SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bal min bir dərdin dərmanıdır

Bal min bir dərdin dərmanıdır
21-09-2019, 13:00

Bal qədimdən ən faydalı və əvəzsiz məhsullardan biri sayılır. Bal müxtəlif vitaminlər, mikroelementlər, qlükoza, fruktoza, antioksidantlar, aminturşuları, fermentlər, enzimlərlə olduqca zəngindir. Məhz bu zəngin tərkibinə görə bal əsl min bir dərdin dərmanıdır. Balın 60-dan artıq növü var. Bütün bal növləri faydalı sayılır. Bal dəmirlə çox zəngindir. Bu səbəbdən qanazlığı zamanı bal əsl əvəzedilməz təbii dərmandır. Ümumiyyətlə qan-damar sistemi, demək olar, bütün xəstəlikləri zamanı baldan müalicəvi vasitə kimi geniş istifadə olunur. Bal güclü antibakterial və iltihabəleyhinə xüsusiyyətlərlə tanınır. Bu xüsusiyyətlərə görə bal soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir.
Dərmanlara pul xərcləmək əvəzinə süfrəni baldan əksik etməsək yaxşı olar
Bal təbii immunostimulyatordur - o, insanın immunitetini gücləndirir, orqanizmin xəstəliklər və infeksiyalara qarşı olan davamlılığını artırır. Xüsusən bu uşaqlar və yaşlı insanlar üçün çox vacibdir. Lakin balın yüksəs allergik xüsusiyyətlərinə görə onu 3 yaşından kiçik olan uşaqlar və allergik xəstəlikləri olan böyüklər qəbul etməməlidir. Mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlara bal çox yaxşı kömək edir.Tədqiqatçılar sübut edirlər ki, öz antiseptik və yara sağaldan xüsusiyyətlərinə görə bal mədədə və bağırsaqlarda olan kiçik xoraları sağaldır, burada yaşayan ziyanlı mikrobların sayını xeyli azaldır. Bu səbəbdən bal mədə və 12 barmaq bağırsağı xorası, xroniki qastrit, enterit, kolit və s. xəstəliklərinin müalicəsi zamanı əvəzsiz vasitədir. Lakin onu da nəzərinizə çatdıraq ki, lazım olan müalicəvi effekt almaq üçün balı uzun müddət ərzində hər gün ilıq suda həll olunmuş şəkildə qəbul etmək lazımdır. Hal-hazırda dükanlarda müxtəlif “enerji verən” içkilər satılır. Bu içkilərə olan münasibət birmənalı deyil - bəziləri onların effektli və ziyansız, digərləri isə çox ziyanlı olduqlarını söyləyir. Bu halda sizə bir məsləhət verə bilərdik. Fəal və gümrah olmaq istəyirsinizsə, səhər tezdən 1 çay qaşığı bal qatılmış 1 stəkan təmiz su için. Bu sizə lazım olan enerjini bəxş edəcək və eyni zamanda mədə-bağırsaq sisteminin yaxşı işləməsinə təkan verəcək. Dediyimiz kimi, bal təbii antibiotik, antiseptik və virus əleyhinə preparat sayılır. Bu səbəbdən bal dəridə olan irinli yaraların və həmçinin stomatitlərin müalicəsində uğurla istifadə olunur. Bal qara ciyərin, böyrəklərin fəaliyyətini yaxşılaşdırır, orada olan iltihablarla mübarizə aparır. Bal ginekologiyada da geniş istifadə olunur. Uşaqlıq yolu və uşaqlıq boynu iltihabları zamanı balla olan tamponlar təyin edilir. Uşaqlıq boynu eroziyası zamanı da bal yaxşı effekt verir. Bal həmçinin kosmetologiyada istifadə olunur. Bal maskaları üz dərisini daha hamar və cavan edir, xırda qırışları yox edir. Sellülitin müalicəsi zamanı balla bürünmələr və balla masaj çox yaxşı effekt verir. Bal öz faydalı xüsusiyyətlərini itirmədən uzun müddət, hətta uzun illər ərzində saxlayır. Lakin bunun üçün balı düzgün saxlamaq lazımdır-temperaturası 20 C-dən artıq olmayan quru qaranlıq yerdə yaxşı bağlanan şüşə və ya saxsı qablarda. Soyuducuda balı saxlamaq olmaz.Ümumiyyətlə bal nə soyuğu nə də istini sevmir. Bu səbəbdən balı isti suya və ya südə əlavə edib içmək olmaz. Balı çaya əlavə etmək məsləhət görülmür ki, bu halda balın bəzi faydalı xüsusiyyətləri itir. Bal aldıqda onun həqiqətən bal olduğuna əmin olmaq lazımdır. Təbii balın özünə məxsus ətri var. Bəzi ballar çox ətirli, digərləri az ətirli olur. Lakin əgər balın heç bir ətri yoxdursa, bu, çox güman ki, təbii məhsul deyil. Təbii bal yedikdə, o boğazı qıcıqlandırır və sanki yandırır. Qaşıqdan tökülən təbii bal heç vaxt damcılanmır, düz şırnaqla axır və bu şırnaq bal qurtarana kimi kəsilmir.
