SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz bağlarının dadlı, ətirli meyvəsi

Şahbuz bağlarının dadlı, ətirli meyvəsi
6-07-2019, 23:09

Bu gün rayonumuzun bütün yaşayış məntəqələrinin hər biri özünəməxsus bağ-bağatı, yaşıllıqları, gülkarlıqları ilə heyrətedici gözəlliyə malikdir. Bağ salmaq, ting əkmək, ona qulluq etmək, müxtəlif meyvə sortlarını torpağa uyğunlaşdırmaq kənd yerlərində qədim adətlərdən sayılıb. “Barlı ağacın başına dolanarlar”, deyən babalarımız təbiətə, yaşıllığa, ağaca həyat mənbəyi kimi baxıb, ağac əkməyi, ona qulluq etməyi isə özlərinə borc biliblər. Bu yerlərin təmiz dağ havası, bərəkətli torpaqları, su, iqlim xüsusiyyətləri ağac əkən, bağ salan hər bir insana əlverişli şərait yaradıb. Təsərrüfatçılıqla məşğul olan insanlar yaradılan şəraitdən istifadə edərək milli əkinçilik mədəniyyətimizə uyğun olaraq bağ sahələrini genişləndiriblər. Körpə fidanların dörd bir yana şaxələnən qollu-budaqlı ağac olmaları üçün hər fəsil əkdiklərinə qayğı göstəriblər. Ümumiyyətlə, rayonda meyvə ağacı olmayan həyətə çətin ki, rast gəlinə. Hətta yaşayış binalarının sahələrində belə meyvə ağacları salınıb. Nəticədə məhsul bolluğuna nail olan insanlar rayon və muxtar respublika bazarlarını kənd təsərrüfatı məhsullarının satış-yarmarkasında həm çeşid-çeşid meyvələrlə zənginləşdirib, həm də qazanclarını birə-beş artırıblar. Bağlarının məhsulundan yeri gələndə pay da veriblər. Buna görə də rayonun hansı kəndinə üz tutsaq, budaqlarının barı az qala yerə dəyən növbənöv yerli meyvələrin zənginliyinə şahid olarıq. Naxçıvanın hər yerindən yarmarkaya gətirilən dadlı-ləzzətli meyvələr arasında Şahbuz meyvələrinin də öz alıcısı var.
Xoş ətirli Kükü, Nursu, Külüs alması, Badamlı badamı, qar kimi ağappaq Keçili, Aşağı Qışlaq, Yuxarı Qışlaq cəvizi, az qala üçü bir kilo gələn sulu Ayrınc armudu, Kolanı əriyi, özünəməxsus dadı olan Mahmudoba üzümü, daha yerlərini və adlarını çəkmədiyimiz naz-nemətlər bu gün muxtar respublika bazarında çoxlarına tanışdır. Bu meyvələr kəndlərin sərvəti, əhalinin isə əsas məşğuliyyət sahələrindən biridir. Şahbuzla, onun kəndləri ilə tanış olanlar da bunu təsdiq edirlər. Şahbuza yolu düşən qonağı süfrə arxasında əyləşdirən ev sahibi mütləq stola meyvə qoyacaq, hələ qonağı yola salanda pay tutmağı da unutmayacaq. Burada yetişən meyvə sortlarından, onların keyfiyyətindən həmsöhbətinə ağızdolusu danışmağı özünə borc biləcək. Yurdumuza istirahətə gələn insanların bu yerlərin bağbanlarından müxtəlif meyvə tingləri alıb apardığının da şahidi olmaq mümkündür.
Son illər dövlətin meyvəçiliyə ayırdığı diqqət özünü bu rayonda daha qabarıq göstərib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası rayonda meyvəçiliyin inkişafına marağı daha da artırıb. Dövlət proqramına uyğun olaraq, son illərdə burada hektarlarla sahədə yeni meyvə bağları salınıb. İndi artıq şahbuzluların öz tələbatlarından dəfələrlə artıq miqdarda məhsul verən meyvə bağları vardır. İlin bu bərəkət aylarında toplanan meyvələrin saxlanılması üçün rayonda soyuducu anbar da fəaliyyət göstərir.
