SON DƏQİQƏ

naxcivanxeberleri.com

İdrakı, təfəkkürü, söz balansını artıran kitabdır

İdrakı, təfəkkürü, söz balansını artıran kitabdır
25-08-2019, 12:15

Kitab dünyagörüşün, mükəmməl nitqin, mədəniyyətin, elmin, tərəqqinin, maarifin bayraqdarı kimi tarixin bütün dövrlərində aktuallığını qoruyub saxlayıb və bu həqiqət indi də dəyişilməzdir. Buna görə də dünəndən bugünə kitabların əhəmiyyəti ilə bağlı saysız-hesabsız deyimlər, dahilərin fikirləri formalaşıb. Məsələn, deyirlər ki, kitablar nəsillərin bir-birinə vəsiyyətidir. Yaxşı kitab müəllifin insan övladına qiymətli hədiyyəsidir. Kitablar insanların fikir incilərini bir-birinə çatdırır. İnsanlar ölürlər, torpağa çevrilirlər, lakin kitablar əsrlərlə yaşayır. Yaxşı kitablar çoxdur, onları oxumağı bacarmaq, başa düşmək başlıca şərtdir. Kitablar bilik, əxlaq mənbəyidir. Kitabsız dünya vəhşilikdir. Kitablar yaxşı, qayğıkeş nənədir, bibidir, dostdur, müəllimdir.
Bu da bir faktdır ki,son illər elmin, texnologiyanın, müasir innovativ yeniliklərin ixtira olunduğu bir vaxtda kitab oxumaq, mütaliə etmək zərurəti xüsusən gənclər tərəfindən demək olar ki, unudulmuşdu. Etiraf etmək lazımdır ki, kitablar bu “gözəgörünməz müharibə”də çoxdan məğlub olmuşdu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı bu problemin həlli istiqamətində zamanında atılmış addım idi. Fikrimizcə, sərəncamın icrası istiqamətində təkcə gənclərin yox, elmi ictimaiyyətin, müəllimlərin, valideynlərin üzərinə mühüm məsuliyyət düşür.
Əvvəla onu qeyd edək ki, adıçəkilən sərəncam mühüm dövlət sənədi kimi, muxtar respublikada hələ də öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Söhbət kitab oxumaqdan, öyrənməkdən, maariflənməkdən gedirsə, görünür, bu, uzun illər belə olacaq. Kitab oxumaq zərurəti, mütaliəyə yenidən qayıdışın zərurəti kimi qəbul edilən bu qərar uzun müddət qədim diyarda, ölkəmizdə və ondan kənarda fəaliyyət göstərən nüfuzlu mətbu orqanlarının əsas gündəm mövzusuna çevrildi. Təəssüf ki, ilk vaxtlar ölkədəki bəzi saytlar “Oxunması zəruri olan kitablar”a “məcburiyyət donu” geyindirməyə çalışırdılar. Amma sərəncamın preambula hissəsində də göstərilir ki, həmin ədəbi nümunələr gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edir və adından göründüyü kimi, oxunmaları məcburi deyil, zəruridir. Bir sözlə, bu qərarda başqa bir niyyət axtarmaq qaranlıq otaqda qara pişik tapmağa bənzəyir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun imzaladığı sərəncam ictimai-mədəni, ədəbi-bədii müstəvidə mühüm əhəmiyyətli və təqdirəlayiq bir hadisə kimi qiymətləndirilməlidir.
Qeyd edək ki, siyahıdakı ədəbi nümunələr janr, üslub və mövzu rəngarəngliyinə görə seçilir. Məsələn, ən möhtəşəm Azərbaycannamə, milli siyasi-fəlsəfi, tarixi irsin məcmusu, Azərbaycançılıq ideologiyasının Ana kitabı olmaq baxımından “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” hər birimiz üçün tez-tez müraciət edəcəyimiz stolüstü kitab olmalıdır. Olduqca asan şəkildə qavranılan,bir prezident yox,valideyn tövsiyəsi xarakteri daşıyan “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu” da həmin siyahıda yer alıb. “İslamda müdrik kəlamlar” kitabı isə gənclərə İslamı olduğu kimi aşılayan, dini dəyərlərimizi düzgün mövqedən çatdıran mühüm ədəbi nümunədir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilən belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Meterlinkin “Göy quş” əsəri və Azərbaycan ədəbiyyatına tarixi roman janrının banisi kimi düşən Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanı, sonradan siyahıya əlavə edilən və mənfur ermənilərin bu torpaqlara yad olduqlarını, havadarlarının sayəsində bu yerlərə köçürüldüklərini və Naxçıvanla bağlı digər həqiqətləri özündə əks etdirən “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” kitabları xüsusilə seçilir. Siyahıda dünya ədəbiyyatının həvəskarları üçün yaxşı tanış olan Gi De Mopassanın “Gonbul”, Teodor Drayzerin bir rəssamın taleyindən bəhs edən “Dahi” romanı, Nikolay Ostrovskinin həyatsevərlik və mübarizə, prinsipiallıq məktəbi olan “Polad necə bərkidi” bioqrafik romanı, Cek Londonun yaşamaq uğrunda real mübarizəni əks etdirən “Həyat eşqi” hekayəsi, Nobel mükafatı laureatları Ernest Heminqueyin “Qoca və dəniz” kimi əsərləri müasir gəncliyi bədii yaradıcılıq nümunələri ilə tanış etməyə imkan verir.
Bəs gəlin görək, sadalanan ədəbiyyatlar, ümumiyyətlə, mütaliə bizə nə verir və övladlarımıza mütaliə mədəniyyətini necə aşılaya bilərik?
Gəlin, buradan başlayaq ki, uşaqların mənəvi aləminin zənginləşməsində, həyat mövqeyinin möhkəmlənməsində kitablar mühüm rol oynayır. Kitablar əksəriyyət uşaqların həyatına erkən yaşdan daxil olur. Onlar hələ oxumağı bacarmadığı vaxtlarda da kitablarla maraqlanır, dönə-dönə kitabların şəkillərinə baxır, ata və analarından, nənə və babalarından onlar üçün kitab oxumağı xahiş edirlər. Bu vaxt uşaqlar diqqətlə, heyranlıqla qulaq asır, eşitdiyi parçaları əzbərləyirlər. Dastanlardan, nağıllardan müəyyən parçaları əzbər söyləyən uşaqlar çoxdur. Kitablar uşaqlarda səliqəli, işgüzar, qayğıkeş olmaq kimi keyfiyyətlər aşılayır. Uşaqlar sinifdən-sinfə keçdikcə pillə-pillə yüksəlir, onların görüş dairəsi, münasibətlər dünyası genişlənir. Uşaq mütaliə etməklə dünyanı, insanları, ilk növbədə özünü dərk edir.Mütaliə artdıqca onun ağlı, hafizəsi, insani keyfiyyətləri inkişaf edir. Hələ kiçik yaşlarından kitabı özünə yaxın dost, məsləhətçi bilən uşaq daha yaxşı oxuyur. Belə uşaqlar, adətən, oxuduğu kitablarda rast gəldiyi hikmətli sözləri dəftərlərinə köçürür, onları əzbərləyirlər.Kitablar uşaqları dərsliyin səhifələrindən kənara çıxararaq ədəbiyyat, incəsənət, elm dünyasına istiqamətləndirir, uzaq keçmişə aparır, onlara gələcəkdən söz açır. Uşaqlar oxuduqları kitablarda xeyir və şər qüvvələrlə qarşılaşır, uzaq ölkələrə, ayrı-ayrı xalqların həyatı, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və ictimai-siyasi həyat tərzi ilə tanış olurlar.
Kitabları mütaliə etdikcə, əqidəsi naminə zəhər içən Sokratın, tonqalda yandırılan Həllac Mənsurun, Brunonun, dərisi soyulan Nəsiminin, qələbə naminə sinəsini düşmən pulemyotuna hədəf edən Gəray Əsədovun, dostunu xilas edən Qafurun, ağıllı tədbiri ilə Şirvanı Teymurləngin yağmalamasından qurtaran I İbrahimin, ülvi məhəbbəti naminə özünü məhv edən Fərhadın, ata qatilinin iç üzünü açan Hamletin, qısqanclıq qurbanı olan Dezdemonanın, ürəyini tufanlara tapşıran, həqiqət, əqidə, ədalət naminə dar ağacını qəbul edən Xosrof Ruzbehin, alman faşistlərinə qarşı amansız mübarizə aparan Mixaylo ləqəbli Mehdi Hüseynzadənin, Vətən uğrunda canını fəda edən Mübariz İbrahimov, Qabil Orucəliyev kimi onlarla şəhidlərin obrazı uşaqların gözü önündə canlanır. Uşaqlar kitablarda Vətən ideallarını, xalqın mübarizəsini, humanizmi, düzlüyü, doğruçuluğu, ədaləti görür və həmin əxlaqi kateqoriyalar naminə mübarizəyə qoşulurlar.
Kitablar dil açıb bərəkətli Vətən torpağından, kəhrəba taxıl zəmilərindən, ağ qızıl çöllərindən, dənizin dalğalarına sinə gərib qara qızıl çıxardan cəsur əmək adamlarından söz açır. Vətən bütün əzəməti, gözəlliyi ilə göz önündə canlanır. Kitablar təlqin edir ki, insanlar əmək xariqələri yaradırlar. Onlar ata və analara hörmət hissini daha da artırırlar. Ata-ana məhəbbəti genişlənərək Vətən məhəbbəti ilə birləşir.
