
Uşaq teatrı ilə bağlı nəyi bilirik? - FOTO
“İndiki uşaqları səhnədə parça üzərinə çəkilmiş təsvirlərlə maraqlandırmaq qeyri-mümkündür”- bu fikirlər türkiyəli sənətkar, teatr üzrə mütəxəssis Rasim Aşına məxsusdur. Rasim Aşın haqqında qısa arayış: 1968-ci ildə Türkiyənin Salihli şəhərində (Manisa vilayəti) anadan olub. Yerli televiziyada işləyib. 1998-2002-ci illərdə Bakıda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsində təhsil alıb. Tələbəlik illərində görkəmli sənətkar Vaqif İbrahimoğlunun “Yuğ” teatrı ilə əməkdaşlıq edib. Teatrda “Müsafir”, “X məqamı”, “Midasın qulaqları”, “Olsun” kimi tamaşaların rejissoru olub. Hətta “Yuğ” teatrında “Uşaq Teatrı Araşdırmaları Laboratoriyası”nın və “Oyun” uşaq teatrının rəhbəri kimi intensiv yaradıcılıq axtarışları edib. “Buğac xan” tamaşası ilə Braziliyada keçirilən Dünya Uşaq və Gənclər Tamaşaları Festivalında uğurla iştirak edib. Azərbaycanda çalışdığı illərdə elmi işə də vaxt tapıb. İkinci ali təhsil aldığı Bakı Slavyan Universitetində “Təhsildə teatr prosesi” mövzusunda dissertasiya müdafiə edib. İndi Salihlidə yaşayan, eyni zamanda Malatya Universitetində pedaqoq kimi çalışan Rasim Aşın bu il artıq 8-ci dəfə keçirilən Dionis Beynəlxalq Teatr Şənliyi və Təlim Düşərgəsinin təşkilatçısıdır. Heç kəsdən heç bir kömək almadan 8 ildir ki dünyanın müxtəlif ölkələri və Türkiyənin ən tanınmış teatr adamlarını teatrın və Dionisin doğulduğu Sardesdə bir araya toplayaraq sənətdə olan yenilikləri bir-biri ilə bölüşməyə şərait yaradır. Bu işdə yorulmadan çalışması Rasim Aşına hər kəsin hörmətini və sonsuz sevgisini qazandırıb. Azərbaycan teatrını isə elə bizim özümüz qədər dərindən bilir. Daha çox uşaq oyunları ilə tamaşaçıların qarşısına çıxır. Uşaq teatrlarının mahiyyəti, orada səhnələşdirilən oyunların mövzusu və məqsədi, uşaqların psixologiyasında yarada biləcəyi mənfi və müsbət cəhətlərlə bağlı mütəxəssis kimi yazdığı bu məqalə, təqdim etdiyi fikirlər bu sahədə fəaliyyət göstərən hər kəs üçün faydalı ola bilər.
Teatrda uşaq mövzusu haqqında dünyada bu günədək çox şey yazıldı, yazılır da. Amma bu mövzuya bir-birindən fərqli formalarda toxunulur. Ölkəmizdə isə yetərincə bəhs edilən məsələdir, ümumilikdə bir qədər elmilikdən uzaq və «biz etdik, oldu», «hələlik işə yarayan» taktika və asan pul qazanma yolu kimi dünya görüşlərinə rast gəlirik...
