SON DƏQİQƏ

naxcivanxeberleri.com

NAXCIVAN Əlincəqaladan Şumerə və Nüvədi-Qarqadaşı kitabəsinə gedən izlər

NAXCIVAN Əlincəqaladan Şumerə və Nüvədi-Qarqadaşı kitabəsinə gedən izlər
16-06-2019, 17:15

Azərbaycan tarixinin ən möhtəşəm abidələrindən olan Əlincəqala daim insanların, xüsusilə də tarixi araşdırmaçıların diqqətini cəlb etmişdir. Belə ki, xalqların məskunlaşdıqları əraziləri müəyyən etmək, onların yaşayış tərzlərini və dövlətçilik ənənələrinin əsaslı köklərini tapmaq tarix elminin qarşıya qoyduğu əsas vəzifələrdən biridir.

“Əlincə” adının mənşəyini tədqiq etməyə çalışan tədqiqatçılar bu adı müxtəlif mənalarda izah etmişlər. Əlincəqalanın adı orta əsr məxəzlərində Erincaq, Erincək, Alıncak, Alınca, Ərincək, Ərincəm, Yeröncək və başqa şəkillərdə işlədilmişdir. Əlincəqalanın adının bu cür müxtəlif şəkillərdə yazılması, görünür, onun qədim tarixi ilə bağlıdır. Əlincəqalanın adının çəkildiyi ən qədim mənbə “ Kitabi - Dədə Qorqud ” dastanıdır. Dastanda Əlincəqala möhkəm istehkam kimi təsvir olunmuşdur.
Tədqiqatçılar Əlincəqalanın adını “alan” sözü ilə bağlantılı hesab etmişlər. Türk dilində “alan” balaca düzənlik sahə mənasını ifadə edir. Görünür, bu fikir Əlincəqalanın yerləşdiyi coğrafi mövqe ilə əlaqəli olmuşdur. Belə ki, Əlincəqalada döyüşçülər yaşamış balaca düzənlik sahə də var. Qeyd etmək lazımdır ki, qala ərazisi vaxtı ilə hökmdar ailəsinin yaşayış yeri olan və “Şah taxtı” adlanan hissəni, bu gün də Xanəgah kəndinin əhalisinin yaşayış yeri olan “Yurd yeri”adlı sahəni əhatə etmişdir. Deməli, “Əlincə” adını “balaca düzənlik sahə” sözü ilə eyniləşdirmək olmaz.
Əlincəqalanın adının monqol yürüşlərində iştirak etmiş elçihin tayfası ilə bağlantılı olması fikirləri də olsa da bu, qalanın adı ilə bağlantılı ola bilməz. Belə ki, Əlincəqala daha qədim dövrlərdən- Əskanilərin və Sasanilərin dövründən alınmaz istehkam kimi istifadə olunmuşdur.
Akademik İ.Hacıyev qeyd edir ki, “Əslən Urbart türklərindən olan Stepan Orbeliani yazır: Sünik 12 əyalətdən ibarətdir. Onlardan biri Erincakdır.” Tarixi mənbələrdə həm Əlincəqalanın, həm də, Əlincəqala yerləşən ərazinin Erincak adlanması maraq doğuran faktlardandır. Buradan məlum olur ki, “Erincak” həm bolgə həm də qala adıdır.
Müasir Azərbaycan dilində “Əlincə qalası” sözü qeyri-müəyyən yiyəlik haldadır. Bu sözü müəyyən yiyəlik halda “Əlincənin qalası” mənasını ifadə edir. “Erincak” adını isə komponentlərə ayırdıqda Er+inc+ak kimi kök və şəkilçilərə ayrılır. Burada “Er”-ər,ərmək mənasını ifadə etməklə yanaşı “inc”-fellərdən hal-vəziyyət adlarını düzəldən qeyri-məhsuldar şəkilçidir kimi iştirak edir. Buradan aydın olur ki, “Erincak” adı “Er+inc” sözündən yaranmışdır. Bu addakı “ak” hissəciyinin mənşəyini araşdırarkən daha maraqlı faktlarla qarşılaşırıq. Q.Kazımov “Ulu dil - Azərbaycan dilinin tarixi” kitabında Şumer dilində yiyəlik hal bildirən “ak” şəkilçisinin olması barədə məlumat verir. Burada o, “ak” şəkilçisinin çox zaman –a(k) şəklində işlənməsini, bəzən bu şəkilçidəki –a saitinin “udulduğunu” qeyd edərək bu şəkilçini dilimizdə şumer-türk varisliyinin əlaməti kimi qəbul edir. “Erincak” adında da –ak yiyəlik hal şəkilçisi maraqlı faktlardan biridir. Buradan aydın olur ki, qeyd edilən “ak” şəkilçisi “Erinc” adı ilə birlikdə -a(k) şəklində uzun müddət müəyyən yiyəlik hal şəkilçisi kimi işlənmiş, dilimizdə müəyyən yiyəlik halda olan söz, bir qayda olaraq, özündən sonra mənsubiyyət şəkilçili söz tələb etdiyindən zamanla -a saiti –inc şəkilçisi ilə birləşmiş, sözdəki –k samiti düşmüş, sözün qeyri-müəyyən halının ifadə edilməsi nəticəsində “Erinca”, müasir dilimizdə isə “Əlincə” şəklində ifadə olunmuşdur. Şumer mənşəli “ak”yiyəlik hal şəkilçinin Əlincə qalasının adının qədim dövrlərə aid “Erincak” adındakı mövcudluğu qalanın, eyni zamanda, onun olduğu bölgənin də tarixinin olduqca qədim dövrlərə təsadüf etdiyini göstərir.
Əlincəqalanın adının mənşəyini araşdırarkən biz həm də dilimizdə vaxtı ilə -inc şəkilçisi ilə yaranan Sevinc adı ilə yanaşı Erinc adının olduğunu da müəyyənləşdiririk. Buradan aydın olur ki, müasir dilimizdə bu gün işlənməyən “Erinc” adı proto Azərbaycan dilində mövcud olmuş, sonra dəyişikliyə uğramışdır.
“Əlincə” adının leksik mənası “ Nəcib ərən” mənasını ifadə edir. Zamanla “Er” feilindəki –e hərfi -ə hərfi ilə əvəz olunaraq “Ər” , –r hərfi isə kar qarşılığı olmayan –l hərfi ilə əvəz olunaraq “Əlincə” kimi ifadə olunmuşdur. Bu mənada “Erinc” adı mənşə baxımından proto Azərbaycan boylarından bizə miras qalan ən qədim adlardan biridir.
1-ci minilliyə aid olunan Nüvədi-Qarqadaşı kitabəsində iki dəfə “Erinc” leksik vahidinin yazılması Əlincəqalanın qədim tarixinin öyrənilməsi baxımından kitabədə olan məlumatların yenidən tədqiq olunması zərurətini yaradır. Bu kitabədəki hərflərin Orxon-Yenisey yazılarından daha qədim olması isə onu göstərir ki, kitabədə olan məlumatlar proto Azərbaycan tayfaları ilə əlaqəlidir. Buradan Erincak bölgəsinin, yaxud, qalanın kitabədə “Erinc” kimi qeyd olunması onu da göstərir ki, Erincakda yaşayan proto Azərbaycan boylarının dövlətçilik ənənəsi və yazı mədəniyyəti olmuşdur. Buradan köç edən bu boylar yaratdıqları mədəniyyəti özləri ilə dünyanın bir çox bölgələrinə aparmışlar. Əlincəqala ətrafında yaşamış qədim proto Azərbaycan-türk tayfaları dövlətçilik və yazı mədəniyyətinin formalaşmasında xüsusi yeri olmuşdur. Nüvədi – Qarqadaşı kitabəsində yazılan: ONI UÇUQ ERİNC AS YELİNC ƏSRİ UDSIN KAN ƏNGRİZ GÖÇÜ BOK ERİNC ARZ(J)ULA BARÇA sözlərini M.Rəhbərinin də tərcüməsindən istifadə edərək bu qaydada izah etmək mümkündür:
ONI- önü, qarşı tərəfi
UÇUQ- uçmuş, dağılmış
ERİNC- Əlincə
AS- qədim As tayfasının adıdır
YELİNC- Yelin+c şəxs adıdır. Burada –c şəkilçisi adların sonuna qoşulmaqla, ad düzəldən və omonimlik xüsusiyyətini əks etdirən qeyri-məhsuldar şəkilçidir. Məs Buğac və s. Buradan “Yelinc” adının “Buğac” kimi ev heyvanlarına nəzərən insanlara verilən ad olmasını görürük. Yəqin ki, bu ad uşaq vaxtından hansı səbəbləsə heyvan mənşəli(inək və s) südlə qidalanan insanlara verilən ad olmuşdur.
ƏSRİ- bəbiri, vəhşini, pələngi
UDSIN- qalib gəlsin
KAN-qan
ƏNGRİZ-ağlayırıq
GÖÇÜ-köç edənləri, köçüb gedənləri
BOK-həddindən artıq ,çox
ERİNC-Əlincə
ARZULA-arzularımız, istəklərimiz
BARÇA-parçalanıbdır (paramparça olubdur)
Mətni belə tərcümə etmək mümkündür- ÖNÜ UÇMUŞ ƏLİNCƏ AS YELİNC PƏLƏNGƏ QALİB GƏLSİN
QAN AĞLAYIRIQ KÖÇ EDƏNLƏRİ ÇÖX ƏLİNCƏ ARZULARIMIZ PARAMPARA OLUBDUR.
Mətində “Erinc” sözünün Əlincə olduğunu nəzərə alaraq Nüvədi-Qarqadaşı kitabəsini Əlincəqalanın qədim adının çəkildiyi ilk daş kitabə olduğunu görürük. Bundan əlavə As tayfasına aid Yelinc şəxs adının olduğunu da müəyyənləşdiririk. Bu məlumat bizə qədim dövrlərdə Əlincəqala ətrafında hansı isə mühüm bir hadisənin baş verdiyi, bu hadisə ilə əlaqədar ehtimal ki, Əlincəqala hakimi olmuş As Yelinc adlı şəxsin mübarizə aparmasını, onun bu mübarizədə qalib gəlmək istəyini və insanların bu mübarizə ilə əlaqədar “qan ağlamalarını, arzularının paramparça olmalarının” təəssuratını yaradır. Buradan aydın olur ki, kitabədə verilən əlavə piktoqrafik işarələr tamamilə rəmzi mənalı məlumatlardır.
Belə qənaətə gəlmək mümkündür ki, Əlincəqala Azərbaycan tarixinin ən qədim yaşayış məskənlərindən, qədim istehkamlardan biridir. Əlincəqalanın adında(Erincak) Şumer mənşəli şəkilçinin mövcud olması, Nüvədi-Qarqadaşı kitabəsində adının proto Azərbaycan boylarından As boyu ilə əlaqədar xatırlanması onun nə qədər qədim tarixə malik olduğunu göstərməklə yanaşı Azərbaycan tarixində əlavə səhifələr açır.

Kamal Gülmalıyev

“Əlincəqala” Tarix Mədəniyyət Muzeyinin direktoru.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031