Tahir Mirkişili: "Azərbaycanda qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır"

Tahir Mirkişili: "Azərbaycanda qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır"

20 Noyabr 2023

Son 9 ay ərzində Azərbaycanda açılan yeni iş yerlərinin 93 %-dən çoxu özəl sektor tərəfindən yaradılıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu deputat Tahir Mirkişili bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023"də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, özəl bölmənin ümumi daxili məhsulda (ÜDM) payı 86,5 %, məşğulluqda payı isə 78 %-dən çoxdur: "2022-ci ilin dekabrın 9-da "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanun qəbul edilib. Azərbaycanda ÜDM-də özəl sektorun payı 1995-2021-ci illər ərzində 2,8 dəfə artıb".

T. Mirkişili hesab edir ki, iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir.

Deputat əlavə edib ki, yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır: "Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir".