Vladanka Andreeva: “Azərbaycanda minatəmizləmə prosesini sürətləndirmək üçün səyləri əlaqələndirmək lazımdır”

Vladanka Andreeva: “Azərbaycanda minatəmizləmə prosesini sürətləndirmək üçün səyləri əlaqələndirmək lazımdır”

25 May 2023

“Azərbaycanın işğaldan azad edilmiş əraziləri minalardan təmizlənməyincə, məcburi köçkünlərin oraya təhlükəsiz qayıtması mümkün olmayacaq”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib.

"Konfrans iştirakçılarının əksəriyyəti bilir ki, minanın hazırlanması cəmi 1 ABŞ dollarına qədər, təhlükəsiz şəkildə zərərsizləşdirilməsi isə 1000 ABŞ dollarından baha başa gələ bilər. Minalar 60-dan çox ölkədə insanların təhlükəsizliyini, sağlamlığını, rifahını və həyatını təhdid edir. Bu baxımdan, daha çox həssas təbəqələr, o cümlədən qadınlar və uşaqlar əziyyət çəkirlər.

2022-ci il üçün “Landmine Monitor” hesabatına görə, təkcə 2021-ci ildə minalar 5544 nəfərin ölümünə və ya yaralanmasına səbəb olub. Azərbaycan kontekstində isə acınacaqlı reallıq məyusedicidir”, - Vladanka Andreeva bildirib. O əlavə edib ki, 1991-ci ildən indiyədək Azərbaycanda 358-i uşaq və 38-i qadın olmaqla ümumilikdə 3377 nəfər minaların qurbanı olub.

"Təkcə son iki ildə 55 insan həyatına son qoyulub, daha 244 nəfər isə ağır yaralanıb. Azərbaycanın işğaldan azad edilmiş əraziləri minalardan təmizlənməyincə, məcburi köçkünlərin oraya təhlükəsiz qayıtması mümkün olmayacaq. Bu, lazımi infrastrukturun qurulmasını, yolların çəkilməsini və kənd təsərrüfatı torpaqlarının becərilməsini də çətinləşdirir", - BMT-nin rezident əlaqələndiricisi bildirib.

“Bu faktlar Azərbaycanda minatəmizləmə prosesini sürətləndirmək üçün səyləri və resursları təcili əlaqələndirmək zərurətini qabarıq nümayiş etdirir”, - Vladanka Andreeva əlavə edib.