Zəfər şairi

Zəfər şairi

09 Noyabr 2024

Naxçıvan ədəbi mühitində öz şeirlərilə tanınan istedadlı şairlərdən biri Alməmməd Eldaroğludur. İstedadlı qələm sahibinin kitabları, əsərləri sevilərək oxunur. Çünki onun yaradıcılıq nümunələrində həm şirinlik, həm mənalılıq, həm də yüksək poetik əhval-ruhiyyə vardır. Şair Alməmməd Eldaroğlunun əsərlərində mövzu müxtəlifliyi, janr rəngarəngliyi olduğu kimi, ifadəlilik və obrazlılıq zənginliyi və məharəti vardır. Səmimiyyət və qəldən gələn sözlərin ifadəsi onun yaradıclığı üçün səciyyəvi və xarakterikdir. Onun “Vətən əmanətdir” (2011), “Mənim gördüyüm dünya” (2013), “Niyə belədir dünya?” (2021), “Dağlar qartalı” (2022), “Vətən harayı” (2022), “Könlümün yurdu Vətən” (2023), “Zəfər Günəşi” (2024) kitablarında oxunaqlı şeir və poemaları toplanmış, Azərbaycanın şanlı zəfəri tərənnüm olunmuşdur.

Şair Alməmməd Elaroğlu vətən şairidir. Yaradıcılığında həmişə sevə-sevə təsvir və tərənnüm etdiyi bir Azərbaycan vardır: hər qarışı, daşı, kolu-kosu, ağacı, gülü-çiçəyi, hətta tikanı, qanqalı ilə bağrına basdığı, sevdiyi bir Azərbaycan yer alır onun yaradıcılığında. Kitabda yer alan “Vətən oğlusan”, “Torpağına qurban, Vətən”, “Vətən Azərbaycandır”, “Könlümün yurdu Vətən”, “Azərbaycan – məmləkətim, diyarım” kimi şeirləri vətən mövzusuna həsr olunmuş, vətənə məhəbbət və bağlılıq duyğuları poetik əksini tapmışdır.

Şairin ilk sözü də, son sözü də Azərbaycandan – vətəndən başlayır. Şair çox böyük istedadla vətənin mənəvi tərifini, dəyərini ustalıqla ifadə etmiş, Azərbaycan adlı vətənin vətən mahiyyətini bütün tərəflərilə sözdən xəritəsini yaratmışdır. Bu mövzuda çox qiymətli, ustad sənətkarların da əsərləri var. Amma sənətkar məharəti, söz ustalığı ordadır ki, şeir tamamilə orijinaldır, ifadə də, məna da tamamilə özünəməxsus və yenidir. Şair çox haqlı olaraq ifadə etmək istəyib ki, Vətən sadəcə quru torpaq deyil, Vətən – səndən, məndən, ondan ibarət olan vətəndaşdır, gözümüzü ilk açıb gördüyümüz Sarıdaş kimi ilk obamız, yuvamızdır. Vətən həm sevgi, həm kədərdir. Vətən sevgimizin müqəddəs ocağı Qarabağ, Şuşadır, ana dilimdir, Turan elimdir, qazimdir, şəhidimdir, cahan pasportu, milli kimlik, ləyaqətim, namusum, ona mövcudluq, inkişaf, milli birlik və zəfər bəxş edən ulu düha Heydər Əliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Şairin hər bir əsərinin öz yeri, öz maraqlı ideya-estetik keyfiyyəti, dərin mənəvi və əxlaqi mənası vardır. “Vətən Azərbaycandır” şeirindən başlayaraq şair “Könlümün yurdu vətən”, “Şənüzlü Şuşam”, “Salam olsun”, “Azərbaycan” şeirlərində vətənə məhəbbət və bağlılığın etnopsixologiyası və fərdi ivətəndaşlıq duyğularını əks etdirib. Alməmməd Eldaroğlu Naxçıvan ədəbi mühitinin o sənətkarlarındandır ki. bu kimi əsərlərilə Azərbaycan vətəndaşlıq lirikasını zənginləşdirməyə xidmət etmişdir.

