SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubadın cənnətməkan guşəsi – Nüsnüs kəndi

Ordubadın cənnətməkan guşəsi – Nüsnüs kəndi
24-08-2019, 14:43

Ordubad haqqında çox yazılıb. Onun bənzərsiz təbiəti, mehriban, qonaqpərvər insanları haqqında çox danışılıb. Qədim tarixi ənənələrə, bənzərsiz gözəlliklərə malik olan bu diyar həmişə adamı özünə çəkib, ovsunlayıb. Hər daşının, hər qayasının öz tarixi, əsrarəngiz mənzərəsi, min illərlə süzülüb gələn adət-ənənələri, unudulmayan dəyərləri var bu qədim yurd yerinin. Bütün bu sadaladıqlarımız bu gözəl bölgəyə olan marağı daha da artırır. Biz də bu marağa qatılıb yolumuzu Ordubad rayonunun Nüsnüs kəndinə salırıq. Nüsnüs kəndi rayon mərkəzindən 7 kilometr şimal-şərqdə yerləşir. Kəndə daxil olanda dağ mənzərələrinin yaşıllıqları göz oxşayır. Kəndə daxil olar-olmaz buranın tarixi ilə maraqlanırıq. Bizə kənd sakini Akif Cəlilovu nişan verirlər. Onunla görüşürük. Akif Cəlilov sual dolu baxışlarımıza cavab olaraq deyir: Qədimdən bu kənddə cəmi dörd tayfa yaşayıb. Bunlara Əsgər tayfasını misal göstərmək olar. Əlincə ərazisindən qaçqınlar köçüb gəliblər. Onlara Çaylılar deyilir. Nüsnüsdə sovet hökumətinin vaxtında kəndin aşağılarında evlər yox idi. Ancaq dar döngələrdən yuxarı qalxdıqca kəndin haradan başladığını görürük. 60-cı ildən sonra sel gəldi, bəzi evləri su basdı, hökumət məcbur olub camaata yer payladı. Vaxtilə dağ ətəyində o qədər üzümlük salınmışdı ki, bu üzüm talvarları Əndəmic kəndinə qədər gedib çıxırdı. Salxımların biri iki kiloqram gəlirdi. O qədər üzüm sortları var idi ki, şəfeyi, nəxşəvi, tayfi - onların 1 salxımını bir adam yeyib qurtara bilmirdi. Nüsnüs kəndi dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir. Qədim tarixi köklərə malik kəndin yay mənzərəsi daha gözəl olur.
Rayonun qabaqcıl mədəniyyət işçisi. Nüsnüs kənd sakini Oruc Əliyev bizimlə söhbətdə deyir ki, istilər düşən kimi arı pətəklərimizi yaylaqlara çıxarırıq. Çünki təbiətimiz min bir dərdin dərmanı olan otlarla, çiçəklərlə zəngindir. Ordubadın dağ kəndlərindən olan Nüsnüs təbiət mənzərələri ilə zəngindir. Bu kəndin buz bulaqları, sakit axan Dübəndi çayı, mineral müalicə əhəmiyyətli suları kəndin turizm potensialından xəbər verir. Bizim bulaqların suyu tərtəmizdir. Sularımız mirvari kimi dumdurudur. Bizdən yuxarıda yaşayış olmadığından həmin sular süzülüb tərtəmiz şəkildə kəndimizə gəlib çıxır. Dağlar arasında çaya yaxın hər yerdə bulaqlar mövcuddur. Həmin bulaqlardan Şah çeşməsi, Şahalar çeşməsi var. Orucluq ayında oruc tutanlar oruclarını açmaq üçün məxsusi olaraq gedib Şahlar çeşməsindən su doldurub gətirirlər. Yaylaqlarda olan çobanlarımız, kəndə gələn qonaqlar gedib həmin bulaqların kənarında dincəlirlər. Bu bulaqların həndəvərini olduqca təmiz saxlayırlar. İnsanlar uca Allahın bəzək verdiyi bu yerləri çirkləndirməyi günah hesab edirlər. Kəndimiz çox gözəldir. Füsunkar təbiəti, minbir dərdə dərman olan bitkiləri, buz kimi çeşmə bulaqları, sirli-soraqlı qocaları bu yerlərin qiymətli xəzinəsidir. Kəndimiz bir qalaya bənzəyir. Ətrafı dağlarla əhatə olunub. Bu kəndin dağlarının qalaya banzədilməsi heç də təsadüfi deyil. Hələ ötən əsrin əvvəllərində ermənilərin yurd yerlərimizi viran qoyduğu zaman Nüsnüs kəndinin dağları bu yaşayış məntəqəsini qala kimi qoruyub. Kəndi əhatəsinə alan keçilməz dağlarla yanaşı, onun əli qılınc tutan igid cəngavərləri kənddə ermənilərin soyqırımı törətməsinə imkan verməyiblər. Bu kənd dağlıq zonada yerləşdiyindən əhali əsasən heyvandarlıq, əkinçilik və meyvəçiliklə məşğul olur. Həmin heyvanlar yayda yaylağa qaldırılır, qışda isə kəndə gətirilərək tövlə şəraitində bəslənilir. Kəndə yuxarıdan baxanda bu yurd yerinin meyvə bağları göz oxşayır. Bu yerlərin təbii iqlimi meyvəçiliyin inkişafına münbit şərait yaradır.
