SON DƏQİQƏ

naxcivanxeberleri.com

İnsanları paklığa, halallığa səsləyən- Qurban bayramı

İnsanları paklığa, halallığa səsləyən- Qurban bayramı
11-08-2019, 21:30

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində yüksək səviyyədə qeyd olunur. Qurban bayramı bütün müsəlman ölkələrində olduğu kimi müstəqilliyinin 28-ci ilini yaşayan ölkəmizdə də yüksək səviyyədə qeyd olunur. Sovetlər birliyi dönəmində bir çox milli və dini bayramlar kimi Qurban bayramı da xalqımıza yasaq edilmiş, bu bayramın dövlət səviyyəsində qeyd olunmasına imkan verilməmişdir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Qurban bayramının da dövlət səviyyəsində qeyd olunmasına şərait yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi 27 oktyabr 1992-ci il tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanuna əsasən Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində bayram edilir.
Qurban bayramının əsasında Allaha sonsuz sevgi və iman işığı dayanır. İnsanları paklığa, halallığa səsləyən Qurban bayramında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə bu ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsan olan, buynuzunun və yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslam dinində məsləhət görülmür.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır.
Beləliklə, bu bayramın və ayinin də əsasında, İslam dininin digər müqəddəs bayramı Oruc bayramında olduğu kimi, xeyirxahlıq, paklıq, Allaha inam və sevgi durur.
Qurban bayramında bəzən bir neçə adam bir heyvan alıb onu öz arasında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edir. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilər. Bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissədən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələri isə fəqir-füqəraya paylanmalıdır.
Qurban bayramının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə ət yeyə bilmədiyi halda qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməl icra edirlər.
Qurban bayramının şərtlərindən biri də qurban kəsmək imkanı olan varlı adamların boynunda haqqın olmasıdır. İmkanı olmayan şəxsə isə qurban kəsmək vacib deyil. Borc pulla qurbanlıq heyvan alıb kəsmək İslam dinində təqdir olunmur. Çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Qurban bayramında hamı sevinməlidir. Varlılar Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə dünya mal-nemətindən əldə etdiklərinə və başqalarından mərhəmət və qayğıya görə.
Azərbaycan Respublikasının Milli Məclisi 2006-cı il 19 dekabrda qəbul etdiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunla Qurban bayramının iki gün qeyd olunmasını rəsmiləşdirmişdir.
Bu il avqust ayının 12-13-ü Qurban bayramıdır. Bayram günlərində ölkəmizdə dindarların müqəddəs yerlərə ziyarətə getməsinə də şərait yaradılıb. Hər il zəvvarlarımız İslamın müqəddəs yerləri olan Kəbəni ziyarət edib, öz diləklərini, dualarını edirlər.
Prezident İlham Əliyev xalqımızı və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik etmiş və demişdir: “Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənə­lərinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir”.
Biz də İslam dininin ən müqəddəs bayramlarından olan Qurban bayramı münasibətilə rayonumuzun sakinlərini təbrik edir, onlara bu bayramda arzu və diləklərinin, dualarının qəbul olunmasını arzu edirik.
Qurban bayramınız mübarək!


A.AĞAYEV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031