Sədərəkdə arıçılıq yaşadılır, inkişaf etdirilir
Ta qədimdən arıçılıq Sədərək rayonunda əhalinin məşğuliyyətinin əsas istiqamətlərindən olub. Hazırda Sədərəkdə Abdulla Sadiqov, Səməd Salahov, Məmməd İbrahimov, Azər Həsənov, İlham Abdullayev, Mahir Əliyev, Tofiq Nəsirov və başqaları tərəfindən bu sahə yaşadılır, nəsildən-nəslə ötürülür.
Təcrübəli arıçılardan Nadir Bağırovla söhbətimiz də bu sahənin maraqlı tərəfləri barədə oldu. O dedi ki, arıçı zəhməti olduqca çətindir. İndiki taxta qutular son 100 ilin təcrübəsidir. Ta qədimdən meşə və kolluqlarda bitən gərməşov adlı bitkinin cavan pöhrələrindən arı səbətləri toxunardı. Maraqlıdır ki, hətta 100 ildən çox əvvəl toxunan gərməşov səbətlərindən indi də arıçılar istifadə edirlər. Əvvəla, gərməşovda elə spesifik iy vardır ki, arılara məxsus nə qədər zərərverici və xəstəlik törədicisi varsa, bu iyə tab gətirmədən öz-özünə məhv olur. İkincisi, arı nəfəsi dəyən bu quru pöhrələrdə çürümə olmur. Deyirsən, bəs koldan 100 il əvvəl yox, elə bu gün qırmısan. Arı səbətinə qulluq işi isə çətindir, qapaq deyil ki, qaldırıb baxa biləsən. Qar-yağışa məruz qalmasın deyə, hər kəsin üzü qibləyə tikilən arxanaları olardı. Deyirlər ki, balkəsən bala xəyanət edərsə, arı haram götürməz, hamısı qırılar. Dədə-babadan balla ərinmiş inək yağı bütün bazarlarda daim eyni qiymətdə olub. İndi isə əksinədir. Şəkər tozunu o ki var qaynadıb qatı şirəyə azca bal, yovşan, kəklikotu, baldırqan şirələri əlavə edib təbii bal adına kiloqramını 25-30 manata satanlar da az deyil. Arıçılıq sənəti onların ailəsində böyüklərdən kiçiklərə verilən mirasdır. Gözümü açandan babamı, atamı arı saxlayan, arıdan bal yığan görmüşəm. Əsrlərdən bəri babalarımız bu işlə məşğul olublar. Bu peşə bizə nəsildən-nəsilə ötürülüb. Mən də babalarım, atam kimi öz övladıma sənətimi miras qoyub gedəcəm. Sənətinin sirlərindən danışan həmsöhbətimiz deyir ki, bu sənət o qədər incəlik, zəriflik tələb edir ki, peşənin həvəskarı olmadan nəinki bu işlə məşğul olmaq, heç arının pətəyinə belə yaxın gedə bilməzsən. Arılar mənə həmişə sirli gəlib. Hər dəfə onlar haqqında nə isə öyrənirəm. Arılar haramı sevmir. Onlara yaxınlaşanda təmiz olmalısan. Bu canlılar pak olmayan vəziyyətdə və pis niyyətlə yaxınlaşanda sanki hiss edirlər. Bu zaman hamısı birlik olub yaxınlarına heç kimi buraxmırlar. Arılara övladına göstərdiyin kimi qayğı göstərməlisən, qulluğunu tutmalısan. Arıya yavaş-yavaş, mülayim şəkildə yaxınlaşmaq lazımdır. Onları narahat etdikdə, insanı sancır. Həmçinin arının yeşiyini açmağın vaxtı var. Əgər gün olmasa, yağışlı havada qapağını açsan, arının sancma ehtimalı çoxdur. Bütün bunları bilmədən, riayət etmədən arıçı olmaq mümkün deyil
Təmiz balı saxta baldan necə ayırd etmək olar?
Təmiz balın saxta baldan necə ayırd olunması haqda da danışan müsahibimiz qeyd etdi ki, xalis bala quru lavaş qırıntısı əlavə edin, qətiyyən islanmaz, saxta balın suyu onu dərhal isladar, kibrit dənəsini balda saxlayın, yandısa, bal təmizdir,yanmadısa, saxtadı. Xalis bal boğazı yandırır. Tərkibində müxtəlif qarışıqlar olan bal acı olur və ağızı büzüşdürür. Təmiz bal isə ağızda yağ kimi yayılır və sözün əsl mənasında bal kimi şirin olur. Bundan əlavə, balın təmizliyini onun ətrindən də müəyyən etmək mümkündür. Saxta bal ilə təmiz balı fərqləndirməyin ən yaxşı yolu isə axşamdan 1 stəkan soyuq suya 1 çay qaşığı bal qarışdırıb gözləyirsən. Əgər səhərə kimi bal rəngini saxladısa, deməli, yaxşı baldır. Əgər şəffaflaşdısa, bu bal təmiz bal deyil. Rəngi boz bulanıq qalmalıdır.
Bəli, arıçılıq rayonda yaxşı gəlir gətirən sahələrdəndir. Özünə alıcılar tərəfindən inam qazandıran, istehlakçılara keyfiyyətli bal verən arıçıların güzəranı da pis deyil. Onlar üçün dövlətimiz tərəfindən də hər cür şərait yaradılıb. Qalır, halal iş görüb, ailənin ruzisini qazanmaq.


“Oğuz yurdu”

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031