Səməd Mənsur yaradıcılığında satirik dialoqlar
Bütün ömrünü xalqına xidmət edən, onun maariflənməsi yolunda çalışan ədib, naşir, teatr xadimi, dövrün məşhur ziyalılarından biri Səməd Mənsur (1879-1927) ədəbiyyat və mədəniyyət tariximizdə xüsusi yer tutur. Səməd Mənsur ( Kazımov ) 31 yanvar 1879-cu ildə Bakının Əmircan qəsəbəsində anadan olmuş, ilk təhsilini rus-müsəlman məktəbində almış, sonralar mütaliə ilə biliyini artırmışdır. Şairin şeirləri 1905-ci ildən mətbuatda dərc olunmağa başlamışdır. O, 1918-ci ildən nəşr olunan “Şeypur” jurnalının baş redaktoru olmuşdur. “Molla Nəsrəddin”, “Bəsirət” və “Tuti” jurnalında şeirlər çap elətdirmiş, kiçik həcimli pyeslər nəşr elətdirmişdir. Klassik və müasir poeziyamızın yaradıcılıq axtarışlarına yaxından bələd olan Səməd Mənsurun poeziyasında “Molla Nəsrəddin” jurnalının yaradıcılıq ənənələri özünəməxsus yer tuturdu. Müxtəlif satirik-yumoristik üsullardan şairin satirik şeirlərindən söz açan azsaylı alimlər onu mollanəsrəddinçi qələm əhli kimi dəyərləndirmişlər. Akademik İsa Həbibbəyli “XX əsrin əvvəllərində satirik mətbuatda iştirak edən, “Şeypur” jurnalını çıxaran Səməd Mənsuru haqlı olaraq mollanəsrəddinçilər sırasında xatırlamışdır”.
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində də S. Mənsurun fəaliyyəti qənaətbəxş olmuş, əsl milli ziyalılıq nümunəsi göstərmişdir”. Satirik şeirlərində şair Sabir yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri qamçılamağa çalışmışdır”. Səməd Mənsurun satirik şeirlərində məişətdəki nöqsanlardan tutmuş beynəlxalq və milli məsələlərə qədər ən müxtəlif problemlər özünün müvafiq təcəssümünü tapmışdır. Şairin satira sənətkarlığı zəngin və mükəmməldir. Onun istifadə etdiyi rəngarəng bədii təsvir və ifadə vasitələri, orijinal duyum və deyim tərzi bu baxımdan təqdirəlayiqdir. Yeni və orijinal keyfiyyətləri ilə “Molla Nəsrəddin” məktəbinin son nümayəndələrindən biri olan Səməd Mənsurun əsərlərləri ictimai kədəri, satirik dil və üslub xüsusiyyətinə, qoyulmuş problemlərin həllinə görə müasir dövrdə də vacib və aktualdır. Araşdırmalarımızda Səməd Mənsurun bəzi satirik şeirlərində mövzunun təqdimində mühüm rol oynayan dialoqların ideya-estetik funksiyasını təhlilə cəlb etdik.
Şairin “İnşallah” şeiri bu baxımdan dolğun ədəbi nümunədir. Dialoqlar əsasında qurulmuş bu şeirdə hər ictimai təbəqənin siması, amalı onun öz dili ilə aşkarlanır. Əsər vətənin, xalqın xoşbəxt gələcəyinə nikbin ümidin ifadəsi ilə başlanır. Müəllif ayrı-ayrı zümrələrin nümayəndələrinin dilindən verilən bəndlər vasitəsi ilə onların daxili aləmini, ictimai mövqeyini məharətlə aça bilmişdir. Aşağı təbəqə hələ ki, çayxanalarda baş girləməklə, Quba meydanında köhnə paltar alıb satmaqla məşğuldur, tərəqqi arzusundan, bu yolda səy göstərmək əzmindən uzaqdır. Amma xoşbəxt olmağı da istəyir. Belələri düşünürlər ki, millət istəsə, qabağa gedər, onlar da bəxtəvər olarlar:
Çayçılarda hələlik zurnamızı çalmalıyız,
Köhnə paltar Quba meydanda satıb-almalıyız,
İrəli getsə də getsin hamı, biz qalmalıyız,
Qabağa istəsə millət gedər, inşallah!
Biz də bir gün olarız bəxtəvər, inşallah!
Səməd Mənsurun “İnşallah” mənzum əsərində mükalimə müxtəlif zümrələrin nümayəndələrinin monoloqları əsasında qurulduğu halda, “Müsahibə” şeiri onlardan ikisinin – milyonçu ilə əhli-qələmin dialoqundan ibarətdir. Əsərin birinci hissəsi “Milyonçunun xitabı”, ikinci isə “Əhli-qələmin cavabı”dır. Ədəbiyyatşünas alim H.Həşimli bu barədə yazmışdı: “Maraqlıdır ki, milyonçunun əhli-qələmə ünvanlanmış müraciətinin mətlə beyti romantik ədib Məhəmməd Hadinin bir həftə əvvəl (11 yanvar 1919-cu il) “Bəsirət” qəzetində çıxmış “Vaxtın səsi və həyatın sözü” adlı şeirinin ilk misralarına çox bənzəyir”. Bu da təsadüfi deyildi, çünki hər iki şair arasında yaxın dostluq yaranmışdı. Məhəmməd Hadi “Vaxtın səsi və həyatın sözü” əsərinin əvvəlində yazırdı:
Elmin, hünərin, mərifətin varsa, buyur, gəl,
Yoxsa, bu həyat aləminə olma bir əngəl!
