SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təbiətin böyük abidəsi – Haçadağ

Təbiətin böyük abidəsi – Haçadağ
20-07-2019, 18:25

Naxçıvan qoca tarixin canlı şahidi olan təkrarsız abidələr, əzəmətli dağlar diyarıdır. Naxçıvanın hər sal daşı, hər sarp qayası bizə öz keçmişimizdən xəbər verir. Keçilməz sədlər, pozulmaz bəndlər, zirvə qalalar qədim Naxçıvanın baş ucalığı, qəhrəmanlıq dastanıdır.
Yurdumun qeyrət tacı olan mərd qalalar, başı ağ çalmalı dağlar təbiətin ən böyük möcüzəsidir. Çünki bu əzəmətli dağlar xalqın özüdür, döyünən ürəyi, görən gözü, göz bəbəyidir. Bu dağlar xalqın ulu keçmişi, xoş gələcəyidir.
Təbiətin böyük abidəsi, qədim Naxçıvanın rəmzi Haçadağ haqqında yazmaq, öz düşüncələrimi oxucularla bölüşmək istəyi ilə yolumu bu yerlərə saldım. Haçadağa qurşaq olan el yolu aram-aram bizi zirvəyə səsləyirdi. Bu yerlərdə gözəllik ibrətamizliyə, həqiqət əfsanəyə qovuşur.
Diqqətlə qalalar səltənətinə, Haçadağa baxıram. Mənə elə gəlir ki, Haçadağ sanki nizami bir orduya sərkərdəlik edən yaraqlı-silahlı bir Vətən övladıdır. Bu dağ uzun əsrlər heykəlləşən qeyrət tacını sinəsilə yad gözdən, bəd əməldən qorumuşdur.
Haçadağın dağ zirvəsinə baxdıqca aşağılarda yaşıllıqlar qoynunda qərq olan cığırlar gümüşü bir kəmər kimi bu qeyrət rəmzinin başına dolanır. Mavi göylər lap uzaqlardan dağın zirvəsinə həsrətlə baxır, göylə Haçadağın zirvəsi arasındakı ənginlikdə qartallar qanad gəzir, pərvanələr tək dağın zirvəsində dövrə vururlar. Gecələr qoynunda qartallar dinclik tapır, güc alır, gündüzlər isə Haçadağın qoynundan uçub ənginliklərə ucalırlar. Qartallar yurdu da, yuvası da bu Haçadağdır. Sanki yaxınlıqda-Əlincə çayının o tayında məğrur-məğrur dayanan, düşmənlərdən bac alan Əlincə qalası da, Haçadağa arxalanır, dövran sürür. Deməli, dağ olmasa qaya, qaya olmasa qala, qala olmasa qartal olmaz. Sanki uluların qeyrətindən yoğrulub-yapılıb. Bu ulular sığıncağı Haçadağ barədə könüllərdə bir neçə qəribə əfsanə yaşayır. Nuh əyyamından, qoca dünyadan qalan əfsanə.
Haçadağ haqqında, təbiətin böyük möcüzəsi barəsində çox eşitdiyim "Nuhun tufanı" əfsanəsini xatırladım. Əfsanəyə bürünmək, möcüzəli bir aləmlə söhbət etmək eşqinə düşmüşdüm.
-Qırx gün, qırx gecə yağış yağdı. Bir yağış ki, tut ucundan göyə çıx. Su qalxdı, dünyanın üzünü su almağa başladı. Nuhun gəmisi də suyun üzünə qalxdı. Uca dağlar görünməz oldu. Axırı-sonu görünməyən bir dərya yarandı. Nə qədər canlı vardısa tələf oldu.
Gəmi məğribdən məşriğə üz tutdu. Günlər, həftələr dolandı. Gəmi bir gün nəyəsə toxundu keçdi. Gəminin gövdəsi bərk yırğalandı. Nuh peyğəmbər bildi ki, gəmi dağa toxundu.
-Pəh, nə ağır dağdı! -dedi. Başından heç qarın əskik olmasın. Odur-budur, dağın adı "Ağrıdağ" qaldı. Başından da qar əskik olmadı.
Bir həftə də keçdi. Gəmi yenə silkələndi. Nuh peyğəmbər
-Bu da inan dağdı-dedi.
Bu dağın da adı "İnan dağ" oldu. Zirvəsi də zərbədən iki yerə haçalandı.
Gəmi səfərə davam etdi. Bir az getmişdilər ki, gəmi təkrar silkələndi. Nuh peyğəmbər gəmidəkilərə dedi.
-Bu dağ o dağdan kəm deyil!
Dağın adına "Kəmki" dedilər. Gəmi buradan aralandı. Tufan da yavaşıdı.
Bir gün siçan gəmini deşdi. Su gəmiyə dolmağa başladı. Nuh peyğəmbər gördü ki, gəmi suya qərq olacaq. Üz tutdu gəmidəkilərə ki, kimin imkanı var əlac eləsin.
İlan quyruğuyla deşiyi tutdu, qıvrılıb yatdı.
Gəmi bir qayaya yan alıb ehmalca toxundu. Nuh buna "Gəmiqaya" adı verdi. Gəmidəkilər quruya çıxdılar.
Haçadağ haqqında başqa bir əfsanədə deyilir ki, dünyada iki ilanlar padşahı varmış. Bunlardan biri Naxçıvanın Əlincə çayı sahilindəki Haçadağda, biri də İranın Diri dağında İlanlar padşahının mülki, tükənməz xəzinələri varmış. Ancaq bu mülk, xəzinə İrandakı ilanlar padşahına az görünürmüş. Tamah güc gəlib onu qonşu padşaha şirnikdirir.
Bir gün İrandakı ilanlar padşahı güclü qoşunla Azərbaycana keçib İlandağa hücum edir. Ölüm-dirim vuruşması başlanır. Onlar bir-birini didib dağıdır, boğub öldürürlər. İlanların qanı dərələrdə selə dönür, Əlincə çayıyla Araz çayına qarışır, suları qızardır.
Haçadağdakı ilanlar sayca çox olan düşmənə qarşı mərdliklə vuruşub, yeddi gün, yeddi gecə çəkən qanlı döyüşdə qalib gəlir. Onlar düşməni sıxışdırıb qovurlar. Deyilənə görə, ilanların qanlarının qızartısı indidə Haçadağın qayalarında, birdə yanındakı təpələrdə görünür.
Mövcud əfsanələrin əsası var. Hansısa özülə bağlanır, kökə sığınır. Əfsanə olmuşlardan yaranır, həqiqətlərdən doğur, peyda olur. Qərinələr, əsrlər ötür, heyrət doğuran, qeyri-adi görünən həqiqət əfsanəyə çevrilir, nağıllaşır.
Əfsanələrdən də göründüyü kimi Naxçıvan dünya mədəniyyətinin ilkin ocaqlarındandır. Bura gözəlliklər məskəni, canlı tarix, nağıllar əfsanələr aləmidir. Naxçıvanın qoynunda qərar tutan Haçadağ xalqımıza şöhrət, elimizə vüqardır.
Haçadağ xalqımızın qibləgahı, Nuh peyğəmbərlərin yadigarıdır. Haçadağ təbiətin möcüzəsi qürur çələngimizdir. Əgər belə demək mümkündürsə Naxçıvanda Haçadağ qədər möcüzəli, varlığını qoruyan, mənliyini saxlayan, haqqında çoxlu əfsanələr söylənən ikinci bir dağ yoxdur.
Naxçıvan torpağında göylərə ucalan, hündürlüyü 2415 metr olan Haçadağın elmi toponim adı ikiyə parçalanmış dağ anlamını verir. Bir çox mənbələrdə, o cümlədən el arasında bu dağa İlandağ, İnam dağı adı verilmişdir. Heç şübhəsiz bu dağın adı Nuh peyğəmbər zamanına gedib çıxır. Tarixin yaddaşı olan dağ toponimi bizi çox-çox qədimlərə aparır.
Uzaqdan alovu xatırladan, bənövşə rənginə bürünmüş Haçadağ hər bir naxçıvanlının gözləri önündə qürur çələnginə çevrilib.
Sanki ulu Tanrı sehrli fırçası ilə bu dağı bəzəyib.
Yayın orta ayıdır. Bənövşə rənginə boyanmış bu sehrli aləmlə bərəkət zəmili düz arasındayam. Əfsanələri, rəvayətləri yada saldıqca min xəyala dalıram. Ətirli meh qəlbimə sərinlik çiləyir.
Hündürlükdən gündən-günə gözəlləşən doğma yurdumun bir parçası Naxçıvanın şəhər və kəndlərinə baxıram. Sakitlik, yaşıllıq bir də qurulan, müasir memarlıq üslubunda ucaldılan, sənət əsərlərini, yaraşıqlı binaları görürəm.
Sərin meh üzümə çırpa-çırpa, zirvədən enərkən, dönüb bir daha Haçadağa baxıram...
Bu əzəmət elə bil bürcdü-qaladır, ətraf dağlar da onun sədd-hasarıdır. Zirvəsi ayla-ulduzla görüşən, günəşi aşırımında gizlədən bu ucalıq bir müqəddəslikdir, kiçik dağlar isə keşiyində duran, ona səcdə qılanlardır. Haçadağ sanki vüqarlı müdrik el ağsaqqalıdır, qalanlar da onun övladlarıdır.
Haçadağ Naxçıvanın vüqarı, Əlincə qalası şöhrət tacıdır. Biri alınmazlıq, biri basılmazlıq rəmzi, biri əbədidir, biri ölməzlik qalasıdır.

Ə.CƏFƏROĞLU

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031