“Teatr könüllüsü” layihəsi Naxçıvanda yeni mədəni addımdır
Bu günlərdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Teatr könüllüsü” layihəsinə start verilib. Layihənin rəhbəri teatrın direktor əvəzi və gənc baş rejissoru Mir Qabil Əkbərov və bu işdə ona yaxından kömək edən gənc aktyor İsmayıl Mirzəcanovdur. Hər ikisi gənc olmasına baxmayaraq bu layihəni Naxçıvan Teatrında həyata keçirməklə muxtar respublikada bir ilkə imza atıblar. Layihənin əsas məqsədi gənclərə Naxçıvan Teatrının tarixi və inkişaf fəaliyyətini öyrətmək, aktyor və rejissor sənəti ilə onları yaxından tanış etmək, rəssamlıq, səs və işıq rejissorluğu kimi müxtəlif bacarıqların təcrübəsini qazandırmaq, nitq mədəniyyəti və özünü ifadəni aşılamaq, mətbuat və sosial media platformalarının idarə edilməsində teatrın rəhbərliyinə yaxından dəstək olmaq və digər sahələr öz əksini tapır. Əslində bu addım çoxdan atılmalı idi. Çünki Naxçıvan Teatrı son illər öz repertuarı, hazırladığı tamaşaların keyfiyyəti və ictimai-mədəni həyatımızda öz fəaliyyəti ilə diqqəti çəkir. Teatrın son iki ildə ölkə səviyyəsində və qardaş Türkiyəyə qastrol səfərləri bunu bir daha sübut edir. Deməli, teatrın kollektivinin gənc nəslin tələblərinə və istəklərinə uyğun fəaliyyəti üçün onlarla əməkdaşlıq da zərurət kimi meydana çıxır. Düzdür, Naxçıvan Teatrının kollektivinin sıralarında yetərincə sayda gənclər var, amma digər sahələri təmsil edən, daha doğrusu müxtəlif ixtisaslarda təhsil alan könüllü gənclərin də yaradıcı işlə yaxından tanış olması və gənclər üçün çatışmayan məqamları müzakirə edərək gündəmə gətirməsi cəhdləri teatr işinin müasir tələblərə uyğun qurulmasına yardım edər. Digər tərəfdən isə sağlam gənclərin teatra bağlanması asudə vaxtın səmərəli keçirilməsi ilə yanaşı mədəni həyatımızda iştiraklarını təmin edir. Artıq 20-dək gənc Naxçıvan Teatrının “Teatr könüllüsü” layihəsində iştirak etmək üçün qeydiyyatdan keçib və hazırda fəaliyyətdədirlər. Onların hər birinə və teatrın kollektivinə bu işdə uğurlar arzu edirik.
Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqaməti hesab olunur. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib.
Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi.
Ölkə başçımız cənab İlham Əliyev də bu hərəkata xüsusi diqqətlə yanaşır. Çünki məhz bu hərəkat insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatı sayılır. Bu həm də bir vətənpərvərlik məktəbi, öz xalqına, millətinə, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Hətta 2020-ci il Ölkə başçımızın sərəncamı ilə “Könüllülər ili” elan edilmişdir. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır. Naxçıvan Muxtar Respublikasında isə “Ekologiya könüllüləri”, “ASAN Xidmət könlülüləri”, “Energetika könüllüləri”, “Teatr könüllüsü” və s. fəaliyyət göstərir.
Ölkə səviyyəsində isə könüllülər irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.
Rza XUDİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisti