Tbilisidə Azərbaycan xalçalarının sərgisi açılıb
Gürcüstanın paytaxtı Tbilisi şəhərində M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin Rəsm Qalereyasında Azərbaycan xalçalarının sərgisi açılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açılış mərasimində Azərbaycan və Qazaxıstanın Gürcüstandakı səfirliklərinin məsul əməkdaşları, Azərbaycan İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri və üzvləri, Türkiyədən gəlmiş qonaqlar, Tbilisinın Krtsanisi bələdiyyəsinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, Gürcüstan Mədəniyyət Nazirliyi “Azad layihələr” adlı müsabiqə elan edib və muzey də bu müsabiqədə “Azərbaycan mədəniyyətinin təbliği” layihəsi ilə iştirak edib. Bu gün sərgidə layihə çərçivəsində ərsəyə gəlmiş, eləcə də qədim Qarabağ və Borçalı xalçaçılıq nümunələri nümayiş etdirilir. O, sərginin təşkilinə göstərdiyi dəstəyə görə, Azərbaycan səfirliyinə minnətdarlıq edib.
Sonra Azərbaycan səfirliyinin əməkdaşı Ramiz Hacızadı Azərbaycanın xalçaçılıq sənətinin inkişaf tarixindən danışıb.
Qeyd edib ki, sərgidə qədim Azərbaycan xalçalarının, xüsusən də Qarabağ və Şuşa xalçaçılıq nümunələrinin nümayiş etdirilməsi mədəniyyətimizin təbliğində mühüm rol oynayır. Sonra muzeydəki xalçaçılıq kursunun tələbələri tərəfindən toxumuş xalçanın kəsim mərasimi olub.
R.Hacızadə, L.Əliyeva, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, Qazaxıstan səfirinin müşaviri Zazira Mirzakassimova və başqaları xalça toxunma dəzgahında yeni xalçanın kəsimini həyata keçiriblər.
Daha sonra “Melitasi” gürcü rəqs ansambılının nümayəndələri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Azərbaycan musiqi sədaları altında davam edən sərgidə diqqəti çəkən əsərlərdən biri də 130 yaşı olan Şuşa xalçası olub. Ziyarətçilər bu qədim sənət əsərini maraqla seyr ediblər. Qeyd edək ki, sərgi üç gün davam edəcək.