Şairin yaradıcılığında vətənpərvərlik ruhu qüvvətlidir, əsərin başlıca mövzusunu təşkil edib. A.Eldaroğlunun yaradıcılığnda mənəvi olaraq böyük və bütöv olan bir Azərbaycan vardır. Cənubi Azərbaycan, Naxçıvan, Qarabağ, Qərbi Azərbaycan və Anadolu ruhunda yaşayan azərbaycanlılıq duyğu və düşüncələri A.Eldaroğlu şeriyyətində türkçülük və Turan elləri kontekstində özünü təcəssüm etdirir. Həm də bu cəhətdən onun şeirləri Azərbaycan ədəbiyyatında vətəndaşlıq lirikasını zənginləşdirən qiymətli nümunələr olaraq diqqəti cəlb edir.

Şair Alməmməd Eldaroğlunun yaradıcılığı zəfər duyğularının tərənnümü ilə zəngin və özünəməxsusdur. 2020-ci ilin noyabrında Müzəffər və uzaqgörən, müdrik Ali Baş Komandan İlham Əliyevin və qəhrəman, şanlı döyüş qüdətinə malik olan Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı misilsiz qələbə hamının qəlbində, ruhunda coşqu və fərəh hissləri doğurduğu kimi, şair Alməmməd Eldaroğlunun da fəxarət mənbəyinə çevrilmişdir. Bu baxımdan onun növbəti kitabındakı şeirlərinin çoxunda məhz Qələbə sevinci, Zəfər duyğuları yer almışdır. Şair, əlbəttə ki,  Vətənin bir, amma müqəddəs parçaları olan Qarabağa, Şuşaya həsr etdiyi şeirlərində, Ali Baş Komandana, rəşadətli ordumuza, qazilərimizə və şəhidlərimizə həsr etdiyi şeirlərində bütün sevinc və fəxarət duyğularını yaşatmış, bu sevinci yaşadanlara ümumxalq razılığını da poetik ustalıqla dilə gətirmişdir. “Baş komandan, Milli Ordu” şeirində şair 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı, əzəmətli, müdrik şəxsiyyəti, ümumən yeni əsrdə Azərbaycanın işğal edilmiş torpaqlarının birdəfəlik həlli məsəsləsini köklü surətdə həll etməyə qadir olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şücaət və qəhrəmanlığı ilə hərb tarixinə qızıl hərflərlə adını yazdırmış Azərbaycan Milli Ordusuna minnətdarlıq hissləri, əbədi minnətdarlığı ifadə edilmişdir.

Azərbaycanın 2020-ci ilin noyabr ayında işğalçı və faşist Ermənistanın üzərində cəmi 44 günə qazandığı böyük Qələbə sevincindən yaranan vətəndaşlıq duyğularının coşqulu örnəkləri ilə süslənib. “Azərbaycan”, “Baş Komandan, Milli Ordu”, “Günəşdən bir zərrə”, “Haqq yolu”, “Vətən oğlu” kimi şeirlərdə Azərbaycan xalqının qələbə sevinci, zəfər məğrurluğu, milli qeyrət və qürur duyğuları yüksək poetik pafosla əksini tapmışdır:

Bayraq uca, uğur zəfər,

Qələbədi yürüş, səfər.

O, müzəffər, bu, müzəffər,

Baş Komandan, Milli Ordu.

