
Yox deməyi niyə bacarmırıq?
Həm özümüz, həm ətrafımızda olan insanlar nədən, niyə yox deməyi, dur deməyi bacarmırıq? Çox vaxt demək istəyib lakin deyə bilmədiyimiz sözlər sırasındadır Yox kəliməsi. Təhlil edərkən görürük ki, bu heç də bizim zəif xarakterimizdən irəli gəlmir. Sadəcə fikirləşdiyimiz nöqtəyə nəzərdən kimsəni incitməmək, qəlbinə toxunmamaq məqsədi ilə razılaşırıq deyilənlərlə. Kimsəni itirməmək, qarşımızdakı insanların könlünü xoş etmək əsas qayə hesab olunur. Bəs bu xarakterli biz insanlar həmin hərəkətləri edərkən öz həyatımızın, öz dünyamızın necə bir qaranlığa qərq olacağını, birilərini razı salarkən özümüzün əziyyət çəkəcəyini görmürükmü? Təbii ki, görürük.
İnsanlığın əsas qayəsi Öz olmaqdır. Yəni olduğun kimi görünmək lazımdır. Düzdür bəzən Özümüzün etdiyi hərəkətin incidici olacağını başa düşüb daha mülayim olmağı bacarmaqda bir ədəb qaydasıdı. Lakin hər bir hərəkət həddində gözəldi. Heç zaman özləri olmağı bacarmayan insanlar sırasında olmaq onların özünə də cəmiyyətə də əziyyət verir. Hər zaman özləri olmaq yerinə birilərinə bənzəmək üçün əllərindən gələni artıqlaması ilə edən insanlar həyatda çox yorulurlar. O enerjini daha faydalı işlərə sərf etmək həm insanın özünə həm də ətrafına daha faydalı olar. Hərdən fikirləşib özüm-özümə deyirəm: görəsən bu xəstəlikdirmi, müalicəsi vardırmı? Bəzəndə əksini düşünürəm. Çox şey, ən əsası isə özünü dəyişdirmək insan iradəsindən asılıdır. Bu danılmazdır ki, insanı dünyaya bəxş edən, onun taleyini yazan, qismət yolunu açan Uca Allahdır. Lakin bu düşüncə də düz deyil ki, etdiyimiz əməllər bəlkə də bizim taleyimizə yazılan hər hansı bir hadisə, hər hansı bir gündür. Bunu nə alnımıza yazılan yazı, nə də ki, şeytan əməli ilə bağlamaq olmaz. İnsanlar həyatda özgə deyil, öz həyatlarını yaşamaq şanslarını itirməməli, bir heç naminə şərəfini, təmiz adını ayaqlar altına atmamalıdırlar. Ətrafda olan insanlara nəzər salsaq biri karyera qurmaq, biri uğur qazanmaq üçün bütün səylərini ortalığa qoyurlar. Yeri gəldikdə sağlıqlarını itirəcək dərəcəyə belə gəlib çıxa bilirlər. Şöhrət sahibi olmaq, həyatda hər şeyi mənimsəmək üçün insanlıqlarını itirib pulu, varı, dövləti üstün tuturlar. Dünyada o qədər fərqli tipli insanlar var ki, onları ayırmaq, tanımaq bir o qədərdə çətindir. Kimisi utancaq, kimisi həyata küsmüş, kimisi həyata bağlı və kimisi şöhrət arxasınca gedən. Bu insanlar içində Özü kimi yaşayan insanları ayırd etmək necədə çətindir. Həmçinin “Yox”, “Dayan”, “Dur” kəlməsini deyə bilmədiyimiz kimi. Bəzən öz canımızın bahasına da olsa, dünyada bizlərə qarşı olunan yalnış hərəkətlərə, pisliklərə rəğmən yenə də bir dur, dayan kəliməsin deyə bilmirik. Hərdən fikirləşib qarşımızdakı insanlarla etdiyimiz rəftara baxaraq sual verməliyik. Onlara qarşı etdiyimiz istər doğru, istər yalnış hərəkətlərə görə onlarda eynisini bizə edərlərmi, eyni qarşılığı bizə verərlərmi? İnsanlar hər zaman öz sərhədlərini qoruyub, özlərini müdafiə etməyi bacarmalıdırlar. Tək “Yox”, “Dayan” kəliməsiylə yox, artıq bəsdir, yetər artıq deməyi bilməlidir insan. Nə əzilməli, nə də əzməlidir. Bəzən o qədər pisliklər edilər ki, amma yenədə bağışlayıb üstün örtərək keçib gədərik. Axı niyə o yoldan dönüb bir arxaya baxa bilmərik ki, olunan yaxşılıqların qarşısında bu pisliklərdirmi cavabı. Dönüb baxdığımız zaman əlimizdən gəlsə belə o pisliyin qarşılığına vicdanımızın əl vermədiyini görürük. Bəzən özümüzü borclu hesab edirik. Kiməsə qarşı, nəyəsə qarşı, kiminsə xoşbəxtliyi üçün özümüzü məhv edirik. Fikriləşib deyirəm birisinə “Hə” demək və yaxud “Yox” demək bəhanə tələb etməyən sual və cavablardan biridir. Əslində çalışıb qarşımızdakı insana “Yox” deyə bilsək öz işimizin nə qədər asan və yüngül olacağını görərik. Həmçinin qarşımızdakı insanın bizim üstümüzdən etdiyi planlarının da alt-üst olduğunu görərik. “Yox” deməyi bacarmasaq özümüzü ifadə etməyi bacarmarıq. Bu da bizi həyatda bacarıqsız, anlaşılmayan bir insan xarakteri olaraq ortalığa çıxarır. Bizlər əsl hislərimizi, düşüncələrimizi gizlədirik və özümüz olmadığımız bir insan kimi davranırıq. Getdikcə vərdiş halına düşən bu hərəkətlər zaman keçdikcə özümüzdən uzaqlaşmağa səbəb olur.
Yanımızdakı insanları bəlkədə itirməkdən qorxduğumuz üçün “Yox” kəliməsini işlətmək istəmirik. Həyatda yalnız qalıb qaranlıqda itməkdən qorxuruq. Güzgü qarşısında özümüzə nifrət etməkdən qorxuruq. İnsanların gözündə olan dəyərimizin aşağı düşəcəyindən qorxuruq. Daha doğrusu həyatda özümüz olmaqdan qorxuruq. Bir “Yox” kəliməsinin həyatda nələrəsə, hansı itkilərəsə səbəb olacağından qorxuruq. Yanımızda olan insanların bizi biz kimi qəbul etmələri yerinə bir “Yox” kəlməsiylə gedənlərdən qorxuruq. Düşdüyümüz bataqlıqdan çıxa bilməməkdən qoxuruq. Bir “Yox” kəliməsinin nəyəsə, kimininsə həyatının çətinləşməsinə səbəb olmasından qorxuruq. Həyatda bizim üçün hər hansısa bir möcüzənin olmasını istəyirik. Bizim üçün bir sürprizlər olsun, dəyişiklər olsun, daha nələr-nələr olsun deyə bir çox şeylər istəyirik. Onları istəmək yerinə başdan öz həyatımızı dəyişdirib, özümüz kimi yaşayıb və bir insanın mənim həyatımda olan yerinə yox, mənim onun həyatında olan yerimə baxmalı və nəzərdən keçirməliyik. Bir “Yox” kəliməsiylə deyil, ona nə qədər get desəkdə hər zaman yanımızda olduğunu hiss etdirməlidir. Həyatımızı bir “Yox” kəliməsi deyil bir şəxsiyyət, bir fərd, bir insan dəyişdirməlidir. Bir “Hə” kəliməsi birinin həyatını necə dəyişdirirsə eyni ilə bir “Yox” kəliməsi də o cavaba bərabər olmalıdır. Tam bəhanəsiz, sorğusuz-sualsız qəbul edilməlidir. Bizi bu dünyayla birləşdirən bir “Hə”, bir “Yox” kəliməsidir. Bunu dəyişdirmək bizim öz əlimizdədir. Amma bir o qədər də çətindir. Həm bu kəlimələrin qarşılığın vermək, həm də həyatda özümüzü dəyişdirmək necədə çətindir. Çünki ən böyük həqiqət acı da olsa, qəbul edilməzdə olsa özünü dəyişdirməkdir.
Sahilə Cəfərli
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin əməkdaşı