SON DƏQİQƏ

naxcivanxeberleri.com

Etnoqrafik yaddaşımızda avqust ayı Və ya bu dövr yayın anbarı hesab edilir

Etnoqrafik yaddaşımızda avqust ayı Və ya bu dövr yayın anbarı hesab edilir
25-08-2019, 20:00

Təsərrüfat məşğuliyyəti ən çox iqlim dəyişikliyindən asılıdır. Tarixən əkinçilər və maldarlar üçün nəinki ayın, fəslin hətta, hər günün öz işi, qayğısı, məşğuliyyəti, məsuliyyəti olmuşdur. İstər əkinçilikdə, istərsə də heyvandarlıqda bu gün də görüləcək elə işlər vardır ki, onu bir gün yubatmaq həmin ilin məhsulunu itirmək deməkdir. Sadəcə olaraq, müasir dövrdə kənd təsərrüfatında görüləcək işlərin forması dəyişmiş, müasir elmi əsaslara söykənən aqrotexniki qaydalar, müxtəlif gübrələr, dərman preparatlarından istifadə edilir. Elə bu dərman preparatlarının istifadəsini bir saat yubatmaq belə, böyük məhsul itkisinə səbəb olur. Məsələn, üzümçülükdə mildiu xəstəliyinə qarşı dərmanlamanın bir gün yubadılması 20-30 faiz məhsul itkisinə səbəb ola bilir.Bu baxımdan avqust ayında görüləcək işlər də ta qədimdən ata-babalarımız tərəfindən müəyyənləşdirilmişdir.Xalq təqviminə görə avqust ayında havaların bir qədər sərinləməsi bir çox təsərrüfat və məişət işlərini də gündəmə gətirir. Belə ki, yayın anbarı hesab edilən avqust ayında bir çox meyvə-tərəvəzlərin yetişməsi ilə qış tədarükü başlayır.
Xalq təqvimində iki cür vaxt bölgüsü vardır: Günəşin, Ayın müxtəlif ulduzların vəziyyətinə əsaslanan konkret və sabit vaxt bölgüsü. Martın 21-də Novruz, may ayının axırında Buğa bürcündəki Ülkər ulduzlarının, avqustun 5-6-da “Quyruq doğdu”, noyabr ayının 6-7-də “Quyruq dondu” dövrü, payızın yarı olması, dekabrın 21-də Çillə bayramı kimi konkret vaxt bölgüləri də mövcuddur. Müxtəlif illərdə iqlim dəyişikliyi bir qədər gec və ya tez ola bilər. Lakin uzun illik müşahidələr göstərir ki, bu astronomik vaxt bölgüsündə də iqlim dəyişikliyi uyğun gəlir. İkinci bölgü isə feneoloji müşahidələrə əsaslanır.Belə ki, müxtəlif köçəri quşların gəlməsi və ya köçüb getməsi, bitkilərin ilk dəfə cücərməsi, çiçəkləməsi, həmərsinin, böyürtkənin, yemişanın, dağ kəndlərində kəndəlaşın qızarması vaxt bölgüsü kimi qəbul edilir, bir çox işlərin görülməsini də buna uyğun planlaşdırırlar.
Xudaverdi Həsənov “Təbiət və hikmət” kitabında “Quyruq doğdu” ilə əlaqədar yazır ki, Pirqulu stasionarında 1961-1977-ci illərdə apardığımız meteoroloji müşahidələr göstərir ki, 17 ilin 15 ilində avqustun 3-dən 10-dək (bəzi illər 5-8) Azərbaycanın əksər dağlıq rayonlarında müxtəlif miqdarda yağışlar yağır və bununla da, havanın yayda qızma müddəti başa çatır.
Xalq arasında belə bir məsəl var: “Dalınca yaz gələn qışdan qorxma, dalınca qış gələn payızdan qorx”. Əlbəttə, burada qorxmaq sözü qışa hazırlaşmaq, qış tədarükü görmək mənasında işlədilir. Avqust ayında “Quyruq doğdu” dövründən sonra ailələrdə qış hazırlığının bəziləri görülməyə başlayır. Təcrübəli arıçılar quyruq doğmamış balı kəsmirlər. Şahbuz rayonunun Qızıl Qışlaq kəndində arıçıların dediyinə görə balı tez süzsələr, müştərilərini (alıcılarını) qaçırarlar. O cümlədən, deyirlər ki, balı kəndəlaşın çiçəkləri qaralanda süzərlər. Kəndəlaşın çiçəkləri qaralanda arı ailəsində arıların sayı azalır, qurddan (süfrə) düşür, bu da balın süzmə işini asanlaşdırır.
İstər keçmişdə, istərsə də bu gün “Quyruq doğdu”dan, yəni avqust ayının ilk ongünlüyündən sonra sahələrdə şum işinə başlanılır. Əvvəllər quyruq doğmamış saman quru olduğu üçün götürməzdilər. Amma bu gün saman kiplərə vurularaq sahələrdən yığılır. Digər tərəfdən keçmişdə əl ilə biçilib xərməndə döyüldüyü üçün saman ancaq xərməndə olurdu. Müasir dövrdə isə taxıl kombaynla biçildiyi üçün sahə samandan vaxtında təmizlənməlidir.
Avqust ayında qışa hazırlıq işlərinin əksəriyyəti qadınların üzərinə düşür. Armud, üzüm, qarpız, qovun, qabaq, badımcan mürəbbəsi məhz avqust ayında bişirilir. Qarpızın qabığından mürəbbə bişirildiyi üçün çalışırlar ki, az yetişmiş qarpız qabığından istifadə edilsin. Çünki qabıq üstündəki az yetişmiş ağ hissəsi qalın olur. Qarpızın, qovunun, qabağın üst qabığını nazik soyur, xırda tikələrlə doğrayıb bişirirlər. Bəzi ailələrdə almadan, pomidordan, dağ kəndlərində yemişandan da mürəbbə bişirirlər.
Mürəbbə ilə yanaşı, müxtəlif kompotlar da bu dövrdə hazırlanır. Avqustun axırında həmərsindən tomat, kompot, yemişan kompotu, dağ kəndlərində yabanı halda bitən, yemək üçün o qədər də yararlı olmayan cır alça (sarı və qırmızı) kompotu, eləcə də reyhan bitkisinin kompotu hazırlanır.
Avqustun ortalarından havalar nisbətən sərinlədiyi üçün əsas qış azuqələrindən hesab edilən pomidor-badımcan boranısı, kababı, salatı hazırlanıb bankalarda qaynadılaraq ağzı bağlanır. Bibər və pomidor tomatları, acı bibərdən hazırlanan, əhali arasında “aciko” adlanan acı tomat bişirilir. Havalar sərinlədiyi üçün payız xiyarı, pomidoru bəzən isə qarışıq marinadlar bağlanır. Bu dövrdə yarma qaynadılaraq dən daşında çəkilir. Əvvəllər soyuq düşəndə kəsilsə də, bu gün bəzi ailələrdə əriştə də avqust ayında kəsilib qovrulur. Bir sözlə, qış hazırlığının ağırlığı xanımlarımızın üzərinə düşür. Qadınlarımız isə keçmişdə olduğu kimi, bu gün də bir-birinə yardım edir, birlikdə görülən ağır işi asanlaşdırırlar.


Zaleh NOVRUZOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30