Təhsildə teatr sənətinin  ifadə vasitələrindən  istifadə nəzəriyyəsi -

Təhsildə teatr sənətinin ifadə vasitələrindən istifadə nəzəriyyəsi - Rasim Aşın yazır

07 Sentyabr 2023

Teatr vasitəsilə öz ölkəsindəki geniş xalq kütlələrinə xitab edən məşhur cənubi amerikalı teatr adamı Aqustin Boalın çalışmaları təhsildə teatr çalışmalarının nəzəri əsasını təşkil edir. A.Boalın teatr çalışmalarının məqsədi həm uşaqların dünyasını kəşf etmək, həm də onların yaşadıqları dünyanı yaxşı araşdırmaq üçün tənqidi baxış qazanmalarını təmin etməkdir. Daha konkret bir deyimlə, şagirdlərin yaradıcılıq və çoxsahəli düşünmə, araşdırma və nümayiş etdirmə qabiliyyətlərini reallaşdırmaqdır. Bu baxımdan çalışmalar sadəcə fərdin öz duyğularını meydana çıxarmasında, özünü kəşf etməsində məhvər rolunu oynayan yaradıcı dramın sərhədlərini aşır. Sosial problemlərə həssaslıq, tənqidi baxış, problemlərin həlli yönündə inkişaf etdirici seçimlər təhsildə teatrı fərqli edir. Müəllim hazırlayan fakültələr əsasında davam etdirilən teatr, dram çalışmalarında - dərslərində ali məktəb tələbələrinin də alışmadıqları bir fəaliyyət gözlənilir. Bu sahədə özlərini yetişdirmək istəyən gənclərin, müəllimliyə namizədlərin, teatr sənətçilərinin şəxsi düşünmə, həll etmə qabiliyyətlərini və yaradıcılıqlarını fəallaşdırmağı, nəzəriyyə ilə tətbiq etməyi, bütünləşdirməyi öyrənmələri lazım olduğu kimi, məktəblərdə aparılan hər bir çalışmanın bir ilk olduğunun fərqinə varmaları və bunun həyəcanını hiss edə, məsuliyyətini duya bilmələri lazımdır. Təcrübə və yaradıcılıq təhsildə teatrın əsasını təşkil etdiyindən, hər çalışma yeni bir yaşantını təqdim edir. Hər yaşantısı ilə birlikdə həll edilməsi lazım olan yeni-yeni problemlər yaradır. Bu baxımdan həmin çalışmalar böyük bir cəhd, intizam, davamlılıq, bəzən də fədakarlıq tələb edir. Nəticədə pedaqoq yetişdirən ali məktəb mühitində davam etdirilən təhsildə teatr çalışmalarının həm universitet tələbələrinin, həm də ibtidai təhsil məktəbləri şagirdlərinin yaradıcılıqlarına təsir göstərən çoxyönlü, məhsuldar bir çalışma olduğu söylənilə bilər.

Bəs necə bir çalışma metodu?. Təbii ki, “Təhsildə teatr” dairəsində edilənlərə bir növ Stanislavski, Brext və A.Boal poetikalarının sintezi deyilə bilər. Bunlara əlavə olaraq da 1999-cu ildən etibarən də Azərbaycan “Yuğ” Dövlət Teatrının yaradıcısı və pedaqoq-rejissor Vaqif İbrahimoğlunun “Psixosoft teatr poetikası”nın prinsiplərini də tətbiq etdikdə çalışmalarımın daha məhsuldar olmağa başladığını müşahidə etdim.

“Təhsildə teatr” çalışmalarımızın ilk mərhələsində Stanislavski metoduna əsaslanaraq yaradılan “yeni gerçəklik” (təklif olunan vəziyyətdə olma halı) içində uşaq iştirakçının özünü başqalarının yerinə qoymasını təmin etmək, həssaslığını artırmaq, beləliklə, ətrafına, cəmiyyətə, gündəlik həyatına müxtəlif nöqtələrdən çox yönlü baxma fürsəti vermək, ikinci mərhələdə Brextdən yararlanaraq hadisələri sentimentallığa qapılmadan araya məsafə qoyaraq bütün çılpaqlığı ilə araşdırmaq və dəyərləndirmək, nəhayət, A.Boalın metodunda olduğu kimi dəyərləndirdiyi, araşdırdığı hadisənin-oyunun içində yer alaraq həqiqi həyatda edə biləcəklərini tapmasını, öz yaşamları ilə bağlı təcrübə qazanmalarını təmin etməkdir…

