SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şair və yazıçılarımızın əsərlərində doğma torpağa məhəbbətin tərənnümü

Şair və yazıçılarımızın əsərlərində doğma torpağa məhəbbətin tərənnümü
17-06-2019, 10:15

Odlar Yurdu Azərbaycanımızın bir hissəsi olan Naxçıvan diyarı “Şərqin qapısı” adlandırılır. Mövcud olduğu dövrdən Naxçıvan dünya sivilizasiyasının aparıcı mərəkəzlərindən biri kimi bəşər mədəniyyətinin, həmçinin, qədim Şərqin mədəni ocaqları sırasında dayanıb. Tarixin səhifələrini vərəqlədikcə görürük ki, bu torpaq dünya şöhrətli siyasətçilər, elm, incəsənət, mədəniyyət və ədəbiyyat dühaları yetirib.

Bu qədim və bərəkətli torpağın qoynunda möhtəşəm “çinar” var. Bu “çinar”ın göylərə ucalan budaqlarında bəşəri dəyərləri açıb dünyaya bəyan edən, elmi-əxlaqi təsəvvürün şahı sayılan Nəsrəddin Tusi kimi elm xadimi, Azərbaycan tarixinin böyük bir hissəsini əks etdirən Məmməd Səid nəsri, tanrısı gözəllik və sevgi olan Hüseyn Cavid poeziyası, qaranlıqlar içində zillət çəkən xalqını “Molla Nəsrəddin” adı ilə güldürən və gülə-gülə də düşündürən Mirzə Cəlil satirası yaşayır. Bu “çinar”ın İslam Səfərli, Məmməd Araz, Adil Babayev, Müzəffər Nəsirli, Hüseyn İbrahimov, Hüseyn Razi, Əliyar Yusifli, Elman Həbib… kimi pöhrələri XX əsrin ikinci yarısından sonra əzəmətli budağa dönüb. İllər ötdükcə bu ədəbi-bədii “çinar”ın yeni pöhrələri boy atır, sərt sınaqlardan keçərək bərkiyir, özünə layiq yerlər tutur. Bu gün öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən Asim Yadigar, Muxtar Qasımzadə, Xanəli Kərimli, Qafar Qərib, Rövşən Hüseynov, Budaq Təhməz, Elxan Yurdoğlu… Naxçıvan torpağında yaşayıb yaradır, doğma torpağa məhəbbətlərini öz əsərlərində tərənnüm edirlər.

Hər misrası ilə qəlbimizi ovsunlayan sevimli şairimiz Məmməd Araz öz poeziyasında doğulduğu Naxçıvan torpağını ürəyinin bir parçası bilir:

Sinəmdə o yerin dağ havasıdır,

Qaynar bulaqları qaynar qanımda.

Mənim ürəyimin bir parçasıdır,

Doğma Şahbuzum da, Naxçıvanım da…

Naxçıvan elinin hər qarışı nəğməkar şair İslam Səfərlinin yaradıcılığında da öz bədii təsvirini tapmışdır. Batabatın qəlb ovsunlayan gözəlliyi, Xalxal meşəsinin füsunkarlığı, Duzdağın süfrələrə dad verən neməti, Əlincənin əzəməti, Bəhruz Kəngərli kimi sənətkarlar, Koroğlu, Babəktək oğullar, xumar gözlü qızlar İslam Səfərlinin şeirlərində bədiiləşib, bunların çoxuna mahnılar bəstələnib:

Gör nə çalır könül simi,

Şeirə verdim mən eşqimi,

Mirzə Cəlil, Bəhruz kimi,

Sənətkarlı Naxçıvanım,

Xoş baharlı Naxçıvanım…

Muxtar respublikanın elə guşəsi yoxdur ki, Hüseyn Razi şeirlərində tərənnüm olunmasın. “Əlincə qalası”, “Ordubada gəlin”, “Duz dağı”, “Salvartı”, “Batabat”, “Naxçıvandadır”, “Gilançay”, “İlanlının”, Arpaçay inşaatçılarına həsr etdiyi “Dağlarda dəniz”, “Sahil düşüncələri” və digər şeirlərində şair muxtar respublikanın gözəlliklərini poetik dillə qələmə almışdır. “Azərbaycan gözəli” şeirində isə Hüseyn Razi muxtar respublikanın gözəlliklərini, nadir nemətlərini, tarixi şəxsiyyətlərini tərənnüm etmişdir:

Naxçıvanam, Azərbaycan gözəliyəm,

Sözün, eşqin, düz ilqarın əzəliyəm.

Mən bir eləm,.

Nurlu şəlaləyə dönən,

İşıqların gurşadında şölələnən

Araz üstə Çənlibeləm…

Şeirin son bəndində də qurub-yaradan, günü-gündən gözəlləşən Naxçıvan poetik ifadəsini tapıb:

İndi bahar səmasıtək,

İşıqlıdır ömrüm-günüm.

Dan yerinin şöləsidir təbəssümüm.

Saçım ağdır, neçə əsrin övladıyam,

Fəqət, yeni zəmanənin Fərhadıyam.

Öz eşqimlə, hünərimlə

Yanar dağam.

Araz üstə məşəl kimi

Daha parlaq olacağam.

Əliyar Yusifli şeirlərinin birində:

Asta sür qatarı, qardaş, bu yerdən,

Döyüş meydanına çatmaq gərəkdir,

- deyərək, bu müqəddəs və məğrur yerlərlə oxucusunu tanış edir. Şairin “Muxtar respublika” şeirində doğma diyara məhəbbət daha poetik, daha doğmadır:

Bu yerlər qıy vuran qartal yeridir,

Dostlar qonaq qalsın qoy dəstə-dəstə.