İndi bağlarımızda tutun, əriyin, gilənarın, yay almasının, qarağatın, moruğun yetişmə vaxtı çatıb. Onlardan mürəbbələr, kompotlar hazırlanır, qurudulub qışa tədarük edilir.
Yay fəslinin dadlı meyvələrindən olan əriyin rayonumuzda yetişdirilməsinə böyük maraq və qayğı göstərilir. Şəhərimizdə ötən illərdə ərik bağı salınıb və bağa mütəmadi olaraq qulluq göstərilir. Kənd yerlərində ərik ağacının əkilməsinə sakinlərin marağı böyükdür. Tərkibinin vitaminlər, üzvi turşular, efir yağları, mineral duzlarla, şəkər, maqnezium və kalsiumla zənginliyi və orqanizm üçün faydalı xüsusiyyətlərinə malik olması əriyi sevilən meyvələr sırasına daxil etmişdir. Quru və təzə halda yeyilən bu meyvə haqqında Aşağı Qışlaq kənd sakini İntizam Əhmədov və yoldaşı İlhamə Əhmədova ilə maraqlı söhbətimiz oldu. İntizam əmi deyir ki, kəndimizin meyvə bağları sırasında əriyin də öz yeri var. Kəndin güclü təsərrüfatçılıq ənənələri, qabaqcıl meyvəçilik təcrübəsi kənd sakinlərinə tarixən bu kənddə müxtəlif ərik sortlarını yetişdirməyə imkan verib. Bu baxımdan kənddə “Post” deyilən ərazidə kənd camaatının qayğısı, diqqəti ilə ərik ağacları ildən-ilə böyüyür. Bizim də həmin ərazidə 15-ə yaxın ərik ağacımız var. Meyvələri iyun ayından başlayaraq yetişir. Birçəyirdəkli meyvələri olan əriyin rəngi ağ, sarı və qırmızı-narıncı olur. Növünə görə forması da müxtəlifdir. Dadı şirin və ya turşa-şirindir. Düzgün qulluq, münbit torpaq və əlverişli iqlim şəraiti ağacın hündürlüyünü 7-8 metrə qədər çatdıra bilər. Bütün ağaclar kimi, ərik ağacı üçün də vaxtında aqrotexniki qaydalara əməl olunması onun böyüməsi, inkişafı, məhsul verməsi üçün əsas şərtlərdən biridir. Xüsusilə də erkən yazda görülməsi vacib olan tədbirləri yubatmamalısan ki, nəticə də ürəkaçan olsun. Düzgün yer seçimi və budama ərik ağacı üçün çox vacib şərtlərdən biridir. Aşağı və sıxlıq yaradan budaqlar mütləq budanmalıdır. Erkən yazda inkişaf edən budaqlara maneə yaratmasın deyə, quru budaqları kəsmək lazımdır. Dibləri vaxtında qazıldığında və su verildiyində barvermə zamanı sağlam məhsul yığmaq olur.
Ərikdən hazırlanan mürəbbə, cem, kompot, meyvənin qurudulması, eyni zamanda ondan bişirilən qaysava haqqında bizə məlumatı İlhamə xala verdi:
-Mürəbbəni hazırlamaq üçün əvvəlcə uyğun olan meyvələri seçirik. Yuyub suyunu süzürük. Sonra nazikcə soyuruq və içərisindəki çəyirdəyi çıxarırıq. Əgər ərik şirintumludursa, o zaman çəyirdəyini sındırıb əriyin içinə qoyuruq. Bir tərəfdə də mürəbbə üçün şirə hazırlayırıq. 3 stəkan suya 3 kiloqram şəkər tozu əlavə edirik. Soyulmuş ərikləri həmin şirənin içərisinə yığırıq. Zəif odda qaynamağa başlayan mürəbbəni iki-üç dəfəyə bişiririk. Hər bişirilmə zamanı ən azı 15 dəqiqə qaynadırıq.
