SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mədəniyyətimizin ən gözəl incisi – Milli rəqslərimiz

Mədəniyyətimizin ən gözəl incisi – Milli rəqslərimiz
10-09-2019, 19:30

Rəqslər min illərdən bəri həyat tərzimizdə, mədəniyyətimizdə, incəsənətimizdə geniş yer tutur. Milli rəqslərimiz özündə qədim və zəngin tarixi yaşadır. Sənətşünaslarımızın qeydlərinə görə eramızdan 2-3 min il əvvəl, Tunc dövrünə qədər uzun bir tarixi əhatə edən rəqslər xalqımızın həyatında, məişətində özünə müəyyən yer tutub. Qobustan qayaları üzərində rast gəldiyimiz rəqs - mərasim təsvirləri bunun əyani sübutudur. Doğrudur, sözü gedən dövrdə rəqslər indiki kimi ardıcıllıq və məna daşımayıb, əsasən, ovdan uğurla qayıtmış tayfa üzvlərinin bir növ ritualı hesab olunurdu. Lakin bu qayaüstü rəsmlər deməyə əsas verir ki, bu şəkillərdə təsvir olunan rəqslər müasir rəqslərimizin ilkin versiyası, təməli olub. İlk rəqslər sadə ritmlər və əl çalmalar (çəpik çalma) ilə müşayiət olunub. Daha sonra milli musiqi alətlərimizin müşayiəti ilə daha zəngin müsiqi çaları qazanıb. Milli rəqslərimiz xalqımızın bütün adət-ənənəsini, milli xüsusiyyətlərini, duyğularını özündə təcəssüm etdirir. Xalqımız öz hisslərini, etnoqrafik xüsusiyyətlərini nəsildən-nəsilə incəsənət nümunələrində, mahnılarında, ədəbiyyatında, rəqslərində ötürüb. Bu baxımdan rəqslərimizdə millətimizin sevgisini də, qəhrəmanlığını da, səfərbərlik ovqatını da, qəm-kədərini də, qadın zərifliyi və kişi əzəmətini də görə bilirik. Ona görə də rəqslərə sadəcə ritm və hərəkət ardıcıllığı kimi yanaşmaq doğru olmazdı. Çünki bəzən sözlərin aciz qaldığı məqamlarda rəqslərdəki hərəkətlər insan psixologiyasını tamamilə ortaya qoyur. Rəqs dəyərdir, xalqın keçmişidir, tarixidir. Onun bütün xarakterik cəhətlərini özündə birləşdirən çox zəngin xəzinədir. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – “Mirzəyi”, “Turacı”, “Uzundərə”; yüngül şən – “Tərəkəmə”, “Ceyranı”, “Brilyant rəqsi”; şıdırğı “Qaytağı”, “Qazağı”, “Xançobanı”. Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: “Süzmə”, “Kəsmə”, “Atlanma”, “Çolağı”. İstər solo halında, istər də qrup şəklində oynanılan rəsqlərimizin hər biri quruluşu, melodiyası və rəqs elementləri ilə müəyyən məna daşıyır. Məsələn, “Qaytağı” rəqsi ritm etibarı ilə daha ritmik, cəld olmaqla yanaşı, hərəkətlərin itiliyi ilə də seçilir. Qrup halında oğlanların oynadığı bu rəqsdə müəyyən hərəkət ardıcıllığı vardır. Qaytağı rəqs ifaçılığında ifaçılar arasında yarış duyğusu oyadır, onların çevikliyini, virtuozluq qabiliyyətini, yorulmazlığını, gücünü, qüvvətini nümayiş etdirir.. “Şalaxo” rəqsi isə daha şən və melodikdir. Toylarımızın, şənliklərimizin ən sevimli milli rəqsidir. Qadınlarımızın da oynamaqdan zövq aldığı bu rəqs əsl bayram əhval-ruhiyyəsi yaradır. Bu rəqslərin əksi olaraq “Turacı” rəqsi qadın zərafətini, qadın plastikasını bütünlüklə ortaya qoyur. Lirik musiqi ilə müşayət olunan rəqs incə hərəkətləri, gözoxşayan estetikası ilə insanı heyran edir. Milli xüsusiyyətləri, əxlaq və tərbiyədən irəli gələn utancaqlığı, sevgini “Naz eləmə” rəqsi qədər gözəl təzahür edən rəqs yoxdur. Qız və oğlanın ikili şəklində oynadığı bu rəqs adından da göründüyü kimi qızın nazı, oğlanın isə sevgisini sübut etmək üçün bütün bacarığını ortaya qoymasıdır. Belə ki, lap qədimdən oğlanlar qızlara öz hisslərini açıq - aşkar göstərə bilmirdilər. Bu halda rəqslər, mimikalar, jestlər köməyə çatırdı. Bu mənada “Naz eləmə” rəqsinin dəyəri çox böyükdür. Günümüzdə artıq toylarımızda bu rəqs ailə quran cütlüklərin sevimli rəqsinə çevrilib. Xalqın birliyini, möhkəmliyini ən bariz şəkildə göstərən rəqs dedikdə sözsüz ki, “Yallı” rəqsi yada düşür. Tarixi olduqca qədimə dayanan bu rəqs hər bölgədə fəqli formalarda ifa olunur. Naxçıvanda “Yallı”nın Vətəni Şərur sayılır. Şərur yallıları öz zənginliyi, geyim tərzi, rəqs boyu oynanılan solo hissələri ilə zövq oxşayır. Rəqslərimizin hər birinin özünəməxsus tarixçəsi, anlamı