Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı keçirilib - FOTO

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı keçirilib - FOTO

03 İyun 2023

İyunun 3-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2023-2024-cü tədris ili üzrə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı keçirilib. İmtahanda iştirak etmək üçün aprelin 3-dən mayın 15-dək aparılmış sənəd qəbulunda ümumtəhsil məktəblərinin VI sinfini bitirən 218 oğlan şagirdi qeydiyyatdan keçib. Ümumilikdə imtahanda 214 şagird iştirak edib.
İmtahanda şagirdlərə Azərbaycan dili fənni üzrə 20, riyaziyyat və fizika fənlərinin hər biri üzrə 25, ingilis dili fənni üzrə 15, coğrafiya tarix, biologiya fənlərinin hər biri üzrə 5 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 180 dəqiqə vaxt ayrılıb. Test formatında keçirilən imtahanda muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul ediləcək. Şagirdlər liseydə VII sinifdə təhsil alacaqlar.
Naxçıvan muxtar respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a veriləb məlumata əsasən, ölkəmizin o cümlədən muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Elə bu məqsədlə 2015-ci ildə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Liseyi yaradılıb. Yaradılan əlverişli tədris şəraitinin nəticəsidir ki, qəbulu müsabiqə yolu ilə aparılan liseydə təhsil almaq üçün müraciət edən şagirdlərin sayı hər il artmaqdadır. Liseyi bitirən məzunlar buraxılış və qəbul imtahanlarında da yüksək nəticə əldə edirlər. Son 5 ildə liseyi bitirən məzunların demək olar ki, hamısı ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olub. Liseyi bitirən məzunlar əsasən ölkənin qabaqcıl təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, Azərbaycan Dövlət İqtisad univeristetlərində, Dövlət İdarəçilik və Milli Aviasiya akademiyalarında informasiya texnologiyaları sahələri üzrə təhsillərini davam etdirməyə üstünlük veriblər.