
Torpaq problemlərinə və şoranlaşmaya həsr olunmuş seminar keçirilib - FOTO
“Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyi ilə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı Fakültəsinin “Coğrafiya” kafedrasının birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Sədərək rayon torpaqlarının ekoloji problemləri və həll yolları” mövzusunda seminar keçirilib. Seminarın əsas məqsədi Naxçıvan Muxtar Respublikasında yayılan torpaq tiplərinin ekoloji vəziyyətini öyrənmək, şoranlaşma problemlərini təhlil etmək, Sədərək rayonunun Dəmirçi kəndindən götürülən torpaq nümunələrini tədqiq etmək və Şir arxı kanalının daşması nəticəsində yaranan şoranlaşma ilə mübarizə üsullarını araşdırmaq olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə birliyin üzvləri və universitetin “Torpaqşünaslıq və aqrokimya” ixtisasının tələbələri iştirak ediblər. Tədbirin açılışında “Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyinin həmtəsisçisi, universitetin doktorantı Aytən Kərimova və Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri, birliyin idarə heyətinin üzvü, pedqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Elnarə Seyidova seminarın məqsədi və əhəmiyyəti barədə çıxış ediblər. Aqrar elmlər üzrə fəlsəfə doktoru, Coğrafiya kafedrasının dosenti Sahib Hacıyev seminarda Naxçıvan və xüsusilə Sədərək rayonunun bələdiyyə torpaqlarının ekoloji vəziyyəti barədə ətraflı məlumat verib. O, Sədərək rayonunun Dəmirçi kəndindən gətirilmiş torpaq nümunələrini təhlil edərək bu torpaqların strukturu və məhsuldarlığı barədə maraqlı məlumatlar təqdim edib. Həmçinin, Sahib Hacıyev hazırladığı Naxçıvanın torpaq xəritəsini təqdim edərək torpaq resurslarının daha səmərəli idarə olunması üçün vacib məlumatlar paylaşmışdır. Seminar zamanı ərazidə yerləşən suvarma kanalından sızan suların nəticəsində yaranan şoranlaşma problemini və bu problemlə mübarizə üsullarını izah edərək həll yollarını təklif edib.
Sonda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların maraqlandığı suallar cavablandırılıb və təkliflər irəli sürülüb. Tədbir ekoloji maarifləndirmə sahəsində əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini bir daha vurğulayıb.