SON DƏQQƏ

naxcivanxeberleri.com

Doğma yurdumuzun dağı da, aranı da gözəldir-Ləkətağ

Doğma yurdumuzun dağı da, aranı da gözəldir-Ləkətağ
13-09-2019, 15:00

Ulu tanrı Naxçıvan torpağından, onun əsrarəngiz təbiətindən heç nəyi əsirgəməyib. Günü-gündən gözəlləşən qədim Naxçıvan torpağının hər guşəsi, hər bölgəsi öz təkrarolunmaz gözəlliyi, zəngin flora və faunası ilə insanı heyrətə gətirir. Haqqında danışdığımız rayonumuzun ucqar dağ kəndlərindən biri olan Ləkətağ kəndi də belə dilbər guşələrindəndir.
Bu yurd yerinin daş altından qaynaya-qaynaya çıxan göz yaşı tək ayna bulaqları və təmiz dağ havası insanları yurdsevər, torpağa bağlı, əməksevər edib. Elimizin, obamızın gözəl guşələrindən olan Ləkətağda çox olmuşam. İlin yay fəslində bu yerlərdə olmaq çoxdankı arzum idi. Aran dağa, dağ arana qovuşduqca bir-birini tamamlayan sərvətdə sanki dəyişirdi təbiətdə. Yayın son ayı olmasına baxmayaraq, hər tərəf yaşıl örpəyə bürünmüşdü. Daşdan-daşa çırpılan dağ çayı haray qoparır, ətrafdakı ağaclar sərin mehdən cilvələnirdi. Dağlara tərəf boylandıqca sehirli bir dünyaya möcüzəli bir aləmə qovuşduğumu hiss edirdim. Qarşıda arxalı dağlar görünür, ürəyim pərvaz edir, sinəmdə arzularım poetikləşən misralara düzülür.

Ağ buludlar yorğun-yorğun,
Sinən üstə uçur, dağlar.
Nur, bərəkət nişanəsin,
Ürəyinə səpir, dağlar.

Yamacların xınalıdır,
Kəklilklərin yatağıdır,
İgidlərin oylağıdır,
Qayaların, daşın, dağlar.

