SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nehrəmdəki üzümçülük təsərrüfatında bol məhsul yetişdirilib

Nehrəmdəki üzümçülük təsərrüfatında bol məhsul yetişdirilib
17-08-2019, 09:45

Naxçıvan Muxtar Respublikasında yetişdirilən üzüm bitkisi dərin tarixi köklərə bağlanır.Hələ çox qədimdən Naxçıvan üzümündən hazırlanan məhsullar qonşu ölkələrə daşınmış, geniş ticarət əlaqələri yaradılmışdır. XIII əsrə aid “Əcəib əd dünya” (dünyanın qəribəlikləri) əsərində göstərilir ki, Naxçıvanda çoxlu meyvə və üzüm bağları olmuş, buradan hər il çoxlu miqdarda quru məhsul xaricə göndərilmişdir. Hazırda muxtar respublikanın aqrar bölməsində ən gəlirli sahələrdən biri üzümçülükdür. Həm qidalılıq əhəmiyyətinə, həm də iqtisadi səmərəsinə görə üzüm geniş ərazidə əkilib-becərilir.Babək rayonunun Nehrəm kəndində yerləşən “Sumqala” üzümçülük təsərrüfatında da bol məhsul yetişdirilib.

Sovet dönəmində Azərbaycanda üzümçülüyün sürətlə inkişafı ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü tədbirlərin nəticəsi kimi qiymətləndirilməlidir. 1969-cu ilə qədər olan dövrün təhlili göstərir ki, respublikada cəmi 272 min ton üzüm istehsal olunub. Sonrakı dövrlər – daha doğrusu ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlarda artıq üzümün illik istehsalı 2 milyon tona çatdırıldı. İstehsal olunan bu məhsulun 148 min tonu Naxçıvan Muxtar Respublikasının payına düşürdü. Üzüm istehsalına görə birinci yerdə Şərur, ikinci yerdə Babək, üçüncü yerdə Culfa, dördüncü yerdə Ordubad, beşinci yerdə isə Şahbuz rayonu dayanırdı. Hətta ərazisi dağlıq və dağətəyi olan Şahbuz rayonunda ildə 5 min ton üzüm istehsal olunurdu ki, bu da təbiətdən alınmış qənimət, nemət kimi qiymətləndirilməlidir.
Üzümçülüyün şöhrətini özünə qaytarmaq üçün bu gün də əsaslı və təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir. Bu sahənin inkişaf etdirilməsinə dair qəbul edilmiş dövlət proqramları muxtar respublikamızda da üzümçülüyün yüksək templə inkişafına stimul vermişdir. Hesablamalar göstərir ki, bir hektar üzümlük sahəsi dənli bitkilərdən 3,9 dəfə, pambıqdan 2,7 dəfə, tərəvəz bitkilərindən 7,5 dəfə, meyvə bağlarından 2,6 dəfə artıq gəlir gətirir. Naxçıvanın torpaq-iqlim şəraiti bu bitkinin inkişafı, yüksək və keyfiyyətli məhsul istehsalı üçün çox əlverişlidir. Qədim Naxçıvan torpağının ata-babadan bu günümüzə min bir zəhmət hesabına gətirilib çatdırılan 150-yə yaxın yerli üzüm sortu vardır. “Qırmızı kişmişi”,“Ağ kişmişi”, “Qara kişmişi”, “Mərməri kişmişi” , “Mələyi”,“Ağ aldərə”,“Göy aldərə”, “Hərnəqırna”, “Şəfeyi”,“ Kürdəşi”, “Tayfı”, “Hüseyni”,“Ağagörməz”, “Gülabı”,“Batıq”, “Qoyungözü” kimi sortların bir çoxu bu gün də muxtar respublikadakı üzümçülük təsərrüfatlarında əkilib-becərilir.
Son illər Babək rayonunda da yeni üzümlüklərin salınması, mövcud üzümçülük təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Rayonun Didivar, Nehrəm, Zeynəddin, Qaraqala, Qahab və başqa kəndlərində yeni üzümçülük təsərrüfatları yaradılıb. Onlardan ən böyük olanı isə Nehrəmdəki “Sumqala” üzümçülük təsərrüfatıdır.“Qarğa bazarının altı” adlanan sahədə müasir texnologiyalara cavab verəcək səviyyədə 180 hektara yaxın üzüm plantasiyası yaradılmış və elmi əsaslarla becərilməsi həyata keçirilir. Ata-babalarımızdan həmişə təkcə yerli sortlar deyil, eyni zamanda perspektivli meyvə, üzüm sortlarına da müraciət edilərək əkinlər həyata keçirilmiş, yaxşı gəlir əldə etmişlər. Qeyd olunan bu üzümlük sahəsinə qədəm qoyan insanlar ilk baxışdan heyrətə gəlirlər ki, insan təfəkkürü, insan zəkasının məhsulu nə qədər ecazkarlığa malikdir. Zamanında qarağan kollarından