SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yurdumun gözəllikləri - Hacıleylək quşu

Yurdumun gözəllikləri - Hacıleylək quşu
21-07-2019, 18:50

Füsunkar yurdumuz zəngin fauna və flora aləmi ilə hər zaman diqqət çəkib. Muxtar respublikanın əlverişli iqlimi, təbii-coğrafi şəraiti, zəngin bitki örtüyü burada müxtəlif növ quşların da məskən salmasına şərait yaradıb. Müntəzəm olaraq bu ərazilərdə yaşayan quşların yanında, həm də ilin bəzi fəsillərində gözəl Naxçıvanımıza “baş çəkən”, müəyyən dövr üçün burada yaşayan köçəri quşlar da olur. Bu quşlar içərisində el arasında “Hacıleylək” kimi tanınan quş da var.

Qışda digər isti ölkələrə üz tutan hacıleyləklər havalar isinən kimi yenidən doğma Naxçıvanımıza qonaq gəlirlər. Bu quşlar hazırda məscid və türbələrin qübbələrində, elektrik dirəklərinin, hündür ağacların ən uca yerlərində yuva quraraq müvəqqəti evlərinə yerləşirlər. Gün çıxandan gün batana kimi “çalışan” hacıleyləklər insanlara xas əmək nümayiş etdirir, tarlalarda, əkin sahələrində zəhmətkeşlərə qoşularaq öz ruzi-bərəkətlərini “qazanırlar”. Həyatlarından razı halda ömür sürdükləri müşahidə edilən hacıleyləklər bu səbəbdən də öz nəsillərini elə yurdumuzda olarkən artırır, saylarını çoxaldırlar.

Keçmiş zamanlardan mistik-sirli canlı kimi qəbul edilən bu quşlar hər zaman el-obanın diqqətinə səbəb olub, xalq bu quşları yaxından müşahidə edib. Beləliklə də zaman-zaman xalq həyatına möhkəmcə hopan, inanc sistemində özünə yer edən hacıleyləklərlə bağlı inamlar da yaranıb. Hətta belə bir inam mövcuddur ki, yurdumuza ayaq basan hacıleylək quşları ağızlarında sünbül, ot gətirərlərsə, bu, ilin məhsuldar olacağına, ruzili-bərəkətli günlərin hökm sürəcəyinə işarədir, əgər bu quşların ağızlarında sümük, çöp görülərsə, o zaman il quraq keçər, yoxsulluq el-oba arasında hökm sürər.

Yurdumuzda məskən salan hacıleyləklərlə bağlı maraqlı məqamlardan biri də bu quşa “hacı” deyilməsi ilə bağlıdır. “Quşların şeyxi” kimi tanınan hacıleyləklərə bu adın verilməsinin isə olduqca maraqlı səbəbi var. Belə ki, qış aylarında cənuba doğru köç edən hacıleyləklər daha çox Ərəbistan yarımadasında məskən salırlar. Buna görə də müqəddəs torpaqlara uçub gedən, sonra yenə də qayıdan leyləklərə “hacı” ləqəbi qoşulub və “hacıleylək” adlandırılmağa başlanılıb. Ümumiyyətlə, hacıleyləklə bağlı bir inanc da mövcuddur. Belə ki, quşlar içərisində bayquş sufiliyi, qarğa şairliyi, bülbül xanəndəliyi, tovuz quşu tüccarlığı ilə tanınırsa, hacıleylək də dindar kimliyi ilə tərənnüm olunur.

Bəli, yurdumuzun əlverişli iqlimi, təbii-coğrafi şəraiti burada çox sayda və növdə canlıların yaşamasına imkan verir. Bu qədər canlıya ev sahibliyi edən, onlara qucaq açan muxtar respublikamız bir daha öz təbii gözəlliyini büruzə verir. Bizim üzərimizə düşən vəzifə isə bu gözəlliyi qorumaq, qədim yurdumuzun zənginliyini gələcək nəsillərə olduğu kimi ötürməkdən ibarətdir.


“Yeni həyat” qəzeti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031