Türkiyəli professor Özdemir Nutkunun "Uşaq Teatrı" kitabında uşaq teatrı deyilincə ilk ağıla gələni aşağıdakı kimi bir neçə istiqamətə bölmüşdür:
- - Çərçivə səhnə içində uşaqların uşaqlar üçün hazırladıqları məktəb tamaşası (müsamirə - özfəaliyyət);
- -Məktəbdə çərçivə səhnə içində uşaqların yeniyetmələr önündə göstərdikləri tamaşa (özfəaliyyət-müsamirə);
- – Peşəkar, ya da həvəskar teatr truppalarının uşaqlarla birlikdə, ya da onlar üçün oynamaları; bu da iki cəhətdən ələ alınır:
- a) Professional sənətçilərin böyük salonlarda, çox sayda tamaşaçı önündə oynadıqları və yaş qrupuna diqqət edilmədən uşaqlar üçün hazırlanan böyük tamaşalar (uşaq teatrı);
- b) Mütəxəssis pedaqoq, psixoloqların, ya da artist-müəllimlərin kiçik bir sahədə, uşaqların arasında və onlarla birlikdə oynadıqları uşaq tamaşaları. (Yaradıcı pyes);
- -Məktəbdə uşaqların tamaşaçı arasında oynadıqları tamaşalar (Məktəb teatrı);
- -Yeniyetmələrin qürur duyduqları uşaqlar üçün böyük bir teatr binası və böyük kreslolar. Böyük səhnənin yer aldığı salonlar (Uşaq teatrı);
- -Məktəbəqədərki təhsil qurumlarında, uşaq bağçalarında kiçik yaşlı uşaqların iştirakı ilə teatr tamaşaları, kloun, heyvan maskaları və rol geyimləri ilə tamaşa göstərmə fəaliyyətləri (Uşaq bağçası teatrı);
7.- Şəhərdəki özəl bir festival, şənlik, təbrik, konsert kimi mərasimlərdə tamaşaçı toplamaq üçün edilən və xüsusilə uşaqların başını qatmaq üçün hazırlanan küçə-açıq hava tamaşaları (Küçə teatrı);
8. - Mərkəzdən uzaq kənd, qəsəbə, məhəllə kimi yerlərdə yaşayan uşaqlar üçün hazırlanan tamaşalar (Səyyar teatrı);
İndi aşağıda uşaq teatrı mövzusunda görüşlərin xülasəsində bu məsələləri bir az genişliklə açıqlayaq:
-Birinci və ikinci modellərdə göstərilən «müsamirə-özfəaliyyət»lər bir çox orta məktəblərdə vərdiş edilmiş tətbiq formalarıdır. Burada uşaqların bir hissəsi sinif rəhbərləri, ya da ədəbiyyat müəllimlərinin (və ya orta məktəb, lisey, universitet illərində teatrda vəzifə almış, hər hansı bir həvəskar dərnəkdə olmuş, teatr mövzusunda elmi çalışmaları izləməyən, bilməyən, sadəcə teatrı sevən və ya könüllü müəllimlərin əvvəlcədən verdiyi tapşırıqlar üzrə hazırlaşıb mexaniki bir hərəkətlə oynayarkən, yəni fəal olduğu halda, o biri hissəsi də tamaşaçı vəzifəsini icra edir. Beləliklə, oynayanlarla seyr edənlər arasında münasibətdə onlar əvvəlcədən bir məqsəddə bağlanmışlar. Burda heç bir tərəf yaradıcı deyildir; buna görə də fəaliyyətsizdirlər. Bu zaman uşaqlar heç nə yaratmırlar və gələcək həyatları üçün də müsbət heç nə almırlar.
Həm də bu cür səhnələr kiçik yaşlı uşaqlar üçün işgəncədən başqa bir şey deyildir. Səhnədə təlimatlara görə hərəkət edən və tamaşaçı önündə oynamağa çalışan bu uşaqlara olan təzyiqi və böhranı hiss etdikcə həmişə narahat olmuşam. Və həmişə düşünmüşəm; əgər məktəbdəki uşaqlar düzgün şərtlər altında tamaşaya qatılsalar, yaradıcı olsalar, özlərini nə qədər xoşbəxt hiss edəcəklər! Kiçik yaşlı uşaqların bir çərçivə səhnə içində oynamağa məhkum edilmələri, təbiətin azadlığına alışmış quşların qəfəsə salınmasına bənzəyir... Hətta 14-15 yaşlı yeniyetmə oğlan və qızlar da, böyüklərin önündə oynamaqdan narahat olurlar. Kiçik uşaqlar isə böyüklərin (niyyətləri nə olursa-olsun) gülümsəmələri qarşısında tamaşanı qoyub başqa işlə məşğul ola bilərlər. Bunun da teatrla əlaqəsi yoxdur. Bəlkə də bu, onlar üçün müxtəlif geyimlərdə moda nümayişindən başqa bir şey deyildir. Burada nə yaradıcılıq, nə də dram vardır.
