“Şəhidlərin ruhu ilə ucalan Vətən” adlı tədbir keçirilib - FOTO
Naxçıvan Müəllimlər İnstitutunda 27 Sentyabr – Anım Günü münasibətilə “Şəhidlərin ruhu ilə ucalan Vətən” adlı tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə ilk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İnstitutun rektoru Azad Novruzov çıxış edərək, 2020-ci il dekabrın 2-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasında “Anım Günü”nün təsis edilməsi haqqında Sərəncamını diqqətə çatdırıb, 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın göstərdikləri şücaətlərdən danışıb.
Rektor bir daha diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazılıb. Bu tarix Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o münbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini ortaya qoydu.
Tədbirdə II Qarabağ müharibəsi qazisi Rüfət Məmmədzadə çıxış edərək döyüş xatirələrindən bəhs edib, Vətən uğrunda şəhid olmaq arzusunda olduqlarını dilə gətirib. Sonra İnstitutun Hümanitar və ictimai fənlər kafedrasının müəllimi, tələbələrlə iş üzrə mütəxəssis Altay Cəfərlinin və Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Tərlan Məmmədqızının çıxışı dinlənilib.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib. Tələbələrin ifasında Vətən müharibəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbirin sonunda institutun professor-müəllim və tələbə kollektivinin iştirakı ilə Şəhidlər Xiyabanına anım yürüyüşü keçirilib.