Şərurda hərbi sursat aşkarlanıb - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında Şərur rayonunda təhlükəsizlik tədbirləri həyata keçirilib. Məlumata görə, Danyeri və Tənənəm kəndləri arasındakı açıq ərazidə hərbi sursat aşkarlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə yerinə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri və Şərur Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirlərindən sonra ərazidə aparılan araşdırma zamanı sursatın 1 ədəd 62 mm-lik minaatan minası olduğu müəyyən edilib.
Mina FHN-in pirotexnikləri tərəfindən təhlükəsiz şəkildə ərazidən kənarlaşdırılıb və zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülüb. Əlavə olaraq ətrafda aparılan yoxlamalarda başqa təhlükəli və ya şübhəli əşyalar aşkar edilməyib.
Təhlükəsizlik tədbirlərinin uğurla tamamlandığı bildirilib.