Üçüncüdə göstərilən isə bu gün əksəriyyət tərəfindən uşaq teatrı olaraq qəbul edilən formadır. Başqa sözlə, professional teatr truppaları tərəfindən uşaq tamaşaçılar üçün hazırlanan, böyük məsrəflərlə ortaya çıxarılan və ümumilikdə böyüklərin də baxdığı çərçivə səhnələrdə oynanan uşaq teatrıdır. Səmimiyyətlə, doğru bir formada və ağılla hazırlandıqda bu teatrın məqsədi 12 və yuxarı yaşlardakı uşaqların ehtiyaclarını qarşılamaq və onları sənət yolu ilə yaşama hazırlamaqdır. Bu işi sevərək və səmimi qəlbdən görən peşəkarların da məqsədi budur. Ancaq 12 yaşından aşağı uşaqlar üçün bu cür teatrın nəzərə çarpan iki mənfi tərəfi vardır:
I- Kiçik yaşlı uşaqlar bu gözqamaşdırıcı tamaşaları uzun müddət təqlid edirlər və bu təqlid hər dəfə bir az da pisləşir; bu da onların əsər yazma, səhnələmə, quruluş vermə baxımından özlərinə qarşı inamlarının sarsılmasına səbəb olur.
II- Bu böyük tamaşalarda yetişmiş artistləri görən uşaq onları təqlid etmək istəyir, amma gücü çatmadığını hiss edincə məktəbində hazırlanan teatr dərnəklərində oyunçu kimi səhnəyə çıxmaqdan qaçır. Əvvəlki bölümdə və daha öncəki illərdəki teatr və təhsil çalışmalarımda da vurğuladığım kimi, pedaqoji baxımdan yaş qruplarını nəzərə almaq və bu məsələdə həssaslıqla davranmaq gərəkdir. Bizdəki kimi hər yaşdan olan uşaq tamaşaçılarla eyni tamaşanı seyr etdirmək bir yaş qrupu üçün normal sayılarkən, digərləri üçün mənasız gələ bilər. Xüsusilə kiçik yaş qruplarındakı uşaqları bir salona yığıb onları çərçivə səhnəyə baxmağa məcbur etmək, o uşaqların yaradıcılıq qabiliyyətlərini məhv etməkdən başqa işə yaramır. Təəssüf ki, rəhbərlər və ailələr də bu vəziyyəti təbii qarşılayaraq uşaqları bu cür tamaşalara göndərməyə davam edirlər. Elə isə nə etmək lazımdır? Başda peşəkar teatrlar olmaqla pedaqoqların məsləhətinə müraciət edilməklə seçilən uşaq tamaşasının hansı yaş qrupu üçün olduğunun müəyyənləşdirilməlidir. Ya da hər teatr hansı yaş qrupları üçün hansı mövzulu tamaşa hazırlayacağının fərqinə varmalıdır
Məktəb teatrında isə ilk və ibtidai təhsil teatrı çalışmaları bu mövzuda mütəxəssisləşmiş müəllimlər, ya da artist-müəllimlərin nəzarətində olmalıdır və çərçivə səhnələrdə göstərilə bilər.
Üçüncü maddənin 2-ci bəndində göstərilən tərzdə, yəni professional artistlərin kiçik bir sahədə uşaqlarla birlikdə, ya da onların arasında oynamaları, tez-tez rast gəlinməsə də, məqsədəuyğun bir çalışmadır. Amma uşaq tərbiyəsinin fərqində olan və pedaqoqlardan çoxunu narahat edən bu gerçəyi bir daha vurğulayaq: uşaq böyüklərin cəhdi olmadan da nə isə yarada bilər. Hərçənd belə kollektiv çalışmalar doğru və şüurlu bir formada edildikdə uşaqları xoşbəxt edə bilər. Önəmli olan uşaqların dünyasına girə bilməkdir. Uşaqlar onların yaradıcılığını inkişaf etdirəcək, meydana çıxaracaq məşğələlərdə iştirak edirlərsə, özlərinə və qarşısındakılara olan inamları artır.
Bu cür çalışma aparan sənətçi-pedaqoqlar (ya da professional artistlər) qrup dinamika və həssaslığı, çalışmanın elastik formalarına bağlı metodları anlama və tamaşaçının iştirakı mövzularında xüsusi bir kurs keçməlidirlər. Eyni zamanda çalışmanın xarakterini pozmadan bütün əngəlləri ağılla aradan qaldıracaq təhsilə də malik olmalıdırlar. Uşağın dünyası bizimkilərdən çox fərqlidir və biz də onun dünyasını kəşf etməkdə çox geri qalmışıq. Amma bunun üçün də bir üzrlü səbəbimiz var: bizlər yetişkinlərik!
