SON DƏQİQƏ

naxcivanxeberleri.com

Su dəyirmanlarının çax-çax vaxtıdır

Su dəyirmanlarının çax-çax vaxtıdır
7-07-2019, 11:50

Xalq arasında “Dəyirman öz bildiyin edər, çax-çax baş ağrıdar” zərb-məsəli səbəbsiz yaranmayıb. Belə ki, dəyirmanlarda dənliyin şırranına çəpəki olaraq bir ağac bağlanar, ağacın digər ucu yaxında bərkidilmiş deşiyə keçirilərdi ki, hərəkət edə bilsin. Bu qol ağacına perpendikulyar birləşən digər ağacın ucu dəyirmanın üst daşının üzərinə qoyulardı. Dəyirman işlədikcə çax-çax aramla qalxıb-düşər, şırranı silkələyərdi ki, dənliyə dən tökülsün. Bu proses də səsli-küylü olardı. “Çax-çax baş ağrıdar” sözü də buradan yaranıb.

Taxıl elin sərvətidir. Bu sərvəti bu gün vaxtında və itkisiz toplamaq qarşıya qoyulan ən mühüm vəzifələrdəndir. Culfa rayonunun iqtisadiyyatında əkinçiliyin xüsusi ilə taxılçılığın payı böyükdür. Bu il təsərrüfat adamları 6 399 hektar sahədə əkin aparıb, bu əkin sahələrinin 5 381 hektarı buğda, 1018 hektarı isə arpadır. Hər il olduğu kimi bu il də zəmilərdən bol məhsul əldə olunub. Bunu mütəşəkkil aparılan biçin işləri və orta məhsuldarlığın ötən ilə nisbətən yüksək olması deməyə əsas verir. Nəticədə çörəyə olan tələbatımız yerli istehsal hesabına ödənilir. Təsərrüfat adamlarının çoxu topladıqları taxılı rayonumuzun kəndlərində tikilmiş dəyirmanlarda üyüdür, çörək sexlərində bişirtdirirlər. Rayonumuzda gündəlik istehsal gücü 30 ton olan bir elektrikli və gündəlik istehsal gücü 4 ton olan 3 su dəyirmanı fəaliyyət göstərir. Taxıl biçini yekunlaşmaq üzrədir. Öz əkin yerlərindən bol məhsul əldə edən torpaq mülkiyyətçilərinin üz tutduqları məkanlardan biri də su dəyirmanlarıdır.

Xalqımızın məişət mədəniyyəti tarixində min illər boyu su dəyirmanlarının özünəməxsus yeri olub. Əgər dünyanın müasir elektrikli taxıl emalı müəssisələri dənin qabığı alınmaqla nişasta hissəsini una çevirirsə, kəpəyi ayrıca fraksiya kimi mal-qara yeminə ayırırsa, su dəyirmanları taxılı bütöv üyüdür. Belə dəyirmanlarda üyüdülmüş un əsl sağlamlıq mənbəyidir. Məhz elə buna görədir ki, muxtar respublikada aparılan quruculuq işlərində su dəyirmanlarının bərpası diqqətdən yayınmayıb. Təkcə rayonumuzun Kırna, Saltaq, Camaldın kəndlərindəki su dəyirmanları yenidən qurularaq istifadəyə verilib. Tariximizin bərəkət ocağı olan su dəyirmanları haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Xalqımızın məişət mədəniyyətinin bir parçası olan su dəyirmanlarının yenidən bərpa olunaraq istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Xalqımızın tarixi-mədəni dəyərlərini qorumaq vacib məsələdir. Hər bir ölkənin keçmişi həm də onun abidələrində yaşayır. Bu gün bu qədim su dəyirmanının bərpa edilməsi milli-mədəni dəyərlərimizə göstərilən hörmət, eyni zamanda bu sahədə həyata keçirilən dövlət siyasətinin muxtar respublikamızda da uğurla davam etdirilməsinin nəticəsidir”.

Su dəyirmanlarının ilk dəfə harada, necə və nə vaxt yaranması haqqında yekdil fikir yoxdur. Lakin Qafqazın coğrafi şəraiti və yüksək əkinçilik mədəniyyəti tarixindən məlum olur ki, su dəyirmanlarının ilk vətəni də məhz bu ərazi olub. Arxeoloji qazıntılar zamanı su dəyirmanlarının az tapılması onun əsas yaşayış yerlərindən bir qədər aralı, münasib yerlərdə qurulması və sıradan çıxdıqca yerinin itməsi ilə izah edilir. Naxçıvanda taxılın su dəyirmanlarında üyüdülməsi ilə bağlı maraqlı adət-ənənələr olub. Dəyirmanda dən növbə ilə üyüdülüb. Əkin mövsümü bitdikdən sonra hər bir ailə qışa qabaqcadan hazırlıq məqsədilə nəzərdə tutulan miqdarda taxıl üyüdüb. Araşdırmalar zamanı məlum olur ki, su dəyirmanları, adətən, ora gələn suyun səviyyəsindən aşağıda tikilirdi. Dəyirmanın tikilməsinin ilkin şərti məhz dəyirman yerinin müəyyən edilməsi idi. Su dəyirmanlarının iki növü olub. Birinci növdə su üfüqi vəziyyətdə olan pərli çarxı hərəkətə gətirir və çarxın özü üfüqi vəziyyətdə hərlənir, ikincisində isə su şaquli istiqamətdə qoyulmuş pərli çarxın üstündən tökülür və çarx şaquli istiqamətdə hərəkət edirdi.

Sahəsi 92 kvadratmetr olan Camaldın kənd su dəyirmanının sutkalıq istehsal gücü 1 tondur. Dəyirman 1250 metrlik su kanalı vasitəsilə Əlincə çayından qidalanır.

Digər bir dəyirman isə Kırna kəndindədir. 2011-ci ildə unudulmuş bir bərəkət ocağı -su dəyirmanı yenidən qurularaq istifadəyə verildi. Sahəsi 60 kvadratmetr olan dəyirmanın sutkalıq istehsal gücü 1 tondur.

Saltaq kəndindəki su dəyirmanından isə yerli sakinlərlə bərabər Əlincə , Xoşkeşin, Göydərə, Xanəgah kəndlərinin taxılçıları da istifadə edir. Tarixi mirasımız olan su dəyirmanlarına göstərilən həssas münasibət, onların bərpa olunaraq yenidən sakinlərin istifadəsinə verilməsi xalqımızın məişət mədəniyyətinə, etnoqrafiyasına göstərilən diqqətin daha bir ifadəsidir.



“Arazın səsi” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031