SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda I yarımilin yekunları müzakirə olunub

Naxçıvan Müəllimlər İnstitutunda   I yarımilin  yekunları müzakirə olunub
11-07-2019, 19:15

10 iyul 2019-cu il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

NMİ-nin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, iclasda Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələr və Naxçıvan Müəllimlər İnstitutunda 2019-cu ilin I yarımilinin yekunları müzakirə olunub. Professor-müəllim heyətinin geniş iştirakı ilə keçirilən iclasda institutun rektoru dosent Elbrus İsayev çıxış edərək cari ilin ilk altı ayı ərzində tədris, elmi-metodik, tərbiyə, yenidənhazırlanma və digər sahələrdə həyata keçirilən tədbirlər, əldə olunmuş nailiyyətlər haqqında ətraflı məlumat verib.
Rektor bildirib ki, son illərdə ölkəmizdə təhsilin bütün pillələrinin inkişafına hesablanmış mühüm dövlət sənədləri qəbul edilib və bir sıra mühüm tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə xüsusi diqqət və qayğı göstərməsi, pedaqoji kadr hazırlığında əhəmiyyətli yeniliklərin tətbiq edilməsi, təhsilin məzmununa gələcəyin tələbləri baxımından yanaşılması, ümumi təhsildə fənn kurikulumları və təhsil standartlarının reallaşdırılması, yeni texnologiyalara tədris prosesində geniş yer verilməsi, distant təhsilin həyata keçirilməsi, beynəlxalq təcrübədən yaradıcı şəkildə istifadə olunması bu qərarların icrasına sanballı töhfələrdir.
Naxçıvan Müəllimlər İnstitutunun elmi-pedaqoji kadr potensialının zənginləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması, ümumrespublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində görülən işlər 2019-cu ilin I yarımilində də uğurla davam etdirilmişdir.
Hesabat dövründə Naxçıvan Müəllimlər İnstitutunda bütün fəaliyyət istiqamətlərini əhatə edən 72 tədbir keçirilmişdir. Buraya 19 konfrans, 9 dəyirmi masa, 6 seminar, 2 görüş, 10 rəsm müsabiqəsi, 1 şer müsabiqəsi, 6 kitab təqdimatı, 1 kitab müzakirəsi, 4 kitab sərgisi, 1 idman tədbiri (voleybol) və əlamətdar günlərlə əlaqədar və digər mövzularda 22 tərbiyəvi tədbir daxildir.
Həmçinin qeyd edilmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunun tarixində ilk dəfə olaraq bu tədris ilindən etibarən xarici tələbələrin qəbuluna başlanılmışdır. Hazırda institutun hazırlıq kursunda bakalavriat səviyyəsi üzrə 19 tələbə, II kursunda isə 1 xarici vətəndaş təhsil alır. Xarici tələbələr Türkiyə Cümhuriyyəti, Banqladeş və Nigeriya vətəndaşlarıdır.
Hesabat dövründə institutun tədris işləri sahəsində mühüm işlər həyata keçirilmişdir. Bakalavriat səviyyəsində mütəxəssis hazırlığına bu il başlanılacaq 3 ixtisas üçün tədris planları hazırlanmış, kafedraların, fakültələrin elmi şuralarında müzakirə olunmuş və institutun Elmi Şurasında təsdiq olunmuşdur. İlin əvvəlində kollokviumların keçirilməsi haqqında əsasnamə hazırlanmış, geniş müzakirə edilmiş, rektor tərəfindən əmrləşdirilmiş, kollokviumların təşkili və monitorinqi semestr ərzində diqqətdə saxlanılmışdır.
2018-2019-cu tədris ilinin əyani təhsil formasında yaz semestrinin imtahan sessiyasının imtahanlarında bakalavr səviyyəsi üzrə (buraxılış kursları istisna olmaqla) 1026 nəfər iştirak etmişdir. 983 nəfər imtahanı müvəffəqiyyətlə vermişdir.