Nüsnüs kəndi muxtar respublikamızda az sayda yaşayış məntəqələrimizdən biridir ki, zoğal meyvəsi əkilir. Zoğal müalicəvi baxımdan çox qiymətli meyvədir, bir çox xəstəliklərin dərmanıdır. İshal, soyuqdəymə, təzyiqə çox xeyirli bir bitkidir. Zoğaldan mürəbbə və komport hazırlanır ki, ləzzətindən doymaq olmur. Zoğalın kökü də bir çox xəstəliklərin dərmanıdır. Həmin kökü qurudaraq dəmləyib içirlər. Kənddə hər il 30 - 40 tona yaxın zoğal istehsal olunur. Həmin meyvələr Ordubad və Naxçıvan şəhərlərindəki bazarlarda satılır. Zoğal şaxtaya da davamlıdır. Şaxta alma, armud, ərik, şaftalı ağaclarının çiçəklərini məhv etsə də zoğala təsir etmir.
Ordubadın simvoluna çevrilən limon Nüsnüs kəndində də demək olar ki, hər evdə becərilir. Burda limon haqqında məlumatı olmayan, limon yetişdirməyən adamları barmaqla saymaq olar. Kənd ziyalısı Kamal Lütvəliyev limonçuluqla məşğul olan sakinlərdəndir. Son illər limon yetişdirmək işini bir xeyli genişləndirib. Kamal Lütvəliyev deyir: Limonçuluqla uşaqlıqdan məşğul oluram. Limonçuluqla məşğul olmaq üçün hər cür şəraitimiz var. Ona görə də mən limon ağaclarının sayını artırmağa başladım. Meyvələr içində limon ən dəyərli məhsuldur. Limon çox xəstəliklərin dərmanıdır. O demək olar ki, küsəyən ağacdır. Daim diqqət və qayğı tələb edir. Ona yaxşı qulluq etdikdə bol məhsul götürmək mümkündür.
Nüsnüs kəndində adət-ənənələrimizə bağlılıq, böyüyə hörmət, kiçiyə diqqət bu gün də qalmaqdadır. Kəndin uzun ömürlü ailələrindən biri də Nəsirovlar ailəsidir. Sevdiməli Nəsirov bu ailənin ağsaqqalıdır. O, nəvə-nəticələrini, övladlarını başına toplamağın sevincini yaşayır. Deyir ki, 7 övladım var. İkisi qız, beşi oğlandır. 20 nəvəm, 44 nəticəm, 1 dənə də kötükcəm var. Hamısı gəlib başıma toplaşırlar. Bir dediyimi də iki etməzlər. Bundan böyük xoşbəxtlik nə ola bilər ki? Kəndin dünəni ilə müqayisədə bu gün firavanlıqdır. Kəndimizdə işıq, qaz, su problemi yaşanmır. Bu da müstəqil dövlətimizin bizə olan diqqət və qayğısından xəbər verir. Sevdiməli baba deyir ki, məni sağlam saxlayan çalışmağım olub. Yaşımın bu vaxtında da təsərrüfat işlərindən əl götürmürəm, işləməkdən böyük zövq alıram.
Nüsnüslülər zəhmətsevər, mehriban, qonaqpərvər olmaqla yanaşı, dini inanclarına da sadiq insanlardır. Kənddə iki məscid binası yerləşir. Bunlardan biri Qırxkimsənə deyilən yerdə yerləşir. Bu pir mühüm tarixi abidələr sırasındadır. Məscidə həkk edilmiş kitabə də pirin nə qədər qədim olduğundan xəbər verir. Həmin yazılı kitabə haqqında ilk dəfə rus şərqşünası Xanıkov xəbər verib. Kənddə olduğumuz zaman Bakı şəhərindən Nüsnüs kəndinə qonaq gəlmiş Sevil Heydərova deyir ki, mən hər il yay fəsli Naxçıvana dincəlməyə gəlirəm. Hər gəldiyimdə də Qırxkimsənə pirini ziyarət edirəm.
Yurdumuzun hər qarışı gözəlliklərlə doludur. Bu yazımızda həmin gözəllikləri özündə yaşadan Nüsnüs kəndindən söhbət açdıq. İnanırıq ki, illər keçdikcə öz milli xüsusiyyətlərini qoruyub yaşadan Nüsnüs kəndi, daha da gözəl olacaq, turistlərin sevdiyi ünvanlardan birinə çevriləcək.


Ş. VİDADİQIZI

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30