Səudiyyə Ərəbistanının nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

Səudiyyə Ərəbistanının nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

20 Noyabr 2023

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun prezidenti Mazin bin İbrahim Əl-Kahmusun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, səfərin ilk günü qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanışlıq nümayəndə heyətinin üzvlərində xoş təəssürat yaradıb, həmçinin Mərkəzdə yerləşən muzey və eksponatlar barədə onlara ətraflı məlumat verilib.

Daha sonra Azərbaycanın Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.

Görüş zamanı dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və İki Müqəddəs Ocağın Xadimi, kral Salman bin Əbdüləziz Al Səud, həmçinin Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun birgə səyləri və siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, dərin tarixə və mədəni köklərə söykənən ikitərəfli münasibətlərin gələcək dövrdə də uğurla inkişaf etdiriləcəyi vurğulanmışdır.

Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində aparılmış genişmiqyaslı islahatlar, “ASAN” xidmət və "DOST" mərkəzlərinin fəaliyyəti, həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin çağdaş dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Kamran Əliyev 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə göstərmiş olduqları dəstəyə görə Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyi və xalqına minnətdarlığını bildirib, bu ilin sentyabr ayında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suveren ərazi bütövlüyünün tam şəkildə bərpa edildiyini vurğulayıb. Baş prokuror ölkə rəhbərliyinin diqqət və qayğısı ilə işğaldan azad edilmiş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Mazin bin İbrahim Əl-Kahmus rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.

Nümayəndə heyəti üzvləri Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olmuşlar.

Daha sonra qurumlarımız arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Qonaqlar Baş Prokurorluğun müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş yeni inzibati binasında yaradılmış şərait və prokurorluğun fəaliyyət ilə yaxından tanış olaraq 44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi də ziyarət ediblər.

Heyət üzvləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində qurumun fəaliyyəti ilə tanış olublar. Onlara ölkəmizdə korrupsiyaya mübarizə sahəsində aparılan sistemli tədbirlər barədə ətraflı məlumat verilib.

Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun prezidenti Mazin bin İbrahim Əl-Kahmusun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.