Vüqar Mustafayev Serbiyanın müdafiə naziri ilə görüşüb

Vüqar Mustafayev Serbiyanın müdafiə naziri ilə görüşüb

14 İyun 2024

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Serbiyanın müdafiə naziri Bratislav Qaşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

V.Mustafayev nazir B.Qaşiçi yeni təyinatı münasibətilə təbrik edərək dost və tərəfdaş ölkənin nümayəndələrini Azərbaycanda görməkdən məmnun olduğunu ifadə edib.

Görüş zamanı V.Mustafayev ölkələr arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayaraq bir çox istiqamətlərdə olduğu kimi, müdafiə sənayesi sahəsində də sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib və yeni texnologiyaların transferinin, birgə istehsal sahələrində əməkdaşlığın uğurla həyata keçiriləcəyinə əmin olduğunu bildirib.

Nazir Serbiyanın nümayəndə heyətini 24-26 sentyabrda keçiriləcək "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

V.Mustafayev ikitərəfli münasibətlərin inkişafı üçün Serbiyanın Azərbaycanda fəaliyyət göstərən hərbi attaşelik aparatının yaradılmasını yüksək qiymətləndirib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən B.Qaşiç səmimi qəbula görə azərbaycanlı həmkarına minnətdarlığını bildirib. O, bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün birgə layihələrin, həmçinin beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyətindən bəhs edib.

Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar səfərlərin təşkil edilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.