2018-2019-cu tədris ilində bakalavr səviyyəsində buraxılış kurslarında təhsil alan 260 tələbədən 258 nəfər məzun olmuşdur. Magistratura səviyyəsində 19 nəfər yekun dövlət attestasiyasına müvəffəqiyyətlə keçmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2018-ci il 19 aprel tarixdə imzalanmış Sərəncamla “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın icrası ilə bağlı Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisası üzrə bakalavr hazırlığı üçün mövcud tədris planına “Naxçıvan xalçaçılıq məktəbi” adlı seçmə fənn daxil edilmiş, uyğun fənn proqramı hazırlanıb təsdiq və çap edilmiş və 2018-2019-cu tədris ilinin yaz semestrində onun tədrisi uğurla həyata keçirilmişdir. İnstitutda həmin fənnin təcrübi məşğələlərini səmərəli təşkil etmək, gənc tələbələr arasında bu qədim sənəti populyarlaşdırmaq məqsədilə “Xalçaçılıq” tədris emalatxanası yaradılmışdır. Burada ilk xalça toxunuşu davam etməkdədir. Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələri daha da gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 14 mart 2015-ci il tarixli Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədi ilə Naxçıvan Müəllimlər İnstitutunun elmi dərəcəsi olan əməkdaşları muxtar respublikanın 23 ümumtəhsil məktəblərində 189 dərs keçmişlər. Naxçıvan Müəllimlər İnstitutu nəzdində “Gələcəyin alimləri” layihəsinə start verilmişdir. Naxçıvan Müəllimlər İnstitutunun təşəbbüsü ilə təqdim edilən “Gələcəyin alimləri” layihəsi Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təhsil alan yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərə dəstək məqsədilə təşkil edilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunda elmi-tədqiqat işləri sahəsində də vəzifələr icra olunmuşdur. Hazırda 89 nəfər əməkdaş tərəfindən Naxçıvan Müəllimlər İnstitutunun profilinə uyğun elm sahələri və istiqamətləri üzrə Naxçıvan regionuna aid və digər ümumelmi 78 mövzu üzrə tədqiqat işləri aparılır.
Hesabat dövründə diqqətdə saxlanılan məsələlərdən biri də institutun “Xəbərlər” elmi jurnalı olmuşdur. Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının 31 yanvar 2019-cu il tarixli qərarı ilə yeni formatda buraxılan jurnalın 2 nömrəsi hesabat dövründə nəşr olunmuşdur. Naxçıvan Müəllimlər İnstitutunun rəsmi saytında jurnalın elmieserler@nmi.edu.az elektron ünvanlı ayrıca səhifəsi yerləşdirilmişdir. Hazırda yuxarıda göstərilən qərar əsasında jurnalda pedaqogika elmləri bölməsi ilə yanaşı psixologiya, tarix, filologiya (dilçilik və ədəbiyyatşünaslıq), riyaziyyat və informatika, biologiya və incəsənət bölmələri üzrə də elmi məqalələr çap edilir.
Hesabat dövrünün mühüm nailiyyətlərindən biri elmi konfransların keçirilməsi olmuşdur. Naxçıvan Müəllimlər İnstitutunun 2019-cu ilə aid konfransların planına əsasən I yarımildə 13 elmi konfrans, o cümlədən 4 respublika və regional səviyyəli konfransın keçirilmişdir:
28 yanvar 2019-cu il tarixdə “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” respublika elmi konfransı, 5-6 aprel 2019-cu il tarixdə “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi birgə respublika elmi konfransı, 21 may 2019-cu il tarixdə “Təhsil-tədqiqat-innovasiya”: doktorant və magistrantların I Regional elmi konfransı, 28 iyun 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş ”Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda respublika elmi konfransı bu qəbildəndir.
Yuxarıda göstərilən 4 respublika və regional konfransdan 2-sinin materialları ayrıca toplu şəklində nəşr edilmiş, 2-si isə nəşrə hazırlanır.