Bu qədim Naxçıvan gül buketidir,

Məğrur bir Vətənin qolları üstə.

Naxçıvan torpağının Məhsətisi şairə Kəmalə Ağayevanın “Üzümçü qızlar” şeirinin, Arpaçay haqqında yazdığı “Dağ piyalə” balla­dasının hər bəndindən zəhmət ətri, çörək dadı duyulur. “Doğma diyarım” şeirində isə Nax­çıvana olan məhəbbət ümumiləşib:

Əcəmi naxışlı, Cəlil baxışlı,

A Bəhruz fırçalı, diyarım mənim.

Səadət günəşli, şəfəq yağışlı,

Bahara qovuşan baharım mənim.



Mənim Şərur düzlüm, bəxtiyar üzlüm,

Duzdağın duzuyla çörəyi duzlum.

Əlvan üzümütək, a şirin sözlüm,

A dövlətim mənim, a varım mənim!

Elman Həbibin yaradıcılığında Naxçıvan mövzusu bir neçə bəndlik şeirdən başlayıb və “Naxçıvannamə” adlı bütöv bir kitaba dönüb. Ümumiyyətlə, Elman Həbib yaradıcılığında muxtar respublikamızın dünəni, bu günü, sabahı şair istedadına xas olan səviyyədə tərənnüm olunub, gözəl tərtibatlı kitablar halında oxuculara çatdırılıb.

Şair-publisist Vaqif Məmmədov da qədim diyara olan məhəbbətini özünəməxsus tərzdə ifadə edir. Muxtar respublikamızın alınmaz qalası hesab edilən Sədərək haqqında bir çox şeirlər yazan Vaqif Məmmədovun “Xoş günlərin mübarək!” şeiri daha poetikdir:

Nəğmələrin Cavidimin sözümü?

Çeşmələrin Heyranımın sözümü?

Qalaların Əcəminin özümü?

Daş kitabmı dindirəsən, ya gərək,

Naxçıvanım, xoş günlərin mübarək!

Araz üstə qərar tutan, yaşı minilliklərlə ölçülən doğma Naxçıvanımızın yüksək tərəqqi ilə inkişaf etməsi, tarixin yaddaşında əbədi həkk olunan yeni abidələrin tikilməsi, yaxud bərpası qələm sahiblərinin qəlblərini riqqətə gətirir və bir-birindən gözəl əsərlər yaranır.

Ulu öndər Heydər Əliyevin, “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə yaşadan bir diyardır”, müdrik fikrini yaradıcılığına epiqraf seçən şair-publisist Muxtar Qasımzadə “Gəmiqaya”, “Oğlan qala, qız qala”, “Əlincə”, “Fərhad evi”, “Gülüstan”, “Qarabağlar türbəsi” kimi şeirlərində qızıldan qiymətli örnəklərimizə tariximizin canlı şahidləri kimi poeziya qiyafəsində bir daha ömür qazandırıb. Şair “Naxçıvandan gəlirəm” kitabında yazır:

Canım, gözüm torpağım,

Laylam, nəğməm, beşiyim,

Yurdum, yuvam, ocağım,

Salam, evim-eşiyim.

Haçadağ kürsüm olsun,

İlqarından söz deyim.

Atam Naxçıvanım,

Anam Naxçıvanım.

Asim Yadigarın “Dünyanın bəzəyi” şeirində də doğma diyar bütün gözəllikləri ilə təsvir olunur:

Tarixin özü qədər qədim,

Qoynunda Nuh peyğəmbərin

ayaq izləri.

Gəmiqaya ulu babaların

tarixə naxışı,

“Biz də varıq!” sözləri.

Əlincə yağı başına

vurulan qapazındır.

Haçadağın ucalığın,

arzun-murazındır.

Oğulların kimi sərtdir

təbiətin, havan,

Naxçıvan!

Qoynunda böyük quruculuq işləri görülən Naxçıvan şəhərinin, muxtar respublikanın digər guşələrinin siması cənnətə bənzəyir. Sevindirici haldır ki, muxtar respublikamızda yaşayan şairlərimiz də bu gözəllikləri təkcə kiçik şeirlərlə yox, həm də poemaları ilə oxuculara çatdırırlar. Elman Həbibin “Bu mən görən şəhər deyil”, İbrahim Yusifoğlunun “Bu nəğməm sənədir, doğma Naxçıvan”, Elxan Yurdoğlunun “Bu gözəllik bizim üçün deyilmi”, Budaq Təhməzin “Gəmiqaya” poemalarında, Xanəli Kərimlinin, Nadir Əlincəlinin, Səhlab Məmmədovun, Zeyqəm Vüqarın, Qafar Qəribin, Rövşən Hüseynovun və başqalarının, həmçinin, “Şərur” Ədəbi Birliyi üzvlərinin şeirlərində də “Şərqin qapısı” sayılan Naxçıvanın gündən-günə gözəlləşməsi, müasirləşməsi tərənnüm olunur.

…Yeraltı və yerüstü sərvətləri, qurub-yaradan insanları, dünyaya bəxş etdiyi dahiləri ilə fəxr edən Naxçıvanımızın adına-sanına layiq əsərlər yazmaq hər birimizin müqəddəs vəzifəsidir. Bu vəzifəni yerinə yetirmək üçün isə ürəyimiz dolu, qələmimiz itidir.



Ünbülbanu Musayeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Əməkdar mədəniyyət işçisi

“Şərurun səsi”

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031