başqa heç bir bitkiyə rast gəlinməyən, “ilan mələşən” bu çöllərdə müasir texnologiyalara cavab verə biləcək bir şəkildə üzümlüklər yaratmaq olduqca zəhmət tələb edir. Burada 50 kiloqram ağırlığında olan beton dirəklərdən deyil, fiziki cəhətdən də belə zəif olan bir insanın asanlıqla yer dəyişmədə istifadə edə biləcəyi, yüngül metal konstruksiyalı dayaqlar tətbiq edilmişdir. Suvarma sularına 20 dəfə qənaət etməklə damcı üsulu tətbiq edilmiş və xətlər müasir texnologiyalar əsasında qurulmuşdur. Bütün üzüm tənəkləri calaq üsulundan istifadə edilməklə, Naxçıvan Muxtar Respublikasının kontinental iqlim şəraiti üçün rayonlaşdırılmışdır. Üzüm sortları elə seçilmişdir ki, məhsul mərhələli yetişir. Bu isə ona əsas verir ki, mövsüm ərəfəsində davamlı realizə və gəlir əldə olunsun. Sahədə zərərverici və xəstəliklərə qarşı mübarizədə və eləcə də mineral və üzvi gübrələrdən istifadə olunması müasir texnologiyalar əsasında həyata keçirilir. Artıq “Sumqala” üzümçülük təsərrüfatından yığılan məhsullar Naxçıvan və paytaxt Bakı bazarları ilə yanaşı,bu ildən ilk dəfə olaraq Rusiya Federasiyasına da ixrac olunacaq. Məlumat üçün deyək ki, ötən günlərdə təsərrüfatdan toplanan 10 ton üzüm və 1,5 ton alma Əlahiddə Ümumqoşun Orduya, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına, həmçinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına təhvil verilib.
Üzüm plantasiyasında tezyetişən sortların da məhsul yığımına başlanılıb. Toplanılan məhsul sahədən çıxarıldıqdan sonra seçilib təmizlənir və paketlənir. Soyuducu anbarda müəyyən olunmuş temperaturda bir müddət saxlanıldıqdan sonra satış üçün göndərilir. Toplanan məhsuldan kişmiş və mövüz də hazırlanır. Bağdan mövsümün sonuna qədər 500 tona yaxın məhsul gözlənilir. Yığılan məhsulun saxlanılması üçün 250 ton tutumu olan soyuducu anbar da inşa olunub. Burada 200-ə yaxın rayon sakini işlə təmin olunub. Digər sahələr də fəaliyyətə başladıqdan sonra təsərrüfatda 500-ə yaxın vətəndaş işlə təmin olunacaq. Gələcəkdə təsərrüfatda üzüm sirkəsi istehsalı sahəsinin də yaradılması nəzərdə tutulub. Qeyd edək ki, Nehrəm kəndi ərazisindəki üzüm bağı 2015-ci ildən 80 hektar sahədə salınıb. Sonradan isə bağın ərazisi hər ötən il genişləndirilib. Bağın gələcəkdə 200 hektara çatdırılması nəzərdə tutulur. Təsərrüfatın ərazisində üzümlə yanaşı, digər meyvələrin əkininə də diqqət yetirilir. Hazırda 25 hektar sahədə 50 mindən artıq məhsuldar alma tingi əkilib.
Qeyd edək ki, üzümçülük təsərrüfatlarında avqust ayında bir çox aqrotexniki tədbirlər görülməlidir. Belə ki, avqustun 10-dan 15-dək oidiuma qarşı üçüncü tozlama, üzüm salxım yarpağı bükənə qarşı üçüncü çiləmə və sahələrin üçüncü dəfə kultuvasiyası aparılmalıdır. Avqustun 15-dən sentyabr ayının sonlarınadək seçmə ilə süfrə üzümlərinin yığımına başlanılmalıdır. Texniki üzüm sortlarını isə sentyabrın 10-dan başlayaraq şəkərlik 16 faizə çatdıqda yığmaq olar. Oktyabr ayında üzümlüklərə gübrə verilməsi, cərgə aralarının şumlanması və suvarılması həyata keçirilməlidir. Tənəklərin qış və yaz şaxtalarına dözümlülüyünü gücləndirmək və gələn ilin bol məhsulunun təməlinin qoyulması üçün sahələrə fosfor, kalium və çürümüş peyin verilir, dərin şum edilməklə suvarılır. Oktyabr-noyabr aylarında tənəklərin basdırılması işlərinə başlanılmalıdır. Tənəklərin basdırılması qışı sərt keçən Naxçıvan Muxtar Respublikasının iqlim şəraitində üzümün aqrotexniki becərilməsi kompleksində ən əhəmiyyətli və məsuliyyətli tədbirlərdən biridir. Ona görə də bu iş ilk şaxtalar düşənə kimi başa çatdırılmalıdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30