Eyni zamanda institutda digər elmi-təşkilati tədbirlər də həyata keçirilmişdir. Bu sıraya “Elm aylığı” çərçivəsində təşkil edilmiş 10 tədbir, o cümlədən “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkilinin aktual problemləri” mövzusunda seminar-müşavirə, “Ali məktəbdə gənclərin innovasiya təşəbbüskarlığının dəstəklənməsi və elmi nailiyyətlərin təqdim və tətbiq olunması” mövzusunda dəyirmi masa, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində çalışan AMEA-nın həqiqi və müxbir üzvləri ilə tələbə və gənc tədqiqatçıların görüşü, “Pedaqoji fikir tarixindən” kitabının muxtar respublikanın pedaqoji ictimaiyyətinə təqdimat mərasimi, habelə görkəmli xadimlərin yubileylərinə həsr olunmuş elmi və tərbiyəvi tədbirlər, digər kitab təqdimatları, elmi-nəzəri və metodiki seminarlar, tematik sərgilərə baxışları və s. daxildir. Tələbə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyəti NMİ–da daim diqqət mərkəzində olmuşdur. Tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini elmi hissənin rəhbərliyi altında Tələbə Elmi Cəmiyyəti yerinə yetirir. 2018/2019-cu tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə tələbələrin kafedralar üzrə yerinə yetirdikləri mövzularının sayı ümumilikdə 143 olmuşdur. 4 may 2019-cu il tarixdə Tələbə Elmi Cəmiyyətinin XIX yekun konfransı keçirilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunda növbəti mühüm tədbirlərdən biri - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə 15 aprel 2019-cu il tarixdə keçirilmiş “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirədən irəli gələn vəzifələrə həsr olunmuş xüsusi tədbir keçirilib. Tədbirdə “Startap Naxçıvan” hərəkatına institutun uğurla qoşulması üçün kollektiv səfərbər edilib. Həmçinin institutda İnnovasiya laboratoriyası (İnnoLab) yaradılıb. Bu laboratoriyada institutda tələbələrin Startapla bağlı biliklərinin formalaşdlrılması, biznes layihə və planlarının qurulması, bu layihələrin təqdimatı ilə bağlı maarifləndirici treninqlərin keçirilməsi təmin edilir. Eyni zamanda institutunun internet saytında da startap layihələrin qəbulu ilə bağlı “İdeya bankı” yaradılıb. “İdeya bankı”na innovativ pedaqoji layihələri olan istənilən şəxs müraciət edə bilir. Naxçıvan Müəllimlər İnstitutunun 2018-ci ildə istifadəyə verilmiş yeni tədris korpusunda hər cür texniki və elektron avadınlıqlarla təhciz edilmiş müasir tipli kitabxana fəaliyyət göstərir. Burada müxtəlif elm sahələri üzrə qruplaşdırılmış 2 fond və 2 oxu zalı vardır. Elektron oxu zalında olan 13 kompyuter internet şəbəkəsinə qoşularaq oxucuların istifadəsindədir. 2018-2019-cu tədris ilində kitabxananın fonduna 1451 sayda yeni kitab daxil olmuşdur. 2018-2019-cu tədris ildə 3064 nəfər kitabxananın xidmətlərindən istifadə etmişdir. Naxçıvan Müəllimlər İnstitutunda tərbiyə işlərinin sistemli şəkildə aparılması üçün tədris ilinin əvvəlində təsdiq olunmuş tədbirlər planına əməl olunmuşdur. İnstitut əməkdaşlarının kütləvi informasiya vasitələri ilə əməkdaşlığına diqqət artırılmış, professor-müəllim heyətinin ənənəvi və elektron mətbuat orqanlarında 100-dən artıq çıxışı olmuşdur. İxtisasartırma və yenidənhazırlanma sahəsində də bir sıra işlər həyata keçirilmişdir.Rektor əminliklə belə bir inamını ifadə etdi ki, bütün kollektiv Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sesiyasında Ali Məclis Sədrinin ali məktəblər qarşısında qoyduğu vəzifələrin icrasına səfərbər edilərək yeni çağırışlara uğurlarla cavab veriləcəkdir.
Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının genişləndirilmiş iclasında 2019-cu ilin I yarımilinin yekunlarına həsr olunmuş məsələ üzrə müzakirələrdə institut əməkdaşlarının çıxışları olmuş və müvafiq qərar qəbul edilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031