Zəfər günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib -

Zəfər günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - FOTO, VİDEO

08 Noyabr 2024

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Günü münasibətilə Bakı, Gəncə, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnılarının, eləcə də marşların sədaları altında keçirilən yürüşlər vətəndaşlarımız tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.