Alməmməd Eldaroğlunun yaradıcılığında Qarabağ mövzusu və Azərbaycanın şanlı zəfər tarixi başlıca mövzu edilmiş, bir sıra şeirləri daxil edilmişdir. Bu əsərlərin nüvəsində xalqın milli birliyi və həmrəyliyi məsələsi də başlıca yer tutmuşdur. “Birik, həmrəyik”, “Qarabağa gedən yol”, “Şənüzlü Şuşam”, “Azərbaycan əsgəri”, “Xocalının harayına”, “Tələs Zəngəzura, Çilə tez qayıt!” kimi şeir nümunələrində birlik və həmrəylik mövzusu, Qarabağa və Qərbi Azərbaycana qayıdış məsələsi poetik şəkildə yer almışdır. Şair “Azərbaycan əsgəri”, “Anda sadiq əsgərəm”, “Dağlar aşıb səndə olan məhəbbət”, “Qazilər”, “Gah solur, açır gözlərim”, “Şəhidim qəhrəman leytenant Əli”, “Dağlar qartalı”, “Öpəndə torpağı bayraq kölgəsi” kimi əsərlərində Azərbaycan övladlarının vətən sevgisi və qəhrəmanlıq, cəsarət, fədakarlıq davranışlarını qürurla təqdim yerinə çevirmişdir. Bu şeirlərdə Azərbaycan əsgərlərinin vətənə, xalqa olan məhəbbəti və onun bütövlüyü uğrunda göstərdiyi fədakarlıq və qəhrəmanlıqları tərənnüm edilmiş və nümunəyə çevrilmişdir. Bu əsərlərin bir qismi konkret bir ünvana - bir şəhidə, qaziyə həsr edilmişdir: “Dağlar aşıb səndə olan məhəbbət” şeiri şəhid Gözəlov Rüfət Əzim oğluna, “Gah solur, açır gözlərim” şeiri şəhid yoldaşı Gülay xanımın dilindən şəhid Novruzlu Ümid Bahadır oğluna, “Şəhidim qəhrəman leytenant Əli” əsəri şəhid leytenant Yusifov Əli Süləddin oğluna, “Dağlar qartalı” şeiri və eyniadlı poeması şəhid Məhəmmədhəsən Sadıqlıya, “Qayıt gəl” şeiri Rəna ananın dilindən övladı, şəhid Raqib Hüseynova, “Öpəndə torpağı bayraq kölgəsi” şeiri şəhid Novruzlu Ümid Bahadır oğluna həsr olunmuşdur. 

Müəllif Azərbaycana uğurla rəhbərlik edən, hər sahədə böyük qələbələr qazanan, 44 günlük Vətən müharibəsində özləri haqda mif yaratmış Ermənistana qarşı Böyük Zəfər əldə edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə və hünəri, döyüş məharəti və bacarığı ilə tarixdə böyük ad qazanmış Müzəffər Milli Ordumuza zəfər nəğmələri qoşur, qürurlu vətəndaş minnətdarlığını ifadə edir. Şairin mənsub olduğu xalqının milli xarakter duyğularından irəli gələrək qabartdığı, nəğmə qoşduğu sülhə çağırış nidaları “Günəşdən bir zərrə” şeirində çox aydın əksini tapmışdır. Şair öz el-obasını, Müzəffər Ölkəsini, böyük qələbəyə hər cür töhfələr vermiş doğma torpağı Naxçıvanı sülhün beşiyi, vətəni hesab edərək hər ölkəyə sülh payı verməsinin arzusu ilə yaşayır:

Qarabağ dünyaya çağırış meydanı,

Xarıbülbül sülhün simvolu olsun.

Dünyanın sülhsevər xalqları kimi,

Bütün yer kürəsi sülhə qoşulsun.

Şair bütün hallarda vətənpərvərlik hisslərini tam səmimiyyətlə ifadə edir. İfadələrin özünəməxsusluğu həm də onun sadəliyindədir. Şair vətənə olan məhəbbətini səmimi şəkildə ifadə etməklə ən duyğulu vətənpərvərlik misraları ortaya qoymağa müvəffəq olmuşdur. Şair Azərbaycanın şanlı 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq günlərinə qayıdır, bu şanlı günlərdə Azərbaycan övladlarının – şücaətli əsgərlərimizin döyüş əzminə, fədakarlığına şeirlər qoşur, onlara olan ümumxalq minnətdarlığını ifadə edir. Şair “Zəfərin göyləri məxməri səhər” adlı şeirində bu qələbənin bayram sevincini  ifadə edir:

Bayramdır, bəzəyin ev-eşiyi,

Noyabr yurdumda cümlə-cahandı.