Mənsurun “Mükalimə” şeiri isə belə başlayırdı:
Bomboş başa, milyonlara sahibsən əgər, gəl!
Yoxsa, bizim eyş aləminə olma bir əngəl!
Göründüyü kimi, ikinci misralar, demək olar ki, hər iki şeirdə eynidir. Yalnız S.Mənsur “bu həyat” əvəzinə “bizim eyş” ifadəsini işlətmişdir. Bununla belə, şeirlərdə tematika və problematikanın fərqli xarakter daşıdığını da deməliyik. M. Hadi öz əsərində yeni cəmiyyət quruculuğu prosesinə diqqət yönəltmiş, zəmanənin gedişatı, dövrün inkişaf tələbləri ilə ayaqlaşmaq üçün kamal sahiblərinə, elmli, bilikli insanlara böyük ehtiyac duyulduğunu vurğulamış, həmvətənlərini bu yöndə fəaliyyətə səsləmişdir. S. Mənsurun şeirindəki milyonçu üçün isə elm, irfan vacib deyil, əsas məsələ onun özü kimi sərvət sahibi olmaqdır.
Səməd Mənsurun “İki aşığın deyişməsi” şeirində dialoq ənənəvi aşıq deyişmələrini xatırladır. Siyasi mündəricəsi ilə seçilən bu dialoqda 1920-ci illərdəki sovet rejiminin qüsurlarına diqqət yetirilmişdir:
Qoca aşıq
O nədir ki, surətləri soldurur?
O nədir ki, cibişdanı doldurur?
O nədir ki, toyuqları güldürür?
Buna cavab verən aşıq var olsun!
Cavab
O ÇEKA-dır surətləri soldurur,
O rüşvətdir, cibişdanı doldurur,
Təriflərdir, toyuqları güldürür,
Söz soran aşığa Allah yar olsun!
Bu dialoqda o dövrün bolşeviklərindən Levon Mirzoyan, Mirbəşir Qasımov, Qəzənfər Musabəyov da satirik şəkildə səciyyələndirilmişdir. Akademik Nizami Cəfərov Səməd Mənsur haqqında yazırdı ki, “37-ci ilə qalsaydı, ən azı elə bu şeirə görə (axtarış zamanı evindən çıxa bilərdi) ÇK şairi «soldurardı»”. Yəni ki, repressiyanın ilk qurbanlarından biridə Səməd Mənsur olacaqdır.
S.Mənsurun sovet dövründə qələmə aldığı “Bacıoğlunun dayıya ərizəsi” şeiri də dialoq şəklindədir. Burada dayı ilə bacıoğlunun mükaliməsi verilsə də, aydın olur ki, dayı – yeni sovet imperiyasının, bacıoğlu isə sərvətləri talanan, hüquqları pozulan Azərbaycanın obrazıdır. Aşağıdakı parça da bunu təsdiqləyir. Bacıoğlu deyir:
Ay dayı, gəl bölüşək, hər nə ki, var, vəlvələsiz,
Mən cəsarətsiz uşaq, sən kələmərd, hövsələsiz.
Yer mənim, lehmə mənim, vışka mənim, neft sənin,
Beləliklə, düzələr, müşkül işi hər kəsənin.
Mənim olsun suları, çayları bu dəryanın,
Balığı, ikrası olsun, a dayı, qurbanın...
Dialoqun davamında öyrənirik ki, bacıoğlu bu qədər sərvətdən onun üçün də müəyyən pay ayırılmasını xahiş edir, lakin dayı – imperialist ağa bunu rədd edir:
“Mən”, “mənim” bir də desən, bax, kəsərəm lap dilini,
Bir də dinsən verərəm qoltuğuna zənbilini...
Adə, russan? Malorus, ermənisən, sarsaq adam?
Səni millət sanaraq qeydinə bir zərrə qalam?
Göründüyü kimi, üstüörtülü şəkildə başlayan bu satirik şeirdə tənqid hədəfi getdikcə daha açıq və sərt şəkildə diqqətə çatdırılır, Moskva sovet rəhbərlərinin Azərbaycana müstəmləkə mövqeyindən yanaşması, onun sərvətlərini talaması, hətta başqa respublikalara da pay verməsi, onun özünü isə heçə sayması ifşa olunur.
Burdan belə nəticəyə gəlirik ki, iyirminci yüzilliyin ilk onilliklərində Azərbaycan ədəbiyyatının inkişafında görkəmli ədib Səməd Mənsurun şeirlərində işlətdiyi dialoqların mövzu dairəsi geniş olmuş, çoxsaylı əsərlərdə cəmiyyət həyatının sosial, siyasi, iqtisadi, mədəni sahələrdəki problemlərinə təndiqi münasibət ifadə edilmişdir. S. Mənsurun satiralarında işlətdiyi dialoqlar həm mövzu-ideya, həm də sənətkarlıq baxımından dolğun və mükəmməldir. Ümumiyyətlə, Səməd Mənsurun çoxşaxəli, zəngin poetik yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutmaqla söz sənətimizin sonrakı inkişaf mərhələlərinə də təsir göstərmiş, əhəmiyyətini itirməmişdir.
Natavan İbrahimova
AMEA Naxçıvan Bölməsinin əməkdaşı