Son olaraq da Vaqif İbrahimoğlunun “Psixosoft teatr poetikası”nda təklif edilən çalışmadakı vəziyyətə uşaqların qapılıb, aludə olmalarının dərəcəsini azaltmaq, edilənlərin öyrətmə-təcrübə qazanma məqsədli çalışma olduğunu xatırlatmaq, yaxşı, ya da pis olanı pyes vasitəsilə gerçəkləşdirərkən ürəyinə salmamaları gərəyini, edilənlərin paradiqmadan gəldiyini, arxatipik xüsusiyyətlərin əks olunduğu gerçəyin fərqliliyini nəzərdən qaçırmamaqdır. Bu metodun daha yaxşı başa düşülməsi və tətbiqi üçün teatr mütəxəssisləri və müəllimlərinə Ziqmund Freyd və Karl Qustav Yunqun psixoloji məsləhətləri haqqında informasiyanın təhsildə lazımlığını xatırladıram.

Bunlardan başqa, təhsil psixologiyasına dair qaynaqların araşdırılmasında da fayda var. Araşdırma və çalışmalarımın dəyərləndirilməsini apardığım yazılarımda bu sahədə çalışmaq istəyən, ancaq kifayət qədər təcrübəsi olmayan, ya da təcrübəsinə əsasən sərbəst çalışmalar aparanlara reklam dünyası və media kimi həyatlarına “girən” təsirlərə, cizgi filmi, roman, nağıl parodiyaları, “Hamlet”, “Fərhad və Şirin”, “Romeo və Culietta” kimi klassik bir pyes və ya qəzet xəbərinə istinad edərək aparılan məşğələlər barəsində müxtəlif örnəklər təqdim etməyə çalışacağam. Uşaqların dünyasına girən, onların yaşamının bir parçası olan hər şey və alışdırma nümunələri ilə yanaşı, qarşılanacaq problemləri də ayrıca olaraq araşdırmağa və müxtəlif həll yolları göstərməyə cəhd edəcəyəm. Örnəklər elə açıq və konkret, çalışmaların müxtəlif mərhələləri elə təfərrüatlı şəkildə göstəriləcəkdir ki, onlar asanlıqla tətbiq edilə bilər. Ancaq unudulmamalıdır ki, verəcəyim örnəklər hər şərait və şərtdə tətbiq oluna biləcək stabil və hazır qəlib deyildir. Tətbiq edilə biləcək yaş qrupunun xüsusiyyətlərinə və qrup rəhbərinin şəxsi bacarığına, qabiliyyətinə görə hazırlanacaq, forma alacaq, rəng qazanacaq bir model formalaşdıra bilər, sadəcə. Məqsəd bu nümunələr əsasında vəziyyətə və şərtlərə görə yeni-yeni örnəklərin də inkişaf etdirilməsi, yeni çalışma növlərinin də hazırlanmasıdır. Qısaca, yaradıcı təhsilə - pedaqogikaya konkret bir model təqdim etməyə çalışacağam. Bu baxımdan yalnız bəzi məktəblərdə tətbiq olunan “yaradıcı dram” dərslərində, ya da “teatr” çalışmalarında deyil, nəzərdə tutulan məktəbin şərtlərinə görə yazılı ifadə, kompozisiya, ictimaiyyət, insan haqları və s. dərslərdə də “təhsildə teatr” çalışmalarına yer verilə bilər. Düşünürəm ki, bu sahədə iş görməyə cəhd edənlərin təcrübələrini bir-birləri ilə paylaşmaları nəticəsində məhsuldar bir dialoqun yaranması təmin edilərsə, şagird mərkəzli bir tədris prosesinin gündəmdə olduğu bir dönəmdə belə bir düşüncə “alış-verişinə” hər şeydən çox ehtiyac duyular.

(ardı var)

Rasim Aşın, Dr. Doç.
Malatya Turqut Özal Universitetinin müəllimi
Türkiyə