Vəkillər Kollegiyasında "Dövlət Hesabına Hüquqi Yardım'" müşavirəsi keçirilib

Vəkillər Kollegiyasında "Dövlət Hesabına Hüquqi Yardım'" müşavirəsi keçirilib

29 Noyabr 2024

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə “Dövlət hesabına hüquqi yardım” mövzusunda “Zoom” platforması vasitəsilə növbəti Ümumrespublika Müşavirəsi keçirilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə kollegiyadan məlumat verilib.

Müşavirədə dövlət büdcəsi vəsaiti hesabına göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqin nəticələrinin təhlili, bu sahədə mövcud olan problemlər səsləndirilib.

Kollegiyanın sədri Anar Bağırov xatırladıb ki, dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödənilməsi ARVK-yə həvalə edilib:

"Bu sahədə Kollegiya öz üzərinə götürdüyü öhdəlikləri tam icra edir. Bununla əlaqədar Rəyasət Heyəti qısa müddətdə müvafiq işlər görüb, o cümlədən dövlət hesabına göstərilən hüquqi yardıma görə ölkə üzrə bütün vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillərə haqqın (məbləğlərin) ödənilməsi işləri mərkəzləşdirilmiş qaydada təşkil edilib, aidiyyəti sənədlərin dəqiq uçotunun aparılması təmin olunub".

Sonra sədr indiyədək dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə iclas iştirakçılarına məlumat verib, bu sahədə mövcud olan bəzi problemləri, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və fərdi vəkillərə təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət qurumları tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanları büro rəhbərlərinin nəzərə çatdırıb.

Eyni zamanda sədr bütün Vəkil bürolarında icmal məktubunun müzakirə edilməsini, orada qeyd edilən məsələlərə baxılmasını və bu barədə büro rəhbərləri tərəfindən Kollegiyaya rəsmi qaydada məlumat verilməsini bildirib, habelə gələcəkdə dövlət büdcəsi vəsaiti hesabına göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqlərin gücləndiriləcəyini vurğulayıb.

Daha sonra ARVK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov çıxış edərək ötən il ərzində Mərkəz tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib, dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə iştirakçıların diqqətinə çatdırıb.

Sonda məsələ ətrafında geniş müzakirələr aparılıb, təcrübədə rastlaşılan bir çox problemlər qeyd olunub və bu sahədə gələcək fəaliyyət ilə bağlı konkret praktiki təkliflər irəli sürülüb.