Vəli Quliyev: Qubadlı döyüşləri zamanı şəhid olub

Vəli Quliyev: Qubadlı döyüşləri zamanı şəhid olub

25 May 2023

Vəli Kamal oğlu Quliyev və ya rəsmi sənədlərə əsasən Vəli Vəli oğlu Quliyev 1997-ci il avqustun 30-da Culfa rayonunun Qazançı kəndində anadan olub.
 
O, 2003-2009-cu illərdə A. Tağıyev adına 17 nömrəli tam orta məktəbdə, 2009-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Vəli Quliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Vəli Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

O, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vəli Quliyev noyabrın 6-da Qubadlı döyüşləri zamanı şəhid oldu. Naxçıvan şəhər qəbiristanlığında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vəli Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.