Məktəb teatrı uşağın öz sənət formasının davamı və məktəb teatrı ilə uşaq şənliklərinin inkişafı yolunda səmimiliklə edilən bir təşəbbüsdür. Uşaqların tamaşaçılar qarşısında oynamaları, bəzi tapıntılar etmə imkanını artırır və uşaqları rahatladacaq daha əlverişli bir sahədə həyata keçirilir. Bu formanın bir nöqsan cəhəti uşaqları seyr edən böyüklərin pedaqoji baxımdan hazır olmamaları və belə vəziyyətdə nə edəcəklərini bilməmələridir. Bu da yanlış bir ab-hava yarada bilər. Önəmli olan seyr edən böyüklərin kiçik yaşlı uşaqları tamamilə sərbəst buraxmalarının lazımlığını başa düşmələridir.
Bir həftədə tamaşanı hazırlayanların müəyyən səhv cəhətləri, yanlış müdaxilələri bəzi istənməyən vəziyyətlərə gətirib çıxara bilər. Məsələn, uşaqları içində hərəkət edilməsi çətin olan geyimlərlə və rekvizitlərlə təchiz etmək onların sərbəstliyini azalda bilər.
5-ci maddədə göstərilən, ümumilikdə əksəriyyətin istəyi olan uşaq teatrı üçün böyük bir bina tikilməsi düşüncəsi, hesab edirəm ki, yanlışlığın başlanğıcını qoyur. Çünki böyük bir bina kiçiklər üçün əks-reaksiya yaradır, onları çaşdırır, qorxudur və beləliklə də əlverişsiz bir ab-havaya səbəb olur. Azərbaycan kimi «rus formalizmi» təsiri altında olan ölkələrdə çox görkəmli, ehtişamlı binalar tikilmişdir və burada uşaq teatrı olan binalarda kiçiklər giriş-çıxışlarda belə problem yaşayırlar. (Gənc Tamaşaçılar Teatrı, Kukla Teatrı və s.)
Burada bəhs edilən yer uşaqların xoşbəxt olduqları kiçik bir tamaşa üçün olan sahə, bir otaq böyüklüyündə, orta genişlikdə bir salon arasında ola bilər. Uşaq teatrı bir bina deyil, onlar üçün bir dünyadır. Bunu anlamırıqsa, ya da daha pis olan səhv düşüncələrə meyl edib bunu anlamaq istəmiriksə, demək yanlış bir uşaq teatrı hazırlama yolundayıq. Bunun da zərərini uşaqlarımız, dolayısı ilə xalqımız-mədəniyyətimiz çəkəcəkdir.
Məktəbəqədər qurumlar isə sadəcə uşağın səhər saat 9-dan, axşam 17-yə qədər boş bir şəkildə başının qatıldığı, çox zaman yeməyini yedirib, tualet vərdişinin qazandırıldığı və vaxtının çoxunun yatağa sərf olunduğu məkanlar kimi qəbul edilir və ailələr də «buna da şükür» deyərcəsinə təsəlli tapırlar. Son illərdə bəzi məsuliyyətli və yaxşı niyyətli sahibkarlar və ailələrin bu cür qurumlarda daha aktiv çalışmalar aparmaq və uşaqları əyləndirərək həm öyrədib, həm də gününü xoş keçirərək bəzi davranışları öyrətmək üçün teatrın təsiredici gücündən yararlanmağa başlamaları sevinc gətirən inkişafdır.
6-cı maddədə xüsusilə kiçik şəhərlərdə keçirilən tədir, bayram, festival, sərgi və s. fəaliyyətlərdə yetişkinlər qədər uşaqların da həm tamaşaçı, həm də iştirakçı ola bildikləri və şəhərlərindəki teatr dərnəklərinin sayının artırılmağa çalışılması diqqəti çəkməkdədir. Havaların gözəl olduğu aylarda uşaqlarla «küçə tamaşaları» göstərilməyə başlanılması və medianın da bunları xəbərlərdə verməsi sevindirici inkişafdır...
7-ci maddədə yer alan mərkəzlərdən uzaqda olan yerlərdəki uşaqlar üçün də bəzi çalışmaların hazırlanmağa başlanması və professional, ya da həvəskar truppa ilə məktəb teatrlarının müsabiqələrdə iştirak etmək məqsədli çalışmalarına da tez-tez rast gəlinməkdədir.
Təbii ki, bütün xoş niyyətli çalışmalarda bilmədən, ya da bilərəkdən edilən səhvlər, çatışmayan cəhətlər olur.
Dr. Rasim AŞIN
Pedaqoq, rejissor
Türkiyə