“Şeypur"dan gələn mart fəryadları

“Şeypur"dan gələn mart fəryadları

02 Aprel 2024

XX əsrin əvvələrində Azərbaycanda dərc olunan satirik jurnallardan biri də “Şeypur” jurnalı idi. “Şeypur” jurnalının cəmi 14 sayı nəşr olunub və bütün saylarındakı ədəbi və bədii-publisistik nümunələr həm mövzu, həm də sənətkarlıq baxımından rəngarəng xarakterlidir. Onların 11-i 1918-ci ilə, 3-ü isə 1919-cu ilə aiddir. Jurnalın ilk sayı 5 oktyabr 1918-ci ildə, son sayı isə 18 yanvar 1919-cu ildə işıq üzü görmüşdür. Həftədə bir dəfə səkkiz səhifə  çıxan “Şeypur” jurnalı Bakıda Səməd Mənsurun elektrik “Turan” mətbəəsində nəşr olunurdu. Jurnalın redaktoru naxçıvanlı Məmmədəli Sidqi, naşiri isə şair-publisist Səməd Mənsur idi. “Şeypur” jurnalını ilk dəfə tədqiq və təqdim edən Hüseyn Həşimli olmuş, jurnalın bütün nömrələrini yığıb kitab halında nəşr etdirmişdir.

Tarixi mənbələrdən bizə məlumdur ki, erməni mənfurları  1918-ci ilin martında soydaşlarımıza qarşı qanlı qırğınlar törətmişlər. Jurnalın bir çox nömrəsində 1918-ci ilin martında ermənilərin soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlar dəqiq faktlarla, əhatəli təsvirlərlə öz ifadəsini tapmışdır. Bu hadisələr “Şeypur”un səhifələrində tutarlı faktlar və əhatəli təhlillər vasitəsi ilə gah ciddi, gah da satirik tərzdə öz ifadəsini tapmışdır.  Filologiya elmləri doktoru Hüseyn Həşimlinin də yazdığı kimi, “uzun illər “Şeypur” jurnalının tədqiqatdan kənarda qalmasının birinci səbəbi jurnalın səhifələrində erməni-müsəlman məsələsinə dair faktların milli mövqedən yer alması və buna oxşar materialların olması ilə bağlı idi”.  Məhz bu cəhətlərinə görə jurnal “əks-inqilabi” ruhlu mətbuat orqanı sayılaraq sovet dövründə tədqiqə cəlb olunmamışdır. “Şeypur” jurnalındakı çoxsaylı materiallarda 1918-1919-cu illərdə nankor ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar, ağlasığmaz vəhşiliklər əks olunur.  İstedadlı şair “Səməd Mənsurun 5 oktyabr 1918-ci il tarixli ilk sayında “Pampuşalı” imzasıyla verilmiş “Qaçmaq günüdür!” şeirində Azərbaycan və türk silahlı qüvvələrinin Bakını azad etmək üçün birgə hərbi əməliyyatları alqışlanmış, torpaqlarımızdan çəkilməyə məcbur qalan ingilis və erməni bölükləri ifşa olunmuşdur. Top nərəsi, qurşun səsi, at kişnəməsindən,

Köylər dağılar, evlər uçar qülqüləsindən;

Türk ordusu buysa ki, onun nərə səsinən

Aləm dağılır, vaz keç hökümət həvəsindən.

Qaçmaq günüdür, inglis! Osman gəliyor. Arş!   

Qaçmaqda Mıkırıtçı sənə, Hartun sənə yoldaş.

“Şeypur” jurnalının birinci nömrəsidə nəşr olunan “Altı ay” məqaləsində də erməni mənfurlarının soydaşlarımıza qarşı törətdikləi qırğınlardan bəs olunur. Azərbaycanın o dövrdəki mürəkkəb vəziyyəti, üzləşdiyi problemlər, xüsusən erməni basqınlarına və iddialarına məruz qalması “Şeypur”un səhifələrində bir çox materiallarda özünün dolğun bədii-publisistik ifadəsini tapıbdır. Filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov yazırdı ki, “jurnalın birinci nömrəsində çap olunan “Altı ay” başlıqlı proqram-manifest xarakterli məqalə də öz məzmunu etibarilə “Molla Nəsrəddin” jurnalının birinci nömrəsində nəşr olunan “Sizi deyib gəlmişəm” məqaləsi ilə, demək olar, eyni mahiyyət kəsb edir. Bu məqalədə siyasi hadisələrə, xüsusilə mart soyqırımına münasibət və işarə də özünə yer alıb. Ancaq jurnal hansı məsələləri ön planda tutacaq, hansı problemləri diqqət müstəvisində saxlayacaq, məhz həmin məsələləri nişan verir”. Məqalədə müəllif əsas diqqəti  xalqımıza qarşı törədilmiş 1918-ci ilin qanlı mart qırğınlarından ötən altı aya yönəldərək yazırdı: “Altı aydır ki, başına çox şeylər gəlibdir. Bir çox tarixi vərəqləri seyr etmisən. Bizdən sonra yazılacaq tarixi səhifələri özün oxumusan. Öz şəhərində, öz evində özgə yerdən gəlmişlərin əli altında əzilirdin. Küçədən keçəndə küçə dibi ilə yeriyib, öz ana dilində danışmağa ehtiyat edirdin. Bizim bir pis adətim var ki, hər şeyi gülməyə, zarafata salıb, öz başımıza əngəl açırıq.   Göründüyü kimi M.Sidqi mart hadisələrini xatırladaraq  bolşeviklərində iç üzünü açır.

