SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mənim həyatımın məqsədi Azərbaycandır

Mənim həyatımın məqsədi Azərbaycandır
12-07-2019, 19:30

Təqvimdə elə günlər var ki, həmin tarix xalqın taleyi ilə birbaşa bağlı olur. 1969-cu ilin 14 iyulu da Azərbaycanda belə tarixi günlərdəndir. Həmin gün ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbər seçilmiş və Azərbaycanda yeni inkişaf mərhələsi başlanmışdır.

Həyatın dəyərini xalqa, vətənə sevgi və xidmətdə axtaranlar əsl liderlərdir. Ölkəmizə rəhbərliyi dövrü böyük quruculuq, inkişaf, sabitlik və tərəqqi illəri kimi tarixə yazılan, ən çətin məqamlarda xalqının köməyinə çatan, onu məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbərin ömür yolu da xalqına xidmət salnaməsidir. Bu gün dünyanın istənilən yerində “Azərbaycan” deyərkən “Heydər Əliyev”, “Heydər Əliyev” deyərkən “Azərbaycan” başa düşülür. Çünki müstəqil və qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

Bəzən tarixə obyektiv qiymət vermək üçün, hadisələrin inkişafına şəxsiyyətlər prizmasından baxmaq lazımdır. Əgər Azərbaycanın son 50 illik tarixinə bu prizmadan nəzər salsaq, görərik ki, ümummilli lider Heydər Əliyevin həyatı da xalqımızın xilaskarlıq və qurtuluş tarixidir.

Görkəmli rus yazıçısı Lev Tolostoy yazırdı ki, “Vətənə məhəbbət mücərrəd anlayış deyil, o təşkilatçılıq, inkişaf və cəsarət tələb edən real mənəvi qüvvədir”. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü də yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə, böyük cəsarətə malik olmasında idi.

“Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir”, - deyən dahi şəxsiyyət həm də vurğulayırdı ki, “Azərbaycana bəxş etdiyim bu töhfələr mən həyatda olmayanda da Heydər Əliyevin izləri kimi yaddaşlarda yaşayacaqdır”.

Ulu öndər Heydər Əliyev Azərbaycanı cəmi 14 il ərzində hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevirmişdir. Yüzlərlə yeni müəssisələr tikilmiş, qəsəbələr, mikrorayonlar salınmışdır. İqtisadi inkişafla yanaşı, həm də mühüm sosial dəyişikliklər həyata keçirilmiş, insanların güzəranı yaxşılaşmış, kənd əhalisinin həyat tərzi dəyişmişdir. Avtomobil və dəmir yollarının inşasına başlanmış, məktəblərin, mədəni-maarif və səhiyyə müəssisələrinin tikintisinə diqqət artırılmışdır. Kəndlərdə məktəblər, mədəniyyət sarayları, kitabxanalar istifadəyə verilmiş, su kəmərlərinin, suvarma qurğularının və dəryaçaların tikintisi geniş vüsət almışdır. Həmin dövrdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası da yeni quruculuq mərhələsinə qədəm qoymuşdur. İmperiya siyasətinin mahiyyətinə uyğun olaraq məqsədli şəkildə diqqətdən kənarda saxlanılmış Naxçıvan qısa müddətdə böyük quruculuq meydanına çevrilmiş, sənayenin, emal və hasilat sahələrinin şəbəkəsi genişlənmiş, ət-süt kombinatları, taxıl və üzüm emalı müəssisələri, mədəniyyət evləri, məktəblər, xəstəxanalar inşa olunmuş, su anbarları tikilmiş, muxtar respublikaya təbii qazın verilməsinə başlanılmışdır.

O dövrdə ittifaq büdcəsindən mərkəzləşmiş maliyyə və maddi resursların artan həcmdə Azərbaycanın inkişafına yönəldilməsi gələcəkdə müstəqil Azərbaycan dövlətinin qurulması üçün əsaslı iqtisadi zəmin hazırlamışdır. Ulu öndərin 1969-cu ildə imperiyanın aqrar əlavəsi kimi gerilik və tənəzzüldən çıxardığı Azərbaycan 1980-ci illərdə keçmiş ittifaqın müstəqil olaraq yaşaya biləcək iki respublikasından birinə çevrilmişdir.

Təbii ki, bütün bunlara təkcə iqtisadi inkişaf hesabına deyil, həm də milli kadrlar hazırlamaqla, milli dəyərlərə, milli özünüdərkə və soykökə qayıdışla nail olunmuşdur.

