“Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” - elmi konfrans

“Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” - elmi konfrans

17 İyul 2024

İyulun 17-də AMEA-da “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətində ilk dəfə olaraq süni intellekt və rəqəmsal inkişafa həsr edilmiş elmi konfrans keçirildiyini qeyd edib. Akademik bildirib ki, konfransın keçirilməsində məqsəd qloballaşan dünyanın çağırışlarından olan rəqəmsal transformasiyanın trendlərini və gələcək istiqamətlərini təhlil edərək ölkəmizdə süni intellekt texnologiyaları ilə əlaqədar aparılan tədqiqatları, onların nailiyyətlərinin öyrənilməsini, mümkün tətbiqləri sahəsində mövcud vəziyyəti müzakirə etmək və əldə olunmuş nəticələri tanıtmaqdan ibarətdir.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin müdiri Fariz İmranov “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri məruzəsində akademiya əməkdaşlarının “Vikipediya” virtual ensiklopediyasında fəaliyyəti, AMEA-nın elmi jurnallarına DOI rəqəmsal identifikatorunun təmin edilməsi (ANAS DOI), qurumun elmi müəssisə və təşkilatlarında daxili imkanlar hesabına Elektron xidmətlər şöbələrinin yaradılması, sənəd mübadiləsinin elektronlaşdırılması, Türk indeksi, Elektron arxeologiya və digər məsələlər barədə məlumat verib.

Tədbirdə, həmçinin TÜBİTAK-ın BİLGEM Süni İntellekt İnstitutunun direktoru professor Mehmet Haklıdırın “Yaradıcı süni intellektin gələcəyi: təhdidlər və imkanlar”, Rusiya Federal Elmi Aqromühəndislik Mərkəzinin nümayəndəsi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Zahid Qocayevin “Süni intellekt Rusiyanın aqrosənaye kompleksində”, Yaponiyanın Tohoku Universitetinin professoru Xəlil Kələntərin “İnsanabənzər robotlar: imkanlar və tətbiqlər” və İstanbul Texniki Universitetinin professoru Murat Sarının “Süni intellektlə real davranışın aşkarlanması” mövzusunda məruzələri dinlənilib.

Konfrans işini “Süni intellekt və rəqəmsal transformasiya: trendlər və gələcəyə baxış; rəqəmsal transformasiyada çətinliklər; robototexnika” və “Obrazların tanınması, maşın öyrənməsi, təbii dilin işlənməsi” mövzularında bölmə iclasları ilə davam etdirib.