SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanlıları birləşdirən gün...-Ramiz Qasımov

Azərbaycanlıları birləşdirən gün...-Ramiz Qasımov
30-12-2018, 09:29

Müəyyən səbəblər üzündən dünyanın bir çox yerlərinə səpələnmiş Azərbaycan xalqının həmrəyliyi məsələsi tarixi proseslərin doğurduğu məntiqi nəticə idi. Dünyada 50 milyondan çox azərbaycanlı yaşamaqdadır. Bu böyük qüvvəni bir amal ətrafında birləşdirmək yalnız müdrik bir liderə nəsib olan hadisə idi. Bu mənada tarixi proseslərə düzgün qiymət verən və əsrin dili ilə danışmağı bacaran bu qüdrətli şəxsiyyət ümummilli lider Heydər Əliyev oldu. “XXI əsrin astanasında dünya azərbaycanlılarının həmrəyliyinə daha böyük ehtiyac vardır”, – deyən ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmaq təşəbbüsü ilə çıxış edərək özünü bir daha qüdrətli bir strateq kimi təsdiq etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilən ulu öndər Heydər Əliyev 1989-cu il dekabrın 31-də Naxçıvan əhalisinin Arazboyu ayırıcı sərhədləri yıxıb birlik, həmrəylik nümayiş etdirmələri hadisəsini böyük bir ideyanın başlanğıc günü olaraq qiymətləndirdi və 1991-ci il dekabrın 18-də sərəncam imzalayaraq 31 dekabrı “Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü” kimi təsis etdi.
Ümumiyyətlə, belə bir tarixi əhəmiyyətli günün qeyd edilməsi nə vəd edirdi və nə əhəmiyyət kəsb edirdi? Ulu öndərimizin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri bu sualın cavabını tam mənası ilə özündə ehtiva edir: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir. Bu yüksək ideyaların birləşdirici dəyərlər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin yaşadılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin müqəddəs amalı idi”. Demək ki, bu ideya hər şeydən əvvəl harada yaşamasından aslı olmayaraq azərbaycanlıların fəallaşması, bir vətən və ideya, məfkurə ətrafında birləşməsinə xidmət edirdi. Bu ideya hər bir azərbaycanlını, 50 milyonluq nəhəng xalqı milli məfkurə ətrafında birləşdirmək üçün möhtəşəm addım idi. Bu ideya XX əsrdə müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin ən böyük zəfərlərindən biri idi. “İnanıram ki, gələcəyin güclü, qüdrətli Azərbaycanı dünya azərbaycanlılarının bu günlərimizdə əsası qoyulan və getdikcə mətinləşən həmrəyliyinin bünövrəsi üzərində qurulacaqdır”, – deyə dünya azərbaycanlılarının həmrəyliyi ideyası ilə çıxış edən ulu öndər Heydər Əliyev bununla həm də siyasi uzaqgörənlik və müdriklik nümayiş etdirmişdi.
Dünya azərbaycanlılarının birlik və həmrəyliyinin ideya mərkəzində milli məfkurə, azərbaycançılıq ideologiyası dayanır. O ideya ki, ümummilli liderimiz Heydər Əliyevin təbirincə belə əsaslanırdı: “Vətəndən, ana torpaqdan şirin şey yoxdur. Siz düşünməyin, Azərbaycan sizə nə etməlidir? Düşünün ki, siz Azərbaycan üçün nə etməlisiniz. Şərt odur ki, insan milləti, vətəni, torpağı üçün nə edib?”
Bu sahədə təşkilatçılıq işini gücləndirən ümummilli lider 2001-ci il mayın 23-də dünya azərbaycanlılarının I qurultayının keçirilməsi barədə sərəncam imzalamış, müxtəlif ölkələrdən qatılan 600-dən çox nümayəndənin və çoxsaylı qonaqların iştirakı ilə 9-10 noyabrda Bakıda ilk möhtəşəm qurultay keçirilmişdi. Ümummilli liderimizin növbəti 2002-ci il 5 iyul tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, dövlət-diaspor əlaqələrinin sıxlaşması üçün münbit ideya-nəzəri və təşkilati zəmin hazırlanmışdı. Həmin il dekabr ayının 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirmişdir.
Bu sahədə Ulu öndərimizin atdığı addımları, zəngin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük məharətlə davam etdirmişdir. Ölkə başçısı dünya azərbaycanlılarının həmrəyliyi sahəsində daha yüksək uğurlar əldə edilməsi üçün bütün imkanları səfərbər etmişdir. Bu əhəmiyyətli işin davamı olaraq dünya azərbaycanlılarının II, III və IV qurultayları keçirilmişdir. Bu sahədə işin düzgün təşkili isə Azərbaycanın dünya birliyində təbliği və tanınması işinə öz töhfələrini verdi. Bu sahədə qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və qazanılan etimadında özünü aydın nümayiş etdirdi. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası Parlament Assambleyasında fəal iştirakı, sözçülük haqqı, habelə dövlətimizin xeyrinə qəbul edilən qərarlar, eləcə də bir sıra digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı məhz böyük siyasətimizə başçılıq edən cənab İlham Əliyevin siyasi iradəsi və uğurlu rəhbərliyinin nəticəsidir. Aprel qələbəsi və Günnüt zəfəri Azərbaycanın həm də hərbi güc və ərazi bütövlüyü sahəsindəki qüdrət və əzmini uğurla nümayiş etdirdi.
Bu böyük siyasət adamı təkcə dünya azərbaycanlılarının birliyi üçün təşkilatçılıq xidmətləri göstərməmiş, həm də Heydər Əliyev yoluna uyğun olaraq müasir inkişafın tələblərini nəzərə alaraq yeni vəzifələr, fəaliyyət prinsipləri müəyyənləşdirmişdir. Böyük siyasətçi Prezident cənab İlham Əliyev dünya azərbaycanlılarının III qurultayında həmrəylik məsələsinə, birlik ideyasının ortaya qoyduğu vəzifələrə, azərbaycançılıq məfkurəsinə diqqət çəkərək demişdir: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!”
Bu gün dünyanın harasında, hansı ölkəsində olursa-olsun, milli məfkurə, Azərbaycançılıq ideologiyası ətrafında birləşən çoxmilyonluq Azərbaycan xalqı, azərbaycanlı insanı var. Bu isə, əlbəttə, böyük qələbədir, daha böyük zəfərlərə gedən yolun başlanğıcıdır. Bu qələbənin səbəbkarı və bu ordunun komandanı, sərkərdəsi isə ümummilli liderimiz Heydər Əliyevdir. Ümummilli liderimizin həyat yolu, fəaliyyət və fikirləri hər bir azərbaycanlı üçün proqram-mexanizmdir. O proqram ki, bizi Vətən yolunda birliyə, həmrəyliyə səsələyir: “Hal-hazırda qarşımızda duran ən vacib və taleyüklü vəzifələrdən biri əl-ələ verərək dünya azərbaycanlılarının hər hansı bir ölkədə və mühitdə yaşamaq, fəaliyyət göstərmək, özünün milli-mənəvi dəyərlərini qorumaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni, istedadlı, qədim tarixə və demokratik dövlətə malik olan xalq kimi təmsil olunmaq hüququnu təmin etməkdir”.

Ramiz QASIMOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031