SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gələcəyimizin vətənpərvərləri necə yetişdirilməlidir?-Lamiyə Quliyeva yazır...

Gələcəyimizin vətənpərvərləri necə yetişdirilməlidir?-Lamiyə Quliyeva yazır...
11-09-2019, 20:30

Vətənpərvərlik - vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğu millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir.
Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

Vətənpərvərlik – Vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə də valideynlərini sevə bilməzsən. Hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir.
Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyub getmişlər. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər. Fəhlə öz vətənpərvərliyini yaxşı işləməklə, alim maraqlı elmi kəşfləri ilə izah edirsə, müasir gənclərimiz doğma torpağımızı və dövlətimizi fədakarlıqla müdafiə etməkdə görürlər. Milli vətənpərvərlik hissinin məzmununu doğma Vətənə məhəbbət, onun tarixi keçmişi, adət-ənənələri ilə fəxr etmək, Vətənin, millətin mənafeyini öz mənafeyi kimi dərk etmək və onun müdafiəsinə hər an hazır olmaq təşkil edir.
Vətənpərvərlik hissi necə aşılanmalıdır?
Bağçada müəllimələr-tərbiyəçilər uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması üçün müxtəlif üsullardan istifadə etməlidirlər. Gündəlik olaraq dərslər çərçivəsində uşaqlara vətənpərvərlik hissini çatdırmağa çalışmalıdırlar. Vətənpərvər mövzuda mahnılar öyrədilməli, dövlət himnimizi hər gün bir dəfə uşaqlarla oxutmalı, milli atributlarımızın şəkillərini çəktirib, onlar haqqında məlumat verməlidirlər. Vətən haqqında ilkin biliklər bağçada öyrədilməlidir ki, zamanla uşaqların yaddaşına həkk olunsun. Qəhrəmanlarımızın, işğal olunan torpaqlarımızın adlarını yavaş-yavaş öyrədilməlidir. Çünki bağça yaşında öyrədilsə, uşaq məktəb yaşına çatanda artıq dövləti, vətəni haqqında müəyyən biliklərə malik olur.
Vətənpərvərlik hissi uşağa məktəbəqədər yaşda aşılanmalıdır. Bu hissi formalaşdırmağı kiçik yaşlardan başlamaq lazımdır. Məsələn, uşaq ana sözü deməyə başlayanda. iki-üç yaşdan sonra uşaqlar çox sual verirlər, hər şeylə maraqlanırlar. Onların suallarını heç vaxt geri çevirmək olmaz. Nə sual verirlərsə, onun yaşı səviyyəsində cavab vermək lazımdır. Torpağımızın çiçəklərindən tutmuş, heykəllərinə qədər məlumat vermək lazımdır. Ən azı Şəhidlər Xiyabanının yanından keçəndə qəhrəmanlar haqqında danışılmalıdır. Uşağın ilkin qəhrəmanlıq bilikləri nağıllarla bağlı olur. Uşaqlara nağıllarla müqayisəli şəkildə qəhrəmanlarımız haqqında da danışmaq lazımdır.

İllərdir formalaşan, ata-babalarımızın qoruduğu mədəniyyəti qorumaq bizim borcumuzdur. Vətən sevgisinin təməli tariximizi, keçmişimizi bilməyimizdən başlanmalıdır. Ulu babalarımızın bizə qanı, canı bahasına yadigar qoyduğu bu torpaqları qorumaq bu gün bizim, sabah övladlarımızın borcudur.
Hər şərtdə, hər şəraitdə hər birimiz vətənə sədaqətlə bağlı olmalı və uşaqlara da bunu aşılamalıyıq. Vətən üçün gözümüzü belə qırpmadan ölümə getməyə hər an, hər dəqiqə hazır olmağı da uşaqlara öyrətmək lazımdır. Bir millətin var olması, həyatını davam etdirə bilməsi ancaq vətəninə sahib olmasıyla mümkündür...

Lamiyə QULİYEVA

Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30