Ərzdən səmayadək sülhün beşiyi

Mənim Vətənimdir, Azərbaycandır.

Şair çox yerdə və düzgün şəkildə Azərbaycanın qazanılan zəfərini ata – ulu öndər Heydər Əliyevin müdrik yolunun və uzaqgörən fəaliyyətinin, ləyaqətli övlad, xalqın ümid çırağı Prezident İlham Əliyev üçün qoyduğu vəsiyyətin nəticəsi hesb edir.

Şair sevinc notlarını “Şənüzlü Şuşam”, “Qazilər” və başqa şeirlərində davam etdirərək Azərbaycan xalqının ümumi sevinc, qəhrəmanlıq və vətən məhəbbətini ifadə etmişdir. Şair həmçinin Vətən müharibəsinin şəhidlərinə hörmət, qazilərinə ehtiram örnəkləri olan şeirlər də ərsəyə gətirmişdir. Həmin əsərlərdə şəhid və qazilərimizə böyük ehtiramla, minnətdarlıqla bərabər şəhid valideynlərinə də təskinlik verən, minnətdarlıq  edən gözəl əsərlər ortaya qoymuşdur. “Şəhidim, qəhrəman leytenant Əli”, “Dağlar aşıb səndə olan məhəbbət”, “Haqq payı”, “Qazilər”, “Baharı payız olan ana” və başqa nümunələr məhz bu kimi duyğu və düşüncələrlə zəngin olan əsərlərdirlər. Bu şeirlərin arasındakı “Qayıt gəl” şeiri daha təsirli və ürəkgöynədəndir. “Qayıt gəl” şeiri şəhid analarına rəğbət və onların dililə təqdim edilmişdir. Şeirdə övlad itkisindən doğan dərin bir yanğı özünü hiss etdirsə də, vətənin birliyi, torpaqların bütöbvlüyü, xalqın şərəfi, ləyaqəti, namusu, dövlətimizn ucalığı naminə özünü fəda edən övladların qəhrəmanlığından doğan bir qürur, mənlik, fəxarət hissləri də qabarıq özünü ifadə etmişdir:

Mən üzümü ucalara tutmuşam,

Bir ümid ver, buralara qayıt gəl.

Qara torpaq kül sovurur gözümə,

Kəmənd atıb  buludlara qayıt gəl,

Bir ümid ver, buralara qayıt gəl.

 

Ürəyimdə  oğul dərdi qubardı,

Ha boylandım  yollar səni apardı.

Mən Vətənəm, Vətən səsim haraydı, 

Rəhmin gəlsin analara, qayıt  gəl,

Bir ümid ver, buralara qayıt gəl.

Şair vətən məhəbbətli duyğularının bədii əksini “Qonaq gəldim”, “Zəfər günəşim”, “Salam, Zəfər qalam, Yumruq qalam!”, “Cismimi sədd edin vətən üstünə”, “Azərbaycan əsgəri” kimi şeirlərində də davam və inkişaf etdirmişdir. Şair bu şeirlərində vətənin işğal altında olan ərazilərinin azad edilməsi qələbəsi və sevinci  fonunda özünün vətənə olan məhəbbət duyğularını ifadə etmişdir. Şair “Qonaq gəldim” şeirində azad edilən Füzuli, Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı və b. kimi vətən torpaqlarına səfər etməsini vətəndaşlığın milli iftixar və fərəh emblemi kimi təqdim etmişdir. Məhz bu zəfər, qələbə Azərbaycan xalqına təkcə vətən bütövlüyü deyil, həm də milli birlik, el diriliyi bəxş etmişdir. “Salam, Zəfər qalam, Yumruq qalam” şeirində də duyğularını belə dilə gətirmişdir şair:

Salam, əziz Şuşam!

Biz qayıtmışıq!

Salam, elim, obam,

Oylağım, salam!

Salam “Cıdır düzü”,

Ey “Şuşa qalam”

Qarşıla Turanı,

Biz qayıtmışıq! 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

Filologiya üzrə fəlsəfə doktoru, dosent