vardır. “Vağzalı” rəqsi bu baxımdan çox maraqlı bir tarixə malikdir. Belə ki, həsrət və sevinc hisslərinin vəhdət təşkil etdiyi bu rəqsin ilk adı XVI əsrdə Azərbaycanda məskən salmış Qaraqoyunlu qəbiləsinin adı ilə bağlıdır. Müasir adını alana qədər bu rəqs “Qarabağın ağırı” kimi olmuşdur. Daha sonra “Vağzalı” adı almasının səbəbi uzaq məmləkətlərə gəlin köçürdən ailələrin vağzaldan qatarla qızlarını yola salmalarıdır. Bir tərəfdən övlad toyu görməyin sevinci, bir tərəfdən də övladdan ayrı qalmağın kədəri bu rəqsin hərəkətlərində, melodiyasında güclü tərənnüm olunub. Bu cür rəqslərimiz yüzlərlədir. Amma çox təəssüf ki, onlarla rəqslərimiz də unudulub, yaddaşlardan silinib.
Rəqslərdəki incəliyi, zərafəti, eləcə də mərdliyi, kişi əzəmətini nümayiş etdirmək üçün milli rəqs geyimlərinin də önəmi böyükdür. Çünki geyimlə hərəkət böyük bir vəhdət təşkil edir. Milli rəqs geyimlərimizdəki naxışlar, işləmələr, aksesuarlar, rənglərin ahəngi musiqi və rəqs eləmentləri ilə birləşdikdə möhtəşəm bir görüntü ortaya çıxır. Buna görə də rəqsin quruluşu, ifa edənin bacarığı qədər geyimin də əhəmiyyəti böyükdür.
Müasir dövrdə bir çox mədəniyyət sahəsinə bu və ya digər şəkildə Avropa mədəniyyətinin tərisini görürük. Bu özünü geyimlərdə, musiqidə, rəqslərdə və.s göstərir. Dünya mədəniyyətinin incəsənətimizə təsiri xoşagələn olsa da, faydasından çox zərərlərini vardır. Milli geyimlərimizə edilən bəzi dəyişikliklər paltarlardakı milli xüsusiyyətləri üstələyir, geyimdə olan Türk qızına məxsus zərafəti itirir. Eləcə də rəqs elementlərinə əlavə və dəyişikliklərin olması onu sıradan edir və digər xalqların rəqsindən ayırmır. Odur ki, rəqslərimizdə və geyimlərimizdə milliliyimizi qorumalıyıq.
Keçmiş ilə günümüzü müqayisə etsək görərik ki, əvvəlki toylarda, şənliklərdə milli rəqslərdən daha çox istifadə olunurdu. Keçirilən tədbirlərdə, göstərilən tamaşalarda, çəkilən filmlərdə əsas yer milliliyə, rəsqlərə verilirdi. Milli adət-ənənənin yaşadıldığı əsas mərasimlər toylarımızdır. Lakin müasir toylarımızda milli rəqslərimiz, milli xüsusiyyətlərimiz ikinci plana keçib. Müasirliyi, inkişafı alqışlayırıq amma bu müasirlik milli adətlərimizi sıxışdırmamalıdır. Bu gün toylarda milli rəqslərdən, musiqilərdən çox xarici rəqslərə, musiqilərə yer verilir. Yaşlı nəslin yaddaşında milli rəqslərimiz qalsa da, gənclərimiz, xüsusilə, balaca uşaqlar bu adətlərdən bixəbərdirlər. Milli rəqslərin təbliği televiziya kanallarında da zəif olduğunu nəzərə alsaq, toylarda da bu cür milli elementləri görməyən uşaqlarla keçmişimiz, etnoqrafiyamız arasında uçurum yaranır. Odur ki, toylarımıza milli rəqslərimizin yenidən qaytarılmasına çalışmaq lazımdır.
“Bəyin oğurlanması” filmini yada salaq. Burada toy səhnəsində demək olar ki, bütün milli mədəniyyət nümunələrimiz öz əksini tapır. Adətlər, gəlin köçürmə mərasimi, rəqslər, ifa olunan alətlər, çalınan musiqi xalqın bütün xarakterini, incəsənətini nümayiş etdirir. Lakin haliyədə çəkilən film və seriallara nəzər yetirdikdə çox təəssüf ki, bunları müşahidə etmirik. Xarici musiqi və rəqsləri bu ekran işlərində təbliğ etməklə əsrlərlə tarixə malik milli rəqslərimiz unudulmağa başlayır. Bütün bunlara baxmayaraq, bir çox mədəniyyət sahəsinə göstərilən dövlət qayğısı rəqslərimizdən də yan keçmir. Ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi bu tədbirlərin açılış və bağlanış mərasimlərində rəqslərimizin, musiqimizin, milli geyimlərimizin və digər mədəniyyət sahələrinin dünya mediasına çatdırılmasında əvəzsiz rol oynamışdır. Ölkəmizə gələn qonaqlar milli mədəniyyət nümunələrimizi böyük maraqla qarşılayır və heyranlıqlarını gizlətmirlər.
Bu qədər zəngin sərvətə sahib olduğumuz üçün olduqca şanslıyıq. Mədəniyyətimiz, incəsənətimiz dünya mədəniyyətinin ən gözəl incilərindən biridir. Bunu qorumaq, təbliğ etmək, övladlarımıza, gələcək nəsillərə çatdırmaq hamımızın borcu olmalıdır.

Lalə Allahverdiyeva
Jurnalist

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30