Müdriklər deyir ki, “Həqiqi dövlət xadiminin üstün keyfiyyəti ondadır ki, hər bir zərurətdə xalqı üçün fayda götürməyi bacarsın”. Totalitar sistemin ağır təzyiqlərinə baxmayaraq o zaman Azərbaycan xalqının strateji maraqları naminə ciddi addımlar atması, milli varlığın ən böyük daşıyıcısı olan Azərbaycan dilinə yüksək status verməsi, xalqın milli düşüncə tərzini formalaşdırması istiqamətində həyata keçirdiyi tədbirləri də yalnız ulu öndərimiz Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı cəsarətli dövlət xadimi reallaşdıra bilərdi. Bu istiqamətdə o dövrdə görülən işlərin bəhrəsini biz indi daha aydın dərk edirik. Məhz bu səbəbdən 1969-cu ilin 14 iyul tarixi Azərbaycanın milli dövlətçiliyinin və müstəqillik yolunun başlanğıcıdır.

Təbii ki, bu yolda əldə edilən ən böyük uğur milli hərbiçi kadrların hazırlanması idi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması bu mənada böyük perspektivə hesablanmış müdrik qərar idi. Azərbaycanlı gənclərin hərb sənətinə yönləndirilməsi, bütünlükdə gənclərə qayğının mütəşəkkil və ardıcıl xarakter alması ötən əsrin 70-ci illərindəki Azərbaycanın Ulu öndərin adı ilə bağlı olan ən mühüm nailiyyəti kimi tarixə düşmüşdür.

Ulu öndərin Sovetlər Birliyi dövründə xalqımız qarşısındakı xidmətlərindən biri də, heç şübhəsiz, Azərbaycan torpaqlarının qeyri-qanuni yolla Ermənistana güzəştə gedilməsinə yönəlmiş siyasətə son qoyması idi.

Bu gün tam əminliklə demək mümkündür ki, müstəqil Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına daha dərindən inteqrasiyası xalqa ləyaqətli xidmətin canlı nümunəsini yaradan ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə təməlini qoyduğu inkişaf və quruculuq strategiyasına əsaslanır.

"Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır", - deyən ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ana xəttində azərbaycançılıq məfkurəsi dayanır. Ulu öndərin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verməsi, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bu cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi əslində son ana qədər azərbaycançılıq məfkurəsinə sadiqliyin, əsl liderə məxsus olan vətənpərvərlik mövqeyinin nümayişi idi.

Xalqımızın böyük oğlunun 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, muxtar respublikanı işğaldan qoruması, bayrağımızı yenidən yüksəltməsi, milli ordu quruculuğuna başlaması, bir sözlə muxtar respublikada müstəqil dövlətçiyimizin əsaslarını yaratması yenicə qazandığı müstəqilliyi itirmək və parçalanmaq təhlükəsi yaşayan Azərbaycanın nicatına çevrildi. 1993-cü ilin 15 iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən xilas etdi, müstəqilliyimizi möhkəmləndirdi, ölkəmiz yenidən 1969-cu ilin inkişaf xəttinə qayıtdı.

Tarix özü sübut etdi ki, Heydər Əliyev siyasi xətti Azərbaycanın bugünkü uğurlarının əsasıdır və gələcəyə istiqamətlənmişdir. Azərbaycanda müstəqilliyin, dövlətçiliyin və inkişafın yolu ancaq Ulu öndərin siyasi xəttindən keçir. Əgər 1969-cu ilin 14 iyulunda hakimiyyətə gələn möhtərəm Heydər Əliyev Azərbaycanı böyük imperiyanın tərkibində yox olmaqdan, milli varlığını itirməkdən xilas etmişdirsə, 1993-cü ildə hakimiyyətə ikinci qayıdışı ilə Azərbaycanın qurtuluş tarixinin əsasını qoymuşdur. Azərbaycanın ötən 50 illik tarixi də inkişafdan başlayan və qurtuluşla əbədiləşən Heydər Əliyev siyasətinin bəhrəsidir.

Bu gün dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş müstəqil və qüdrətli Azərbaycan, eləcə də onun davamlı inkişaf mərhələsinə qədəm qoymuş Naxçıvan Muxtar Respublikası ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə ən layiqli töhfədir.

Ümummilli lider Heydər Əliyevin əsəri olan müstəqil Azərbaycan həm də sübut etmişdir ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. Ulu öndərin müəyyənləşdirdiyi müstəqillik yolu Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Ölkə Prezidenti cənab İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabitliyin və inkişafın təminatçısına çevirmişdir.

Azərbaycanda davamlı inkişafın təmin olunması, müstəqilliyimizin daha da möhkəmləndirilməsi həm də dövlət-xalq birliyinin nəticəsidir. Bu birlik bütün sahələrdə inkişafın əsas hərəkətverici qüvvəsidir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında Ulu öndərin siyasi xəttinə sədaqət iqtisadi inkişafın yüksək dinamikasını təmin edib.

Vətənə, xalqa xidmətin əsasında ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqət, Heydər Əliyev siyasi xəttinin əsasında isə müstəqil Azərbaycanı sevmək, onu qorumaq və inkişaf etdirmək dayanır. Müdrik rəhbərin dediyi kimi, “Bizim hamımızın bir vətəni var - bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq - bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir”.

Ülvi HÜSEYNLİ
Jurnalist

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031