Vətəndaş Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət  törədərsə...

Vətəndaş Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törədərsə... HÜQUQ MƏSLƏHƏTİ

14 İyun 2024

Sual: Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ görə hansı hallarda cinayət məsuliyyətinə cəlb edilirlər?

Cavab: Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb edilirlər.

Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törədikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb edilirlər. Həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına qarşı cinayət törətdikləri halda, bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşunas - Nurlan Əhmədli.