Kitablar gəncləri cəsurluq, qəhrəmanlıq aləminə aparır.Ölümsüzləşmiş qəhrəmanlar kitabların səhifələrindən baş qaldıraraq “Vətəni sev”, “Vətən naminə hər cür əzaba döz” ,– deyə pıçıldayırlar. Kitablar insanlarda humanizm, insanpərvərlik kimi müqəddəs bəşəri hisslərin tərbiyə olunmasına şərait yaradır. Kitablar həyatı dərk etməyi, xeyirlə şərin mübarizəsini anlamağı öyrədir. Oxucu anlayır ki, səadət, xoşbəxtlik və azadlıq asanlıqla əldə edilmir.Azadlıq, səadət və xoşbəxtlik uğrunda mübarizə etmək, bəzən qurban vermək lazım gəlir.
Xoşbəxtliklə yanaşı, bədbəxtlik də var. İnsan bədbəxtlikləri içərisində ən dəhşətlisi qorxaqlıqdır, kiçilməkdir. Kitablar öyrədir ki, əgər qorxaqsansa, deməli, hər şeyi-namusu, şərəfi, hörməti, etibarı, adı, Vətəni də itirə bilərsən. Ona görə də həmişə mübariz olmaq, kiçilməmək lazımdır.İnsan üçün qorxulu bəlalardan biri də qəlb yoxsulluğudur. Bu o deməkdir ki, belə adamların qəlbində müqəddəs olan heç bir şey yoxdur. Kitablar mərhəmətli, qayğıkeş, sadə və təvazökar, intizamlı olmağı, əməyi, əmək adamlarını sevməyi, əməkdə iştirak etməyi öyrədir.
Kitab hər bir yeniyetmə və gəncə şüurlu həyat yolu sürməkdə, peşə istiqamətini düzgün müəyyənləşdirməkdə kömək edir, insana öz ləyaqətini düzgün qiymətləndirməyə, onun özünü, kimliyini dərk etməsinə, həyat zirvəsinin nədən ibarət olmasını anlamasına şərait yaradır. Kitab insana yalnız özü üçün deyil, başqaları üçün də yaşamağı, işləməyi öyrədir. Məktəbli dərk edir ki, özü üçün zəhmət çəkmək hələ səadət deyildir. Səadət başqaları üçün işıq olmaqdır. Necə ki, müdriklərdən biri belə demişdir: “Təcrübə yalnız o adamları xoşbəxt adam kimi yüksəldir ki, onlar daha çox adama səadət gətirmişlər”.
Kitab ictimai həyatımızda baş verən və ictimaiyyəti daha çox narahat edən xoşagəlməz hallara – xuliqanlığa, boş-boş veyillənməyə, tənbəlliyə, bədxahlığa və paxıllığa qarşı mübarizə aparmağı öyrədir. Kitablar məktəblini Xudayar bəylər, Şeyx nəsrullahlar, imamyarlar, Hacı qaralar dünyası ilə qarşılaşdırır, həyatda belələrinə qarşı amansız olmağı öyrədir.
Kitablar adamları həqiqi dostluğun, məhəbbətin, ailənin mahiyyətinə dair məlumatlarla da silahlandırır. Həqiqi övlad tərbiyə edən ata və ana Vətən qarşısında özünə ölməzlik heykəli ucaldır. Vətənə, xalqa sədaqət ata çörəyinə sədaqətdən başlayır. Uşaqlar kitablarda xalqımızın çörək haqqındakı folklor nümunələri ilə tanış olurlar.
Kitablar vasitəsilə uşaqlar, məktəblilər Azərbaycan tarixinin həyatında silinməz izlər buraxan Şəmsəddin Eldənizin, Şah İsmayıl Xətainin, Fətəli xanın, Cavad xanın, Ehsan xanın, ulu öndər Heydər Əliyevin və başqa tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti ilə tanış olurlar. Onlar haqqında əfsanələr, real həqiqətlər, xatirələr, əsərlər gənclərdə insanlıq borcuna sədaqət, mərdlik, sadəlik, təvazökarlıq, mübarizlik, çətin anlarda mətinlik, qarşılıqlı hörmət, humanizm, nəciblik, həssaslıq, dostluq və başqa bəşəri keyfiyyətlər tərbiyə edir.
Uşaqlar yaşa dolduqca bədii ədəbiyyat mütaliə etməklə kifayətlənmirlər. Onlar eyni zamanda elmin müxtəlif sahələrində fəaliyyət göstərmiş adamların həyatı, taleyi ilə də maraqlanırlar, bu və ya digər kəşfin necə edildiyini öyrənməyə çalışırlar. Onlar təbiətşünaslığa, riyaziyyata, fizikaya, texnikaya dair kitabları da böyük həvəslə oxuyurlar. Buna görə də hər bir valideyn övladının mütaliəsinə qayğı ilə yanaşmalı, müəllimlərlə, məktəb kitabxanaçısı ilə məsləhətləşməlidir. Belə məsləhətlər hər bir valideynin övladının nə və necə oxuması ilə tanış olmasına, təlim materiallarının səmərəli öyrənilməsinə, məlumatlar almasına imkan yaradar.
Nəhayət, hər bir valideyn kitabın bu məziyyətlərini nəzərə alıb evində kitabxana təşkil etməlidir. Əlbəttə, kitab toplamaq, kitabxana təşkil etmək nə qədər yaxşı, xeyirxah iş olsa da, ona müraciət etmək, onu danışdırmaq daha yaxşıdır.


Kamal CAMALOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30