“Şeypur”un üçüncü sayındakı “Teleqraf xəbərlər”ində milli qüvvələrin Bakını yadellilərdən azad etməsi xəbərinindən narahat olan  ermənilərin məkrli siması satirik tərzdə ifşa olunur. Dünyanın beş şəhərində dərc olunan qəzet xəbərlərindən ibarətdir.  Jurnalının 4-cü sayında Məmmədəli Sidqinin “Şeypur” imzası ilə “Tiflis duması”  adlı məqaləsi verilmişdir. Məqalədə “sosialist dərisi örtmüş daşnakların” 1918-ci ilin mart hadisələri haqqında uydurmalar yayması, müəyyən dairələrin onlara dəstək verməsi ürək ağrısı ilə dilə gətirilmişdir. M. Sidqi bolşeviklərin erməniləri dəstəklədiyini, azərbaycanlılara münasibətdə ayrı-seçkilik etdiyini, həmvətənlərimizin əks-inqilabçı adıyla qırdırdığını da diqqət mərkəzinə çəkərək istehza ilə yazmışdır: “Qafqaz islam əhalisi hammısı əks-inqilabçı olduqlarına görə qətilləri vacibdir.  Lakin kirvələr əsl həqiqi sosialist, yəni cibgir olduqlarından onlar lazımlı adamlardırlar...” . Jurnalın 7-ci sayında “Mərqub” imzasıyla verilmiş “Təqsirkar gücsüzdür” adlı məqaləsində 1918-ci ilin mart hadisələrindən daşnakların təkcə Bakıda 13 min Azərbaycanlını əsir götürməsi, onların ev-eşiyini talan etməsi barədə danışılır.  8-ci saydakı “Bu gün” məqaləsində Kənarçı Pampuşalı” nın (Səməd Mənsurun) “Ziyalılarımız” felyotonunda bolşevik-daşnak qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan danışılır.  Hətta Nuh peyğəmbərin, Adəm ilə Həvvanın erməni olduğunu iddia edən  ermənilərin cəfəng uydurmaları satirik tənqid hədəfinə çevrilmişdir. 11-ci saydakı “Şeypur” imzalı “Gürcü-erməni vuruşması” adlı məqalədə siyasi kəskinliyi və o dövrün hadisələrinin obyektiv təhlili ilə səciyyələnir. Müəllif sərhəd məsələlərini və digər mübahisəli mətləbləri müzakirə etmək üçün Tiflisdə keçirilməsi nəzərdə tutulan konfransda iştirakdan hər dəfə bir bəhanə ilə boyun qaçıran ermənilərin əsassız mövqeyini , gürcülərə qarşı da iddialar irəli sürməyini, vəhşi daşnakların Borçalıdakı soydaşlarımıza da divan tutduqlarını ifşa etmişdir. 14-cü sayında “Özciyəzim”  imzalı müəllifin “Azərbaycan və İran” adlı felyotonunda dövrün bir sıra mühüm hadisələri ilə yanaşı, qədim Azərbaycan torpaqları olan qondarma ermənistan ərazisində günahsız yerə qanı axıdılan,  şərəfi tapdanan  minlərlə soydaşımızın acı taleyinə, həmçinin ermənilərin riyakar oyunlarına sərt münasibət ifadə olunmuşdur. “Şeypur” jurnalının bir neçə nömrəsində mart hadisələrindən, ermənilərin xalqımıza qarşı törətdiyi qanlı qırğınlardan, evləri yandırıb talan etməsindən, ağlasığmaz vəhşilikləri real faktlarla bədii-publisistik tərzdə əks etdirilir. Jurnalın 1918-ci il 5 oktyabr sayında dərc olunan ilk məqaləsi olan “Altı ay” məqaləsində əsas diqqət ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınlardan bəhs olunur. Məqalədə  əsas diqqət xalqımıza qarşı törədilmiş 1918-ci ilin qanlı mart qırğınına yönəldilib. “Həmin sayda “Yaftım” imzalı “Zəbani-hal” adlı şeirdə isə bolşeviklərin,  Şaumyan kimi maskalı daşnakların Bakıdakı qanlı cinayətləri pislənir” düşmənlərin  mənfur siması satirik biçimdə üzə çıxarılmış. Ümumiyyətlə, naxçıvanlı istedadlı publisist Məmmədəli Sidqinin redaktorluğu ilə çıxmış “Şeypur” jurnalındakı çoxsaylı materiallar 1918-1919-cu illərdə ermənilərin xalqımıza qarşı törətdiyi qanlı qırğınları, ağlasığmaz vəhşilikləri real faktlara istinadən bədii-publisistik tərzdə əks etdirir.

Natavan İbrahimova

AMEA Naxçıvan Bölməsinin əməkdaşı