
Xalq artisti Yasəmən Ramazanovanın doğum günüdür - FOTO
Bu gün Naxçıvan mədəniyyətində dərin iz buraxmış, teatr səhnələrində unudulmaz obrazlar yaratmış, Naxçıvan Dövlət Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Yasəmən Ramazanovanın doğum günüdür.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 1958-ci il 25 yanvarda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tunbul kəndində dünyaya göz açan Yasəmən xanım ömrünü incəsənətə həsr etmişdir. O, 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa və rejissor kimi fəaliyyətə başlamış və teatr sənətinə mühüm töhfələr vermişdir.
Yasəmən Ramazanova Hüseyn Cavidin “Şeyx Sənan”, “Ana”, “Afət”, Cəfər Cabbarlının “Aydın”, Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” və digər əsərlərdə canlandırdığı obrazlarla teatrsevərlərin qəlbində dərin iz buraxmışdır. Rejissor kimi də uğurlu işlərə imza atmış bir çox tamaşaları səhnələşdirmişdir.
O, ilk dəfə Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində Nazlı obrazı ilə səhnəyə çıxmışdır. Bu gün isə həmin tamaşada baş rejissor Mir Qabil Əkbərovun quruluşunda Kərbəlayi Fatma obrazını canlandıraraq öz sənət yolunda yeni bir zirvəyə imza atır.
2005-2016-cı illərdə M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru vəzifəsində çalışan Yasəmən xanım teatrın repertuarını zənginləşdirərək bu sənət ocağının inkişafına əvəzsiz töhfələr vermişdir.
Yasəmən Ramazanova təkcə teatr deyil, televiziya və radio sahəsində də öz izini qoymuşdur. O, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə uzun illər əməkdaşlıq edərək tamaşaçı və dinləyicilərin sevimlisinə çevrilmiş, həmçinin dövlət əhəmiyyətli tədbirlərin aparıcısı kimi də seçilmişdir.
Sənətə və cəmiyyətə xidmətini ömrünün hər anında sevgi və sadiqliklə yerinə yetirən Yasəmən Ramazanovanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzu edirik!