SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayonunun da tingçilik təsərrüfatı ailə təsərrüfatına çevrilib

Babək rayonunun da tingçilik təsərrüfatı ailə təsərrüfatına çevrilib
8-09-2019, 15:51

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatı ödəməklə yanaşı, həmin məhsulların ixracına da şərait yaradıb. Bununla belə görülən kompleks tədbirlər çərçivəsində Naxçıvanda yeni meyvə bağları salınıb, məhsul istehsalı artırılıb. Bu tədbirlər muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunan 2019-cu ildə də diqqət mərkəzində saxlanılıb.
Babək rayonunun Qaraqala kəndində yaşayan torpaq mülkiyyətçisi Faiq Bayramov da yaradılan şəraitdən istifadə etməklə 5 il bundan öncə yaşadığı yerdə tingçilik təsərrüfatı yaradıb. O, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondundan 30 min manat dövlət maliyyə dəstəyi alıb və təsərrüfatı yarada bilib. Hazırda burada 10 hektar ərazidə meyvə ağacları, 1 hektar ərazidə isə meyvə tingləri becərilir.
Sahibkarın sözlərinə görə, bu ilin payızında 30-40 min ting satışa çıxarılacaq. Növündən və sortundan asılı olaraq bu tinglərin qiyməti 1-3 manat arasında dəyişəcək. Alma, ərik, şaftalı, armud badam ilə yanaşı, məşhur olan yerli meyvə sortları Abutalıbı əriyi, Əndəmic və Bənəniyar heyvası, Kükü alması da bağda yetişdirilən meyvələr arasındadır. Torpaq mülkiyyətçisi yerli sortlarla yanaşı, qonşu ölkələrdən gətirdiyi meyvə tinglərini də yerli iqlim şəraitinə uyğunlaşdırıb. Belə ki, yarım hektar sahədə saldığı cəviz bağında “İsrail sortu”, Amerika sortları sayılan “Centler” və “Fernor” kimi cəviz ağacları becərilir. Qeyd edək ki, bu cəviz növləri yerli sortlardan fərqli olaraq tez – daha doğrusu, 4-5 ilə bara dolur ki, bu da yaxşı gəlir mənbəyi hesab olunur. Bununla yanaşı, sahələrin suvarılması üçün heç bir problem yoxdur. Belə ki, Heydər Əliyev Su Anbarının Sol Sahil Kanalı Qaraqala kəndinin yuxarı hissəsindən keçir və sözügedən təsərrüfat həmin kanala olduqca yaxındır.
Məlumat üçün deyək ki, Faiq Bayramovun rəhbərlik etdiyi təsərrüfatda təkcə ağac və tinglərin deyil, eyni zamanda digər kənd təsərrüfatı bitkilərinin də əkininə geniş yer verilir. Əkin sahələri genişləndikcə təsərrüfatda yeni iş yerləri də yaradılıb. Belə ki, haliyədə ailə üzvləri də daxil olmaqla 10 nəfər burada işlə təmin olunub. Beləliklə, tingçilik təsərrüfatı ötən 5 il ərzində fəaliyyətini genişləndirərək ailə təsərrüfatına çevrilə bilib.


Lalə ALLAHVERDİYEVA

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930