SON DƏQİQƏ

naxcivanxeberleri.com

İmtahanda müvəffəqiyyət qazanmağın sirri

İmtahanda müvəffəqiyyət qazanmağın sirri
16-06-2019, 15:55

Məktəbli, tələbə, kursant, sürücü – hər kəs həyatında bir dəfə də olsa imtahanla qarşılaşır. Odur ki, imtahan həyəcanı heç kimə yad deyil. İmtahan nə qədər əhəmiyyətlidirsə, onun həyəcanı da bir o qədər çoxdur. Ali məktəblərə qəbul imtahanı kimi həyatımızda çox böyük əhəmiyyət kəsb edən imtahanlar da var. Bildiyimiz kimi, artıq imtahanlara start verilib və bu həyəcan iyul ayının 7-dək davam edəcək. İmtahanqabağı stress, depressiyalar, yorğunluq isə bu dövrdə abituriyentlərin üzləşdiyi əsas problemlərdəndir. Gənclərin çiyninə, beyninə və əsəblərinə düşən bu gərginliyi götürməyə yalnız özləri qadir olsalar da, bu sahədə onlara yardım etmək və köməklik göstərmək də çox vacibdir. Bu sahədə daha çox güc imtahan verənin üzərinə düşdüyündən imtahana qədər olan vaxtda özünə inam hissini və enerjini itirməmək üçün əvvəlcə sakitləşmək, imtahanın uğurlu keçəcəyinə özünü inandırmaq çox vacibdir. Əgər imtahan verən şəxs özünə inanmırsa, həyəcanlanırsa, təbii ki, bu, ona diqqətini toplamağa və bildiklərini ümumiləşdirməyə mane olacaq.



İmtahanqabağı stressdən uzaq durmağın yolları



Statistikaya görə, abituriyentlərin 96 faizi imtahan zamanı stress keçirir və bu stress hətta yetərincə biliyi olanların belə yaxşı nəticə göstərmələrinə mane olur. İmtahan öncəsi abituriyentlər əsasən: “Görəsən qəbul ola biləcəyəmmi?”, “Valideynlərimə nə deyəcəyəm?”, “Qohumlar haqqımda nə fikirləşəcəklər?” kimi suallar ətrafında düşünməyə başlayırlar. İmtahan günləri yaxınlaşdıqca valideynlər də stress keçirməkdə övladlarından geri qalmırlar və onların gərginliyi imtahana hazırlaşan abituriyenti daha da həyəcanlandırır. Mütəxəssislər hesab edirlər ki, belə insanlara özünətəlqin və autotreninq məsləhət görülür. Bu cür hallarda abituriyentlər idman hərəkətləri etməli, təmiz havada gəzinti ilə özlərini sakitləşdirməlidirlər.

İmtahana gecələr hazırlaşmaq düzgün deyil. Beyinin yaxşı işləməsi üçün yaxşı yatmaq vacibdir. Psixoloqlar imtahana hazırlaşarkən gecə tez yatmağı, səhər tez durmağı, həmçinin günorta 1 saat yatmağı məsləhət görürlər. Yatmazdan əvvəl ən çətin materialı təkrar etmək lazımdır. Çünki beyin təkcə oxuyarkən işləmir, o yatarkən, sakit şəraitdə qəbul etdiyi informasiyaları seçir, uzunmüddətli hafizəyə ötürür. Deməli, materialın mənimsənilməsi hətta yuxuda da davam edir.

İmtahan hazırlığının əsasında vaxtın düzgün bölünməsi durur. Saatlarla fasiləsiz oxumaq məsləhət deyil. İstirahətə vaxt ayırmaq mütləqdir. Effektli istirahət üçün sərgiyə baxmaq, muzeyə, teatra getmək, musiqi dinləmək faydalıdır. Əlbəttə ki, istirahətdən sonra diqqətinizi mərkəzləşdirmək çətin olacaq. Amma 10 dəqiqədən sonra beyniniz informasiyanı daha yaxşı qəbul edəcək.



İmtahandan əvvəl nələrə diqqət edilməlidir?