Bu kənddə yurd salan insanlar da dağ vüqarlı, dağ havası kimi saf, mehriban və qonaqpərvərdirlər. Qədim tarixi ilə fəxr etdiyimiz Ləkətağ kəndi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu gün öz inkişaf və tərəqqisinin yeni mərhələsinə qədəm qoymaqla daha xoş sabahlara inamlı addımlarını atır.
Ləkətağ kəndinin yaranma tarixi bizim eramızdan əvvəl I minilliyə aid edilsə də, yerləşdiyi coğrafi mövqe bu yerlərin daha qədim yaşayış məskəni olduğunu təsdiqləyir. Ulularımız dağlar qoynunda özlərini yağılardan qorumaq məqsədi ilə bu yerlərdə məskən salmış, öz xoş güzəranını dağlar qoynunda qurmuşdur. Kəndin ərazisi 1094 hektardır. Bu yurd yerlərində 120 təsərrüfatda 532 nəfər məskunlaşıb.
Burada kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq, bağçılıq və arıçılıqdır. Kənddə bizi ilk qarşılayan Ləkətağ-Boyəhməd kəndləri üzrə icra nümayəndəsi Arzuman Məmmədli oldu. O, kənddə tikilən tikinti obyektlərini göstərərək fərəhlə bildirdi ki, bu gün Ləkətağ kəndi də rayonumuzun digər kəndləri kimi dövlət müstəqilliyimizin bəhrəsini yaşayır. Kəndimizdə tikilib istifadəyə verilmiş obyektlər kəndimizin simasını gözəlləşdirib. Kənddə sosial poblemlərin həlli istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bu qədim yurd yerində insanların doğma torpağa bağlılığını artırmış, kənd sakinlərini qurub yaratmağa, təsərrüfat işləri ilə ciddi məşğul olmağa və bütün bunların fonunda özlərinin layiqli yaşayışlarını təmin etməyə həvəsləndirmişdir. Kənd sakinləri söhbət əsasında razılıqla bildirirlər ki, kənd uzun illərdir fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz olunmuş, kənddə bütün evlərə təbii qaz çəkilmişdir ki, təbii olaraq bu da əhalinin rahatlığına, güzəranın yaxşılaşmasına xidmət edir. Kənd, demək olar ki, bütünlüklə telefonlaşdırılıb, 70 ildə sovet hakimiyyətinin həyata keçirə bilmədiyi tədbirlər müstəqillik illərində yerinə yetirilib. A. Məmmədli bildirdi ki, Dəmirli çayından çəkilmiş su kəmərləri kənd sakinlərinin içməli su tələbatını tam ödəyir. İnsanların gün – güzəranı yaxşılaşdıqca Ləkətağ evləri görkəmini dəyişir, daha da gözəlləşir. Bu yurd yerində yeni-yeni yaraşıqlı yaşayış evləri ucaldılır. İnsanlarda doğma yurda sevgi artır, firavanlıqlarını bu yurdda görürlər. Füsunkar təbiətin qoynunda qərar tutan kənddə insanların yaratdığı gözəlliklər təbiətin gözəlliyi ilə sanki bir harmoniya təşkil edir. Kənddə geniş və rahat yolla bərabər 2012-ci ildə 136 şagird yerlik ikimərtəbəli müasir memarlıq üslubunda məktəb binasının tikilib istifadəyə verilməsi də insanların sevincinə səbəb olmuşdur. Ucqar dağ kəndi Ləkətağda müasir tələblərə cavab verən məktəb binasının tikilib sakinlərin ixtiyarına verilməsi iqdisadi inkişafımızı göstərməklə, həm də insanlarda gələcəyə inam aşılayır, onları qurub yaratmağa, təsərrüfat işləri ilə məşğul olmağa şövq edir.
Kənddəki digər quruculuq ünvanlarından kənd mərkəzi, xidmət mərkəzi də sakinlərin rahatlığı və firavan yaşayışını təmin edir. Kəndin dağlıq ərazidə olması burda bağçılığın və heyvandarlığın inkişafına geniş şərait yaradıb. Həyətyanı sahələrdə alma, armud, gilas, ərik, cəviz ağacları kəndin göz oxşayan evlərini qoynuna alır, özgə bir aləm yaradır.
Kənd sakinlərindən Məmmədhüseyn Həsənov, Əsgər Əliyev, Aslan Quliyev və başqaları bağçılığa xüsusi önəm verirlər.
Həmçinin kənddə heyvandarlıq da aparıcı sahələrdən biridir. Heyvandarlıqla məşğul olan təsərrüfat adamları muxtar respublikamızda əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək, daxili bazarda bolluq yaratmaq və öz güzəranlarını daha da yaxşılaşdırmaq üçün səylə çalışırlar.
Kənd sakini Yaşar Yaqubov təsərrüfatında qoyunçuluğu genişləndirmiş, qoyun və keçilərin sayını artırmışdır.
Ləkətağın təsərrüfat adamları qoyunçuluqla yanaşı maldarlığa da böyük maraq göstərirlər. Kənd sakinlərindən Alqulu Hacıyev, Aftandil Sadiqov və başqaları maldarlığa üstünlük verirlər. İstehsal etdikləri heyvandarlıq məhsullarını Naxçıvan və Culfa şəhərinin bazarlarına istənilən vaxt çətinlik çəkmədən apara bilirlər.
Qeyd etmək yerinə düşər ki, yay otlaqları ilə zəngin olan kənddə heyvanlar daha gümrah olur. Kənd sakinləri mal-qaranı, əsasən, Dəmirli yaylağında, Fətəli, Bərxudar, Xanpərgəri, Kola dərəsi, Qoşa çeşmə adlanan örüşlərdə otarırlar. Spesifik təsərrüfat sahələrindən sayılan arıçılığın inkişafı üçün də bu kənddə gözəl şərait vardır. Öz ətri tamı ilə seçilən Ləkətağ balı alıcıların diqqətini daha çox cəlb edir. Kənd sakinlərinin 80%-i arıçılıqla məşğul olur. Sakinlərdən Sultan Əliyev, Əlixan Hacıyev və başqaları təsərrüfatlarında olan arı ailələrinin sayını artırır və bu gəlirli sahəni ildən-ilə genişləndirirlər.
Ləkətağ sakinləri ilə söhbətdən sonra xəyalımda bir möhtəşəmlik canlanır. Kəndin qaynar həyatı, səliqə-sahmanı adama fərəh bəxş edir. Gördüklərimdən vəcdə gələn xəyal yelkənim dağların zirvəsindən düzə enir. Kənd arxada qalır. Muxtar respublikamızda həyata keçirilən çoxsaylı quruculuq tədbirlərinin şahidi olan Haçadağa baxıram. Bir gözəllikdən ayrılıb başqa gözəlliyə qovuşuram. Əlincə çayı boyunca rayonumuza doğru yol alırıq. Əlincə çayı da ucqar dağ kəndlərimizdən olan Ləkətağda yaradılmış xoş novraqdan həvəslənir, həzin-həzin oxuyur. Yay ayları olmasına baxmayaraq, buludlardan yağış səpələyir. Sanki göylər bizə aydınlıq, xoş uğur diləyir.


Ədalət CƏFƏROĞLU

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30