Yetişmiş əriklərdən həm də cem hazırlanır. Cemi hazırlamaq üçün əvvəlcə yetişmiş ərikləri götürüb, çəyirdəyini çıxarır və bir qazana töküb vam odun üzərinə qoyuruq. Bir az qaynatdıqdan sonra onu soyumağa qoyuruq. Elə ki, tam soyudu, əlimizə əlcək geyinib onu ələkdən keçiririk. 1 kiloqram ərik cemi üçün yarım kiloqram şəkər tozundan istifadə edilir. Yenidən vam odda suyu azalana qədər bişir. Dibi tutmasın deyə, onu tez-tez qarışdırmaq lazımdır.
Ərikdən bir də ləzzətli təam, qış süfrələrinin bəzəyi olan qaysava hazırlanır. Qaysava sadəcə yemək kimi süfrəmizi bəzəməyib. Onu da deyim ki, əvvəllər necə ki, kəndimizdə soyuqdəyməsi olan xəstənin sağalması üçün qaysava bişirilərdi, bu gün də elə həmin ənənə bizim kəndimizdə davam edir. Qohumda-qonşuda kimin soyuqdəyməsi oldu, əczaxanalara çətin üz tuta. Xəstəliyin dərmanı elə qaysavadır. Bu yeməyi hazırlamaq üçün əvvəlcə ərikləri yuyuruq. Üzərinə isti su əlavə edib, islanmağa qoyuruq. Sonra islatdığımız əriklərin suyunu süzürük. Qazana yağ töküb onu ocağın üstünə qoyuruq. Yağ dağ olandan sonra ərikləri həmin yağın içərisinə tökürük. 1 stəkan şəkər tozunun şərbətini hazırlayıb qazana əlavə edirik. Zəif odda bir az bişirəndən sonra yavaşca qarışdırırıq ki, dibi tutmasın. 15 dəqiqəyə yemək hazır olur. Yaşı kimi, qurusu da faydalıdır, deyən İlhamə xala qurudulmuş ərik qurusu haqqında da danışır:
-Rayonumuzda meyvəsi bol olan bağlarda tələbatdan artıq olan məhsulu zay olmağa qoymayan qadınlarımız onu səliqə ilə qurudurlar. Ehtiyacdan artıq olan meyvələr qurudulur ki, qışda onlardan istifadə edilsin. Məlumdur ki, meyvə qurusu vitamin zənginliyi baxımından da sağlamlığımıza güclü təsir göstərən ərzaq məhsuludur. Meyvə bağlarında tonlarla məhsul olduğunu nəzərə alsaq, deməli, evlərimizin əksəriyyətində bu xeyirli qida məhsulundan istifadə olunur. Meyvələr qurudularkən suyu çəkildiyi üçün tərkibindəki vitamin, zülal və yağlar orqanizm üçün daha faydalı hala gəlir. Qurudulmuş meyvələr enerjini artırır, yaddaşı gücləndirir, qan azlığını aradan qaldırır, orqanizmdən yararsız xolesterolun xaric edilməsinə yardım edir. Ərik qurusu da bu baxımdan qurudulmuş meyvələr sırasında xüsusi yer tutur.
Əriyin bərklərini, tam yetişməyənlərini qurutmaq məsləhətdir. Onları seçib yuyur, çəyirdəkli və çəyirdəksiz quruduruq. Əgər əriyi bütöv quruduruqsa, onu günün altında 5-8 sutka, çəyirdəyini çıxarırıqsa, 4-7 sutka quruduruq. Əriklər qurudulan zaman onların altına cəyən biçib düzürük. Ona görə ki, yağan yağış cəyənin altından axıb gedir və qurudulmağa qoyulan əriklərin dadını aparmır. Əriyin qurudulması zamanı “şalağ”, “cır ərik” və bir çox ərik növlərindən istifadə edilir. Qurutduğumuz qaxlar qurdlanmasın deyə, onları bir torbaya yığıb əvvəlcədən qaynadılmış duzlu suya salıb çıxardırıq. Əgər qurudulmuş qaxın rənginin sarı olmasını istəyiriksə, qaynatdığımız duzlu suya möv yarpağı əlavə edirik. Qurudulmuş qaxdan bir çox yeməklərin hazırlanmasında istifadə edirik. Qax ilə ət qovurmasının necə dadlı olduğunu hamı bilir, xörəklərin şahı olan plovun baş tacı da ərik qaxıdır.


Hicran Əliyeva

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031