Mütəxəssislər hesab edirlər ki, abituriyentlər imtahandan bir neçə gün əvvəl ciddi hazırlıqları dayandırmalı, imtahan və onun nəticəsi barədə söhbətlər etməməlidirlər. Abituriyent imtahandan əvvəlki 1-2 günü ancaq istirahətə və bu zamanadək aldığı biliklərin sistemləşdirilməsinə sərf etməlidir. Abituriyent imtahandan əvvəlki axşam yatmazdan əvvəl müxtəlif sakitləşdirici otlardan çay dəmləyib içməlidir ki, yaxşı yatsın. Çünki normal yuxu beyni sakitləşdirir. Beyin istirahət etdikdə imtahanda fikrin toplanması asanlaşır.



İmtahan həyəcanını azaltmaq üçün nə etməli?



İmtahan həyəcanı əsasən valideynlərin və ətrafdakı insanların abituriyentə təsiri ilə formalaşır. Çünki imtahan yaxınlaşdıqca abituriyentdən əvvəl valideynlər həyəcanlanmağa başlayırlar və bunu açıq şəkildə övladlarına hiss etdirirlər. Bunu görən abituriyent isə imtahanı həyat üçün çox əhəmiyyətli bir mərhələ hesab edərək həyəcanlanmağa başlayır. Bu həyəcan onların diqqətini azaldır, yaddaşlarına təsir göstərir. Valideynlərin həyəcanı başadüşüləndir. Ancaq çalışmaq lazımdır ki, valideynlər bu həyəcanı uşaqlarına hiss etdirməsinlər. Əgər bu situasiyalar olmasa, abituriyentlərdə şiddətli həyəcan yaranmaz və öz normal həyəcanlarını çox rahat şəkildə yox edə bilərlər.

Yaxşı olar ki, abituriyentlər qarşılarına bir məqsəd qoysunlar və hədəflərinə doğru məqsədyönlülük nümayiş etdirsinlər. İmtahan vərdişi yaratmaq üçün praktik imtahanlarda və sınaq imtahanlarında dəfələrlə iştirak etmək lazımdır. Ancaq nəzərə almaq lazımdır ki, sınaq imtahanlarında əldə edilən nəticə sonuncu nəticə deyil. Sınaq imtahanları abituriyentlərdə nə arxayınlıq hissi, nə də inamsızlıq yaratmamalıdır. Bu məsələdə valideynlər uşağa daha çox təsir etmək imkanına sahibdirlər. Bunun üçün imtahandan əvvəl bir neçə gün abituriyentin istirahəti düzgün şəkildə qurulmalı, xüsusilə yuxu rejiminə diqqət edilməli, onlar bacardıqları qədər təbiətlə təmasda olmalıdırlar.



İmtahan üçün vacib amillərdən biri – ixtisas seçimi



İxtisas seçimi zamanı, təbii ki, valideynlərin məsləhətləri, tövsiyələri vacib şərtlərdəndir. Amma abituriyentlərin öz istəkləri də yekun qərar üçün təsiredici olmalı və nəzərə alınmalıdır. “Hara olur-olsun, amma qəbul olsun,” – deyə düşünmək qətiyyən doğru deyil. Abituriyentin qəbul olduğu ixtisasa həvəsi yoxdursa və ya nə ixtisas olduğundan məlumatsızdırsa təbii ki, həmin ixtisasa mükəmməl şəkildə yiyələnmək mümkün deyil. Nəticədə həmin tələbələr universiteti bitirdikdən sonra iş tapmaqda ya çətinlik çəkirlər, ya da özlərinə bələd olduqları üçün başqa sahə üzrə iş axtarmağa daha çox üstünlük verirlər.

Çox zaman valideynlər öz gənclik arzularını övladlarının üzərinə köçürürlər və illər əvvəl arzuladıqları ixtisası əldə edə bilmədikləri üçün istəyirlər ki, övladları o sahədə ixtisaslaşsın. Əlbəttə bu düzgün yanaşma deyil. Ümumiyyətlə, insan sevdiyi peşə ilə məşğul olursa, həmin şəxs xoşbəxt olmağa daha yaxın olur.

Arzu Abdullayev

“Nuh yurdu” qəzeti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031