayıdacaqsınız...


Hədiyyə ŞƏFAQƏT

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031